Xəbər lenti

Yanlış anons, qol vuran, və qırmızı vərəqə görən hakim... - Superliqa tarixinin maraqlı hadisələri
İdman 14:12 20.12.2023

Yanlış anons, qol vuran, və qırmızı vərəqə görən hakim... - Superliqa tarixinin maraqlı hadisələri

Türk futbolunda idman tarixinə düşəcək hadisələr yaşanmaqda davam edir. Bir müddət əvvəl Halil Umut Melerin yumruqla vurulmasından sonra Superliqaya yenidən start verildi və bu dəfə "İstanbulspor" matç zamanı meydanı tərk etdi. 
 
"Trabzonspor"la oyun zamanı "İstanbulspor"un prezidenti Ecmel Faiq Sarıalioğlu komandanı meydandan çıxardı. Klubun texniki məğlubiyyətlə cəzalandırılması, xallarının silinməsi və cərimələnməsi gözlənilir.  Ümumilikdə son bir neçə gün Türkiyənin idman tarixinə maraqlı hadisələrin düşməsi ilə yadda qalıb. 

Qaynarinfo xəbər verir ki, "NTV Spor" ölkənin idman tarixinə düşən ən maraqlı hadisələrin siyahısını hazırlayıb.

1979/1980 mövsümündə "Trabzonspor" cəmi 12 qələbə ilə ölkə çempionluğunu qazandı. Ancaq 10 il sonra (1989/90) eyni sayda qələbə əldə edən "Maltyaspor" Superliqabnı tərk edən beşinci komanda oldu.

Ən çəkişməli mövsüm

Türkiyə Superliqası tarixində ən rəqabətli mövsüm 1980-1981-ci illərdə olub. Komandalar yarışı çox az xal fərqi ilə başa vurub. "Adanaspor" 34, "Rizespor" isə 29 xal toplayıb. "Beşiktaş"la "Qalatasaray"ın mövqeyi isə top fərqinə görə müəyyənləşib. "Böyük üçlük" arasında yalnız "Beşiktaş" və "Qalatasaray" liqanı mənfi top fərqi ilə bitirib. 

Superliqanı mənfi top fərqi ilə bitirən komanda

Beşiktaş 1975/1976 mövsümündə 25 qol vursa da qapısında 32 top görüb və liqanı 11-ci yerdə başa vurub. Bununla da "Qartallar" "Böyük üçlük" arasında liqanı mənfi qol ortalaması ilə başa vuran ilk komanda olub. "Qalatasaray" isə liqanı iki dəfə mənfi top fərqi ilə bitirib. 2010-2011-ci illərdə rəqib qapılarından 41 qol keçirən "Sarı-qırmızılılar", 46 top buraxaraq səkkizinci olub. Komanda 2021-2022-ci il mövsümünü isə -2 top fərqi ilə 13-cü pillədə bitirib.  Bu yarışda rəqib qapılarından 51 top keçirən İstanbul klubu 53 qol buraxıb.  Bu arada "Böyük üçlüyün" digər üzvü "Fənərbağça" 1990-1991 və 2018-2019 mövsümlərində liqanı sıfır top fərqi ilə bağlayıb. "Sarı-göylər" 1990/1991 mövsümündə 53 qol vurub, eyni sayda top buraxıb. Həmçinin 2018-2019-cu illərdə isə həm rəqib qapılarına 44 qol vurub, həm də eyni sayda qol buraxıb. 19 Superliqa çempionluğu olan "Fənərbağça" 1980/1981 mövsümündə yalnız top fərqi sayəsində aşağı liqaya düşməkdən xilas olub. İstanbullularla yanaşı eyni xal toplayan "Altay", "Adana Demirspor" və "Boluspor"un da top fərqi sayəsində Superliqada qaldığı həmin ildə "Rizespor" 29 xalla elitanı tərk etmişdi. 

