Xəbər lenti

DİN-ə, TN-ə, Allaha...
Pərviz CƏBRAYIL
Foto 13:51 05.10.2021

DİN-ə, TN-ə, Allaha...

Pərviz Cəbrayıl

"Uşaqlığın son gecəsi” filmindəki Davudun sözü olmasın, vallah, qədeş, məsələ o tələbə bacoğlunun kasıb büdcəsindən oğurlanan 100 manatda deyil, belə bir cinayətkar şəbəkənin illər uzunu arın-arxayın öz işində olması, bundan da bir hüquq-mühafizə orqanının xəbər tutmamasındadı.  
Qısa yazmağa, sadəcə, faktı çatdırmağa çalışacağam.

"22 sentyabr tarixindən etibarən 1-ci və 4-cü siniflər, 29 sentyabr tarixindən 5-ci və 11-ci siniflərin tədrisi başlayır. 29 sentyabrdan həmçinin ali məktəblər, peşə məktəbləri, kolleclər açılacaq", - Bu, təhsil naziri Emin Əmrullayevin 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə verdiyi şad xəbərdən sitatdı. Rayonlarda yaşayan kasıb tələbələrin qara günlərinin başlamasıyla bağlı şad xəbər!

Bundan bir həftə əvvəl isə tədrisin 29 sentyabrda başlayacağını bulaq başında yığışan arvadlar demişdi, ancaq Operativ Qərargah bildirdi ki, tələsməyin, hələ heç nə deyə bilmərik, səbirli olun, qərar vaxtında açıqlanacaq. Hətta deyəsən peyğəmbərlə bağlı bir hədisdən də sitat gətirdilər: "Heç nə vaxtından bir saniyə tez, bir saniyə gec baş verə bilməz”.

Bir qardaş isə hökumətin ləng qərarlarına öz şərhiylə möhür vurmuşdu: "Barı təhsil açılandan bir gün qabaq məlumat verin ki, çimə bilək”.

Əlbəttə, çimmək burda metafordu. Tələbənin klassik tədrisə başlaması üçün bir dünya qayğısı var ki, birincisi də gəlib Bakıda kirayə ev tapmaqdı. 
Bildiyiniz kimi, ölkəmizdə 51 ali təhsil müəssisəsi var ki, onlarda da təxminən 180 min tələbə təhsil alır. O tələbələrdən üçü də mənim bacımın ailəsindədir.

Təhsil naziri ənənəvi tədrisin başladığını xəbər verən kimi, onlar da kirayə ev axtarışına başladılar. Təsəvvür edək ki, o 180 minin azı 95 faizi rayonlarda yaşayır və təxminən bir o qədər kirayə evə ehtiyac yaranır. Kirayə verənlər dərhal öz alverçi mahiyyətlərini üzə çıxardılar, fürsəti fövtə vermək olmazdı, qiymətləri kəllə-çarxa qaldırdılar. Toyuq hinləri saray qiymətinə! Bunu da qoyaq bir kənara. Fürsətcilliyimizi allah kəssin. 

Gənclər başladı ev elanlarını axtarmağa. Təsəvvür edin, uşaqlar ayın 29-na kimi oturub telefonda, hər saniyə ev elanlarını yeniləyir, yeni elan çıxanda baxırsan ki, artıq azı 100 baxış var, yenə də "ya umud” deyib zəng edirlər, məlum olur, ev artıq gedib, kimisi "10 dəqiqə sonra zəng elə” deyir, ancaq sonra bir daha həmin nömrəyə zəng edə bilmirsən. Zəng edə bildiklərinin də bir hissəsi dələduz çıxır, bir hissəsi süründürüb aldadır və s. Xərclənən konturları, əsəbləri təsəvvürünüzə gətirin! Və hər saniyə səhifə yeniləmələri davam edir. Elə bil dünyanın ən böyük hərrac bazarıdı.

Bir yandan da bulaq başının arvadları deyir ki, təhsil açılandan bir ay sonra yenidən bağlanacaq. Təbii ki, Azərbaycan insanı da Operativ Qərargahdan çox o arvadlara inanır. Niyə də inanmasın? OQ-nin dediklərinin heç 10 faizi düz çıxmayıb, onlar isə azı 90 faiz düz "şayiə” yayıblar. İlk dəfə karantin başlayanda nə qədər tələbə kirayə evi əlində saxlamaqla rayonlara öz evlərinə qayıtdı, aylar keçdi, təhsil bərpa olunmadı, bu bədbəxt əhali qalmadıqları evlərə görə üst-üstə yığışan ayların kirayə haqqını ödədilər və bir yolluq hökumətə inamı itirdilər. Beləcə, bir yandan da bu dəfə yenə qaldılar odla su, yəni arvadlarla hökumət arasında. 



