Xəbər lenti

Yasda iştirak etməyən mərhum, yeyib-içən qohumlar - Yas eyş-işrəti
Pərviz CƏBRAYIL
Ölkə 15:44 30.11.2022

Yasda iştirak etməyən mərhum, yeyib-içən qohumlar - Yas eyş-işrəti

Bu yazını yazmağıma səbəb nə oldu, bilmirəm...

Bir ay əvvəl bir yasdan sonra qəşəngcə xəstələnib yerə dəyməyim, ya ağlım kəsəndən bəri müşahidə edib gəldiyim qənaət? 

Tərslikdən doğmaların, dost-tanışların çoxu da qışın oğlan çağında ölür. Ölürük də əziyyət vermək üçün. 

Şəhər yerlərində yas çadırları daha moderndi - ətəkləri daş-divar kimi bağlanır, içində istilik təmin edilir. Kənd yerlərində adamların atışıb yığdığı kiçik məbləğə alınmış sallaq-bullaq çadır mini yubka kimi ayaqları açıq qoyur, ortaya qoyulan odun, ya qaz sobası gah içərini cəhənnəmə çevirib hamını tərlədir, gah da sönüb təri buza çevirir. Adətən yüksək təpələrdə salınan məzarlıqlarda həmişə soyuq-sazaq var. Oxunan surələrin də yay-qışlıq formatları mövcud deyil. Bütün yaxşı-pis adamların əmvatı tək-tək yad edilməyincə yerindən tərpəndi yoxdu. Nə bilim, molla ölünün adını çəkəndə cəsədi üç dəfə silkələ (sanki durub cavab verəcək: "Mən!” Və sair və ilaxır. Ancaq o qəbir üstündə bir adam öləni yada salmaz, bir kəlmə haqqında nitq irad eləməz. 
Bizim yas məclislərində iştirak etməyən, etməsi heç nəzərdə də tutulmayan bircə şəxs var: Mərhum! Ondan başqa kimdən, nədən desən danışırıq. Deyirik, gülürük, yeyirik, içirik. Bir yas məclisi gələn neçə-neçə yas məclisinə körpü rolu oynayır. Biz yaslarımızda kimsəni yola salmırıq, özümüzü yola salmaq üçün çalışırıq sadəcə. 

Əlbəttə ki, kənddə morq yoxdu. Kənd özü böyük bir morqdu, bu, ayrı və acı bir gerçəklik. Bu morqun ərazisində balaca adamların bapbalaca damları var. Bir meyiti uzadanda yarısı tutulan otaqları olan evlər... Meyit yerdə uzadılır, yaxınları, ailəsi, bacı-qardaşı, qocası, cavanı, xəstəsi, yarıcanı... o daracıq yerdə dövrə vurub oturur, pəncərələr taybatay açılır və səhərə qədər mərhumun üstünə yorğan atılmış nəşini göz bəbəyi kimi qoruyurlar. O otaqda cəmi bir nəfərin üşümək, soyuqlamaq, xəstələnmək kimi qorxusu yoxdu – o da yorğan altında uyuyan mərhum... O gecələrdən birində soyuq otaqda mərhumun keşiyini çəkmiş, özü canıyla əlləşən bir nənədən soruşuram: 

- Axı niyə sabahacan oturmuşdun o bumbuz eyvanda? 
 
- Cin gəlib ölümüzü dəyişdirə bilərdi... 

