Xəbər lenti

Qızıl Ordu məni belə qətlə yetirdi...
Pərviz CƏBRAYIL
Siyasət 11:11 20.01.2020

Qızıl Ordu məni belə qətlə yetirdi...

Pərviz Cəbrayıl

...O, yenə Rusiyadan gəlirdi. Mən yenə onu qarşılamağa gedirdim. Bu dəfə onu aeroportun sərnişinlər gələn yerindən yox, gömrük terminalından qarşılayacaqdım…

Heç cür inana bilmirdim, həmişə aeroportda uzaqdan baxıban gülümsəyə-gülümsəyə əl eləyib mənə sarı gələn adam bu dəfə iri, çox iri qutuda, sink tabutda gəlirdi. Dəhşətli şeydi səninlə bir ömür acılı-şirinli tarixçəsi olan, ikicə gün qabaq hətta Skaypda olsa belə, süfrəsini səninlə açıb sənin sağlığına, bəli, məhz canının sağlığına monitorla badə toqquşduran, haçansa canlı-canlı yola saldığın adamı, insanı əşya kimi, ticarət malı kimi üstü möhürlü-surquclu qutuda qarşılamaq!

Qəribədi. Adam anlayır, ancaq ağlına yerləşdirə bilmir…

O an düşündüm: Rusiya bəlkə yeganə ölkədi ki, bizimçün hətta sülh zamanlarında belə acı savaş meydanıdı, qandı, qadadı. Üçkünc qara məktubları dördkünc azman qutular əvəz edib sadəcə…

O gün bizimkindən başqa daha iki qutu-insanı, xüsusi isim kimi gedib cansız kimi qayıdanları qarşılamağa gələnlər vardı. Bir gündə üç qara qutu! Par-par yanan, günəş işığında bərq vuran üç sink. Keşkə həyatları da elə parlaq olaydı!

Yadıma 1990-cı ilin yanvarı düşdü…

*

Moskvada qulluq etdiyim hərbi hissədən iki həftəlik məzuniyyətə gəlmişdim. Düzünü desəm, heç qayıtmaq istəmirdim Moskvaya. Hətta hərbi hissədən ayrılanda intuisiyam mənə bir də buralara qayıtmayacağımı pıçıldamışdı. İnanmadım təbii. Kim inana bilərdi?! Di gəl inanmasam da, əşyalarımı, daha doğrusu, aldığım məktubları, şeir dəftərlərimi, kitablarımı özümlə götürdüm. Bircə komsomol vəsiqəmi orda qoydum: onlar vermişdi, onlara da saxladım. Onsuz da gedəndə "Mən bu dövlətə qulluq etməyəcəyəm”, — hansısa fəhmlə və pafosla atama demişdim. Sonralar bu sözümü həmişə yada salıb təəccüblənər, gülər: "Sən də az bilmirsən a…” – deyərdi.

Məzuniyyətimi nəsə bir yolla heç olmasa bircə həftə də uzatmaq üçün atamla Sabir Rüstəmxanlının yanına getdik. "Qayıtmaq nədi, nə danışırsız?” — şair həyəcanla dedi. Bəlli oldu ki, yüzlərlə azərbaycanlı əsgər Rusiyadan qaçıb vətənə gəlib, indi heç kimi ölkədən kənara xidmətə buraxmırlar və Salyanski kazarmanın yanında Moskvadan gələn generallar bu fərar etmiş əsgərləri dindirir, sonra Bakıda xidməti davam etdirmələrinə izn verirlər ("fərar” kəlməsi şəstimə toxundu, fərari olmadığıma görə sevindim). Həmin prosesə o zaman Fəhmin Hacıyev başçılıq edirdi. İlk dəfə orda tanıdım onu. Rus generallar onun qarşısında tir-tir əsirdilər. Gözlərimizə inanmadıq, ürəyimizsə qürurla doldu.

Beləcə, həmin ünvana getməyimlə yeni hərbi hissəyə göndərilməyim cəmi iki saat çəkdi; bizi Badamdardakı hissələrdən birinə yerləşdirdilər. Deyəsən, yanvarın üçüydü. Elə hesab edirəm, özgür Azərbaycan ordusunun təməli o gün atılırdı…

15 gün sonra doğum günümdü. Əmim rota komandiri, kapitan Cavadovdan doğum günümdə məni şəhərə çıxarmaq üçün izn vədi aldı. Mənə də söz verdi ki, mütləq gələcək.

