Nigeriyada vəba epidemiyası səbəbilə Sokoto əyalətində 25 nəfər ölüb, 15 nəfər müalicə olunur.
Qaynarinfo xəbər verir ki, Sokoto əyalətinin səhiyyə komissarı Asabe Balarabe jurnalistlərə verdiyi açıqlamada ştatın 3 bölgəsində 1160 vəba hadisəsinin görüldüyünü bildirib.
Balarabe bu bölgələrdə vəba epidemiyası səbəbindən 25 nəfərin öldüyünü, 15 nəfərin müalicə olunduğunu bildirib.
Bölgələrə əlavə tibb işçilərinin göndərildiyini deyən Balarabe xəstəliyin yayılmasının qarşısını almaq və epidemiyaya nəzarət etmək üçün şəxsi heyətin hökumətlə əməkdaşlıq etdiyini qeyd edib.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) məlumatına görə, yanvar-oktyabr ayları arasında ölkədə 370-dən çox insan vəbadan ölüb.
Nigeriyada iyunun 26-da vəba epidemiyası ilə əlaqədar "milli fövqəladə vəziyyət" elan edilib.
Qeyd edək ki, Vibrio bakteriyasının səbəb olduğu, qida və su ilə keçən vəba xəstəliyi ishala və bununla da orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa, ölümcül ola bilər.
Aydın
Şərhlər