II Qarabağ Müharibəsində qazanılmış şanlı qələbənin üçüncü ildönümü münasibəti ilə Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi "Zəfərin uşaqları” adlı bayram tədbiri təşkil edib. Tədbir çərçivəsində şəhid ailələri ilə birlikdə Qubaya səfər edilib və Quba Arena Hoteldə Zəfər Günü qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib və Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasimi açıq elan edən Birliyin sədri Sevinc Fədai Zəfərin üçüncü ildönümünün həm də ərazi bütövlüyümüzün tam bərpası ilə əlamətdar olduğunu və artıq qələbəmizi daha böyük qürur və sevinc hissi ilə qeyd etdiyimizi vurğulayıb.
Tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, yazıçı Tural Cəfərov, "TourAgentTravel”in direktoru Şəbnəm Əlizadə və şəhid xanımı Gülşən İmanzadə çıxış edərək 44 günlük Vətən müharibəsini, qazanılan zəfəri xalqımızın yenidən doğuluşu kimi dəyərləndirib, bu qələbə üçün şəhid və qazilərimizə, əsgərlərimizə bir ömür minnətdar olduqlarını bildiriblər.
Daha sonra şəhid qəhrəmanlarımızın adlarını əbədiləşdirmək üçün hazırlanan xatirə hədiyyələri ailələrinə təqdim edilib. Tədbir nahar fasiləsi şəhid övladları üçün təşkil edilən əyləncə proqamı və viktorinalarla davam edib. Sonda Birliyin komandası və şəhid ailələri ilə birlikdə yallı gedilib, birlik nümayiş etdirilib.
Qeyd edək ki, Birlik "Zəfərin uşaqları” tədbirini "Unibank”ın sponsorluğu, "TourAgentTravel”in və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirib.
Şərhlər