Dediyi gün əmim gəldi, ancaq nə üçünsə Cavadov məni buraxmaq istəmədi. Kapitan çox narahat idi. Əmim şirin dilini, insanları ram etmək bacarığını işə salıb izni, Cavadovsa ondan kişi sözü aldı: "Söz ver ki, Pərvizi qaytarıb gətirəcəksən!”. Əmim söz verdi verməyinə, ancaq bu təlaşdan heç birimiz nəsə anlamadıq, ta ki, axşam "XI Qızıl Ordu”, indiki "20 Yanvar” metro-stansiyasının yanından keçib hərbi hissəmə qayıdarkən gördüyümz qələbəlik, vahiməli mənzərə, barrikadalar, sonra Badamdarın içində yolları kəsmək üçün yığılan trolleybusları görənəcən: "Bakıya ordu yeridiləcək…”
Hərbi hissəyə qayıtmamaq üçün tutarlı səbəb vardı artıq. Ancaq söz vermişdik! Trolleybusların bağladığı yollardan çox çətinliklə keçib hissəyə çatdıq, əmim məni kapitana təhvil verəndə o, gözlərinə inanmadı. Cavadov hərbi hissədə cəmi 6 əsgər qaldığını deyib, əlavə elədi: "Puşkin (həm Puşkin rayonundan olduğuma, həm də şeir yazdığıma görə məni belə çağırırdı. — P.C.), vəziyyət yaxşı deyil, istəyirsən, əmin burdaykən sən də get…”

Getmədim. Mənim orda qalıb-qalmamağım heç nəyi dəyişmirdi. Ancaq söz söz idi, o gün mənim də əlimdən yalnız bu gəlirdi.

20-si gecə başımızın üstündən işıq saçan güllələr qərbdən şərqə, şərqdən qərbə uçuşurdu. Sanki iki tərəf vuruşurdu. Sonradan anladıq. Sən demə, "qızıl ordu” ekstremistlərlə vuruşurmuş…

Cavadov o gecə bizə qara xəbəri çatdırdı. Yasa batdıq. Başqa kazarmalardan yığılan 20 əsgər qurutma otağına girdik, qadağan olsa da, siqaretlər alışdırıldı. Qaranlıqda ancaq canavar gözünü andıran 20 köz görünür, için-için yanırdı. İlk dəfə o gecə, orada siqaret çəkdim. Qızıl ordu məni də belə qətlə yetirdi. İndi mən günə bəzən 20, bəzən 60 dəfə o gecəni ciyərlərimə çəkirəm.

Sabah hərbi hissəmizə şəhərə yeridilən rus əsgərləri yerləşdirildi. Hər gecə içib sərxoş olan işğalçı əsgərlərin yaxınlıqda qırıq-qırıq atəş səsləri eşidilir, bəzən də gəlib kazarmamızın arxadan bərk-bərk bağladığımız qapısını avtomatın qundağı ilə döyür, açmağı tələb edirdilər. Bizə qəti tapşırılmışdı: gecələr kazarmada elə yerdə qalaq ki, pəncərə və qapı olan hissələr olmasın – atəş aça bilərdilər. Özbaşınalıqları, qudurğanlıqları hədd tanımırdı. Hətta bir gün iki rus əsgərin dükandan götürdükləri bir yeşik arağı bölmək üstə davası düşmüş, bir-birini güllələmişdilər.

*

...Deyəsən o qanlı gecədən 15 gün keçmişdi. Hərbi hissəyə xəbər yayıldı ki, Əjdəri öldürüblər, meyiti gətirilib. Hamımız onun nəşinin qoyulduğu yerə — buraxılış məntəqəsinin ağzına qaçdıq. Əjdərin sadə, taxta tabutu hərbi hissənin girişində qarın içində yiyəsiz qalmışdı. Elə ordaca poçtalyon gələn məktubları payladı. Əjdərə də teleqram gəlmişdi. Hərbi hissədən qaçdığı gün oğlu doğulubmuş. İndi isə onun nəşi və ona gələn şad xəbər hərbi hissəyə eyni gündə çatmışdı. Onu ruslar yoldaca vurmuşdu. Güllə gözündən girib boynunun ardından çıxmışdı.

Əjdər savadsız, hətta, oxumağı-yazmağı belə güclə bacaran, ancaq mərd, deyib-gülən, şirin ləhcəsi ilə məzəli əhvalatlar danışıb hamını əyləndirən biriydi. Evdən gələn məktublarını mənə oxutdurardı. Neftçaladandı. Darıxanda özümüzü onun məclisinə atırdıq. Xidmətə gələndən iki-üç gün qabaq sevdiyi qızı qaçırmışdı… "Diləkdi də, aldım, atdım evə”, — deyir, qəşş eləyirdi.

Teleqramı onun tabutunun üstünə qoyduq, həmişə istədiyi kimi, onunçün oxuduq…

*

İki gün sonra, səhər tezdən hərbi hissənin dükanını bağlı görəndə çaşdıq. Məlum oldu ki, rus balası Yura elə dükandaca ölüb ötən gecə. "Ürək tutmasından ölüb”, dedilər.

Dükanı nardaranlı mülki şəxs işlədirdi. Yura köməkçisiydi. Kazarmada qalmazdı. Orda gecələr, orda işlərdi. Sıra düzülüşü-filan bilməzdi. Bizdən qabaqkıların dediyinə görə, əvvəllər iynənin gözündən keçən Yura dükana düzələndən sonra porsuğa dönmüşdü.

Yuranı qəhrəman əsgər kimi ağırladılar, ekspertizadan sonra yaraşıqlı tabutda hissənin həyətinə gətirdilər. Əsgərlərlə vida mərasimi təşkil etdilər. O arada əsgərlərdən pul yığıb valideynlərinin gəlişini təşkil etdilər.

Vida günü hamı Əjdərin necə urvatsız yola salınmağından danışırdı…

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->