Əlqərəz, iki gün qalmış bir elanla rastlaşdıq. Qoyulan şəkillərdən evin "Neftçilər” çivarında (piyada 10 dəqiqəlik yol) yerləşdiyi, şəraitinin normal, qiymətinin də babat olduğu məlum oldu. Üstəlik, əmlakçı özü yerləşdirmişdi elanı. Maklerlərə 30 faiz ödəmək gərək olmayacaqdı. Zəng etdik. Bütün fırıldaqçılar kimi çox mədəni adam təsiri bağışlayırdı. Ancaq rayonda olduğunu, yalnız sabah qayıdıb evi göstərə biləcəyini dedi. Bu da onlarla başqası kimi bizə umud verib, evi isə başqasına verməsin deyə ona beh təklif etdik. Adam dərhal razılaşdı. "Şəxsiyyət vəsiqənizin surətini” atın dedi. Atdıq. Etibar üçün o da öz şəxsiyyət vəsiqəsini və bir bank kartını atdı. (şəkillərini yazıya yerləşdiririk). 100 manat istədi beh üçün. Beh üçün çox böyük məbləğ olsa da, razı olmaqdan başqa çarə yox idi. Həmin pulu kartımızdan ona göndərdik. Sabah 6-da şəhərdə olacağını dedi və razılaşdıq. Sabah səhər əlaqə saxlayacaqdıq. Telefonda danışandan sonra Votsapda yazışdıq. Səs atdı, səsindəki mədənilik şübhələrimizə bir az su səpdi. Hə, bir də atdığı bank kartıyla şəxsiyyət vəsiqəsindəki adlar başqaydı. Hər an etibarına şübhə saldığımıza görə acıqlanıb, küsüb, inciyib evi bizə verməkdən imtina edəcəyindən dəhşətli şəkildə qorxa-qorxa dedik ki, bəs kartların ayrı-ayrı adlara olması problem yaratmaz ki? Sualdakı incə taktikaya və qorxunun dərəcəsinə baxın! (İnsanları belə vəziyyətə saldığına görə, ay hökumət, səni görüm yaman şiş çıxarasan!) Ağlınla dərk etsən də, deyə bilmirsən ki, qardaş, burdan dələduzluq iyi gəlir, əvəzində "problem olmaz ki”, - deyirsən, hələ sanki əmlakçının halına da yanırsan...

Və uşaq həmin gün gecəylə dərhal rayona qayıdır, gedib əşyalarını yığır, onları Bakıya gətirmək üçün maşın danışır və sabah tezdən də Bakıya gəlir ki, hazırlıq görsün. Yəni özünə bir əyin-baş da alsın. Amma və lakin...

Mədəni əmlakçımız sabah səhərdən Votsapa baxmır, sonra ümumiyyətlə, söndürür, telefonu bağlayır, yəqin ki, nömrəni qırıb atır. Və biz başlayırıq o şəxsiyyət vəsiqəsi üzrə bütün internet resuslarında axtarışa. Nəhayət vəsiqənin əsil sahibini tapırıq. Bir klinikanın baş həkimi çıxır. İnstaqram hesabında ailəsiylə fotoları, əlaqə nömrəsi, işindən fotoları. Adamla danışırıq. Bir daha kim olduğunu bizə deyir və bu dələduzun onu birmi, ikimi il qabaq eynən bizim kimi aldatdığını danışır, hirsindən cilov gəmirir. "Onu tutsam a...” Bəs adam polisə şikayət edibmi? Yox! Niyə? Çünki deyiblər ki, polis 100 manatlıq işlərə baxmır, üstəlik, o qədər get-gəl olur ki, üstündə 200 də verib canını qurtarmaq istəyirsən. Ancaq işə baxın: başqa birinin şəxsiyyət vəsiqəsi ilə adamlar nə işlər çevirir! Sabah bu vəsiqəylə daha böyük cinayətlər etməzlərmi? Şəhid anasını övladıyla bağlı ümidləndirib ondan neçə minsə dollar pul alan insanımızdan nələr gözləmək olar!



Bu gün ayın 5-dir. Uşaqlar hələ də ev tapmayıb və hərəsi bir qohumun dar-daracıq evinə sığınıb. O adamın elanına isə artıq bu yazı yazıldığı vaxt 3185 min baxış olub. Xəbər dünən səhər yenilənib. (https://bina.az/items/2364379?
fbclid=IwAR11Sj4oVRLYoz1Luv993BrNuPExQwEmnUQcIKBqjAUmO_uyk0sdDEC_8Nk) Telefon nömrəsi də dəyişməz qalır. Xəbər yenilənibsə, demək, yeni qurbanları tapılır. Görəsən o 3185 nəfərdən nə qədəri beləcə aldadılıb və 100 manata görə polisə ağız açmayacağını düşünür? Ancaq biz daha o nömrəyə zəng etmək istəmirik. Qoy bu dəfə o nömrəni Əzrayıl yığsın. Görək ona da ata biləcəklərmi? 

Məncə, əldə bank kartı var, telefon nömrəsi var, votsap yazışmaları var, o adamın mədəni səsi var. Məgər illərdi fəaliyyət göstərən bu şəbəkəni tapıb zərərsizləşdirmək DTX, DİN üçün nə qədər çətindir? Allah heç, onu bir yana qoyuram. O, bəndələriylə bacarmır...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->