XXI əsr. Cavaba baxın. Əsəbiləşirəm. Uşaq deyiləm, pəncərələrin açıq saxlanılmasını başa düşürəm. Cəsədin xarab olma ehtimalı. Bakteriyanın nə olduğunu bilmədən adını ibtidaidən cin qoyublar, anladıq. Açın qapını, pəncərəni. Daha özünüz niyə o soyuqda oturub gələcək yaslarınızın sayını bu qədər israrla artırmaq istəyirsiniz? Qoyun boş bir otağa. Özünüz istidə oturub ağlayın, neynirsiz, eləyin. Hə, cin o gecə ölünü dəyişdirə bilmir, ancaq sizi bir hala salır ki, yeni yasa gedə bilməyiniz üçün bir kisə dərmana, iynəyə-sistemə gərək olur. Hələ onu demirəm ki, bəs o məscidlər nə üçündü? Ancaq nəzir yığmaq üçünmü? Niyə xaçpərəstlər cənazəni kilsədə saxlayır, mərasimi kilsədə keçirir, siz yox? Olmazmı bütün yas prosesi – yəni bircə gün elə məsciddə keçirilsin? (Bu fikirlərimi dinə inananlar üçün deyirəm). Mütləqmi ölü yiyəsi 40 gün əldən-ayaqdan gedib dünyaya nifrət eləsin və yarıcan olsun? Adamın canından can qopub, bir də siz minin boynuna. Hə, əsəbiləşirəm və gecə mərhumu cinlərin dəyişdirmə əməliyyatından qorumuş ixtiyara deyirəm: 
- Ay başına dönüm, axı cin dəyişdirsə, onsuz da sabah yuyatda bilinəcək də... 

Yazıq cin, yazıq şeytan, yazıq iblis, sizin bizdən çəkdiyiniz nədir! Nə qədər öz günahlarımızı, öz cahilliyimizi onun-bunun boynuna yükləyəcəyik? Yükləmək üçün Xeyir, Şər axtaracağıq? Yeddi gün dayanmadan məclis olarmı? Yas bir gün olar, qardaş. Dəfn günü, vəssalam. Gəldin, dəfn etdin, başsağlığı verdin, bitdi. Ölənlərin behiştlik. Başınız sağ olsun! Dostlar sağ olsun! Yetişə bilməyənlər sonra da gələ bilər, ayaqüstü başsağlığı dilər, gedər. 

Yəqin, adi menyülər bir yana, bəzi yas məclislərində pullu oğulların atasının ehsanı üçün hətta kabab-filan da verdiyini eşitmisiniz. Bakıdan atamın yasına gəlmiş, hamınızın tanıdığı din xadimindən bir sözlə olsun belə mərhumun yada salınmadığı bu yeddigünlük qonaqlıqlarla bağlı fikrini soruşdum. Caiz əməl sayılmadığını, hətta günah dərəcəsində olduğunu dedi. 

Bəs niyə mollalar bunu xalqa başa salmır? Niyə cinin heç kimi dəyşdirmədiyini demir? Yoxsa təzə ölülərə ehtiyac var? 

Hələ cüməaxşamı qonaqlıqları... Yasda bütün canını soyuq almış, sümük ağrıları şiddətlənmiş doğmamı gətirib bir az ayağa qaldırdım iynə-dərmanla, cana gəldiyini hiss edən kimi buraxdığı bir cüməaxşamına görə özünü danlaya-danlaya qaçdı o birilərində görünmək üçün... 

Məhz görünmək! Azərbaycanda onsuz da hər şey görüntü üçün deyilmi? Məsələ hüzndə, matəmdədirsə, onsuz da o ağrı sənin içindədi. Ancaq: "el-hampa nə deyər?” Budur bizim həyatımızın məna şəkli və yaşayışımıza yön verən mayak:  El-hampanın sözü!.. 

Ah bu cüməaxşamları... 

Uşaqlıqdan xatirimdədi – nənəm hər cümə axşamı qazan asardı. Həmin gün ölülərin ruhları gəlirmiş, pəncərədən boylanırmış. Görməsinlər ki, evdə qazan asılmayıb, onu unudublar... Zalım oğlu, zalım qızı, siz gedəndən sonra nə dəyişdi ki? Deyir, qız getdi ər evinə, elə bildi dədəsi evində hər gün xurma-plov yeyilir. Həmin evdi də. Cındırından cin hürkən. Yenə eyni səfalət, eyni məhrumiyyətlər, həmin kasıblıq. Hələ yasda yığılan borclar... Və 7 gün mağar qonaqlığından sonra (axı nə üçün qonşular, kəndin adamları gəlib naharını ölənin evində yeməlidi, bu, hansı məntiqdi? Uzaqdan gələnləri anladıq...) başlayır bu cüməaxşamları. Adətən 4, bəzən 5 olur. ("Cüməaxşamı” sözünü özüm bitişik yazıram ki, bu, artıq mürəkkəb sözdü, həftənin günü olmaqdan çıxıb, dini mənayla yüklənmiş bir ritualın adıdır). 

İndi başına nə daş töksün ölü yiyəsi? Bəli, yaxşı bazarlıq etməli, qonaqları gözləməlidi. Molla da başda. Yenə dualar oxunacaq. Yenə mərhumu yada salan olmayacaq. Yeyib-içib gedəcəklər. Hamısı da nə üçün? "El-hampa nə deyər...” Deyərlər ki, yazıq filankəs, evdə heç qədri yoxmuş... 

(Başağrısı olsa da, cüməaxşamlarının dini tərifini də sitat olaraq xatırladaq, bəlkə gərək olar: 

"Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə əsasən, "cümə axşamı", dua üçün ən münasib vaxt hesab olunur. Cümə axşamı öz dəyərinə görə ən xeyirli gecə olan «qədr» gecəsinə bənzədilib. 

Din böyükləri deyirlər: "Çalışın, cümə axşamını namaz, dua, zikr, tövbə ilə sübh edin. Allah-Taala cümə gecəsi iman əhlinin kəramətini artırmaq üçün mələklərini birinci səmaya endirər”. 

İmam Sadiq (ə)-dan nəql olunmuş bir rəvayətdə buyurulur ki... "Bəzən Allah xeyir olaraq, möminin duasını təxirə salıb, cümə vaxtı qəbul edər. Elə həmin mənbədə başqa bir hədisdə buyurulur: "Oğlanları Həzrəti Yəqubdan günahlarının bağışlanması üçün dua istədikləri vaxt, o bu duanı cümə axşamınadək təxirə saldı”. 

İmam Baqir (ə) isə buyurur: "Allah-Taala hər cümə axşamı bir mələyə göstəriş verir ki...” 

...Getdiyim son hüzrdən dönəndə məlum oldu ki, gedənlərin hamısı qayıdandan sonra bərk xəstələnib. Bir aya yaxındı ki, içi mən qarışıq çoxu can verir. 
Bir neçə il qabaq "el-hampa”ya görə məcbur qalaraq getdiyi bir yasdan sonra ailəmizdən olan xanım tibb işçisinin qəddar iş qrafiki olan özəl klinikadakı mövqeyi laxladı, narazılıq yarandı (çünki yaxın qohum olduğuna görə "Üç”ə kimi yas yerində qalmalıydı) sonra işini itirdi, tələbə qızı allah umuduna qaldı. Kimsədən imdad olmadı. 

Xüsusi qoşunlarımızdan birində vacib praktik vəzifə daşıyan biri isə bu cüməaxşamlarına görə nə tənələr yedi... Hər dəfə 500 kilometr yolu gəldi, getdi, kasıb büdcəsinin dibinə daş atıldı, zatən xəstə üçün xərclənənlər cibdə bir şey qoymamışdı. 

Ölkədən kənarda min zillətlə beş-on manat qazanıb ailəsinə göndərən, əlində ovcunda heç nə qalmayan bir oğul borca girib təcili gəlməyə, oradakı işini də itirib yenə ölkədə itini sürüməyə məcbur oldu... 

Axı niyə müsəlmanın bu dünyaya gəlişindən tutmuş gedişinə qədər hər şey rüşvətlə olmalıdı? Gələndə həkimlərə yalvar-yaxar, rüşvət ver, dünyaya gəl, ömür boyu rüşvət ver yaşa, gedəndə də özünü allaha tapşırtdırmaq üçün pul tök... Hələ qəbir yeri, başdaşı, quran xətm etdirmək, yasin və yasin... 
Dünyaya gəlişimizdən valideynlərimizə olmazın əziyyət veririk, gedəndə də özladlarımıza, doğmalarımıza və elə həmin o sado-mazoxist "el-hampa”nın özünə. Ömrü boyu kimsəyə əziyyət verməyi sevməyən adamlar var, niyə axı öləndə öz prinsiplərinin əksinə olaraq adlarına "əziyyət verdi” yazılmalıdır? Qoy bizi yas mağarında yox, insanlar öz evlərində, yolda öz ürəklərində xatırlasınlar, yad etsinlər... Haqqımız çatırsa. Çatmırsa, lap bir il gəlib həyətimdə yeyib-içsinlər, ondan mənə nə xeyir, dinə-imana nə xeyir? 

Dostlarımız dünyadan gedir, yasına gedirik və bitdi! Bir daha onun ailəsini aramırıq, kömək etmirik. Heç o gücümüz də yoxdu, olsa da, etmirik. El-hampanın dilindən qurtulduqmu, borc bitdi, yas, hüzn bitdi. Bax, budur o həyatımızı yalnız onun nə deyəcəyinə görə qurduğumuz el-hampa, dost-tanış, qonum-qonşu... Dəyərmi onlara görə? Dəyərmi 40 gün çəkiləcək işgəncəyə? Ölü yiyəsi bilmir ölüsünü düşünsün, ya hər gün bazardan alınacaq ərzaqın, badımcanın, xiyarın siyahısını tutsun, alsın, gətirsin, menyü üstündə evdə çaxnaşma, dava-qalmaqal düşsün? 

Səməd Mənsur demiş: "Həpsi rəngidür...” 

Vallah dəyməz, toba dəyməz, 124 min peyğəmbərin gül cəmalına and olsun, dəyməz! Bu dünyada özünü tapşırtdırmayan adam dünyadan gedəndən sonra ki, evdə ixtiyar onun qalanlarının əlinə keçir, "tapşırıqlar” başlayır. Elə bil müəllimə imtahan üçün tələbəni tapşırırlar. Təsəvvür elə, allaha tapşırırsan ki, sən imam, Pərvizi imtahandan keçir. Sanki adi adamları allah görmür, eşitmir, mütləq kimisə tapmalısan ki, yad dildə allahla ünsiyyətə keçib səni tapşıra... 

Rudimentləri yaşatmağa məcburuqmu? 

Nə qədər dindar, nə qədər molla, nə qədər ziyalı, hətta nə qədər ateist tanıyıram ki, mənimlə eyni fikirdədi. Ancaq kimsə irəli düşüb bu rudimentləri öz təcrübəsində kəsib atmaz. Çünki saxtadı hamısı, riyakardı. Hampa qınağından it balası kimi qorxurlar. Ona görə də mən indidən vəsiyyətimi etmişəm, siz də bilin və agah olun: mənim kimsənin tapşırığına ehtiyacım yoxdu. Heç işdimi: özünü bir cındır JEK müdirinə də tapşırtdır, hər şeyi görən, bilən adil allaha da? Cansız bədənimi qəşəngcə yandırtdırın, - demişəm, - külümü qəşəng, estetik, müsbət emosiyalar bağışlayan, məsələn, yaz səması təsvirli bir şüşə qaba yığın (beş-altı manata tapmaq olar), qabın üstünə adımı yazdırın (iki manatlıq işdi), istəsəniz, bir gülən şəklimi vurun üstünə (varsa), sonra mənə yaxın olmuş beş-altı dostumu (o qədər varsa) çağırın, yeyin, için, məndən danışıb gülün, sonra da... 

Day Rüfət Zəbioğlu deyib də sonrasını... 

Kəsəsi, özünüzə və başqalarına işgəncə verməkdən yorulun, ay mənim müsəlman bacı-qardaşlarım...
 
Pərviz Cəbrayıl

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->