Hakimin qolu 

Super Liqa tarixinin ən maraqlı hadisələrindən biri hakimin vurduğu qol olub. 1986-1987 mövsümünün beşinci turunda "Ankara Cebeci İnönü" stadionunda baş tutan "Ankaragücü" - "Beşiktaş" matçını izləyənlər dünya futbol tarixində çox nadir qola şahidlik etdilər. Matçın 83-cü dəqiqəsində Kamal Yıldırımın cərimə meydançasının sağ küncündən vurduğu top qapının yaxınlığında hakim Ahmet Akçaya dəyərək, istiqamətini dəyişir və tora daxil olur. "Ankaragücü" məhz bu qolla 1:0 hesablı qələbə qazanır. Ancaq idman ictimaiyyəti uzun müddət bu qolu müzakirə etdi. 

Superliqa tarixində ən böyük xalla çempion olan komanda

1987-1988 mövsümündə "Qalatasaray" 90 xalla çempion oldu. Həmin dönəmdə ikinci pillədə yer alan "Beşiktaş" isə cəmi 78 xal toplaya bilmişdi. Bu ən böyük xal fərqi kimi Superliqa tarixə düşdü. Geridə qalan 64 mövsümdə beş dəfə çempionlar, doqquz dəfə isə aşağı liqaya düşən komandalar top fərqi ilə müəyyənləşib. 1984/1985 mövsümündə "Fənərbağça" və "Beşiktaş" hərəyə 50 xal topladığı üçün çempionluğu top fərqində daha üstün olan "Fənərbağça" qazanıb. 1992/1993 mövsümündə "Qalatasaray" 66 xal və top fərqi ilə "Beşiktaş"ı məğlub edərək çempionluq qazanıb. 2010-2011 mövsümündə  isə 82 xal toplayan "Fənərbağça" və "Trabzonspor" arasında top fərqinə görə rəqibindən üstün olan "sarı-göylülər" qızıl medalları əldə edib. 2020-2021 mövsümündə hərəyə 84 xal toplayan "Beşiktaş"la "Qalatasaray" arasında çempion bir-birlərinə qarşı oynadıqları matçlarda qeydə alınan top fərqinə görə müəyyənləşib və qızıl medalları "Beşiktaş" qazanıb. Bundan başqa, doqquz dəfə liqadan aşağı düşən komandalar məhz top fərqinə görə müəyyənləşib. "Beşiktaş" 2003-2004 mövsümündə maraqlı performans cədvəli ilə azarkeşlərinə kabus yaşadıb. Mövsümün ikinci yarısına məğlubiyyətsiz başlayan İstanbul klubu ən yaxın izləyicisi "Fənərbağça"nı səkkiz xal qabaqlasa da yarışı çempion olan komandadan 14 xal geridə, üçüncü pillədə bitirdi. Mövsümün ikinci yarısında 17 matçın səkkizində məğlubiyyətə uğrayan "Qara-ağlar", Superliqa tarixində iki hissə arasında ən böyük itki ilə çempionluğa namizəd  komanda kimi qeydə alınıb.

Ehtiyat hücumçu bombardir oldu

2007/2008 mövsümündə Superliqanın bombardiri olan "Fənərbağça"nın futbolçusu Semih Şentürk maraqlı şəkildə bu titulu ələ keçirib. Mövsümü 17 qolla başa vuran və karyerasında ilk dəfə bombardir olan Semih bir çox matçda oyunlara əvəzetmələrdən çıxmasına baxmayaraq, vurduğu qollarla komandasına böyük töhfə verdi. Semih həmin mövsümdə müxtəlif dövrlərdə ümumilikdə 27 matçda forma geyinmişdi.  Bunların yalnız 17-də start "11-lik"də yer almışdı. 

Yanlış anons 

Superliqanın 2009/2010 mövsümündə "Fənərbağça"nın stadionu "Şükrü Saracoğlu"da anons qalmaqalı yaşanmışdı. Mövsümün sonuncu, 34-cü turuna lider kimi başlayan və "Bursaspor"dan bir xal öndə olan "Fənərbağça" "Trabzonspor"u məğlub edəcəyi təqdirdə çempionluğu qazanacaqdı. Ancaq "Trabzonspor"la heç-heçə (1:1) edən İstanbul təmsilçisi azarkeşlərini üzdü. Kadıköydəki matçın son dəqiqələrində stadionda "Bursaspor" - "Beşiktaş" matçının 2:2 hesabı ilə bitdiyi və "Fənərbağça"nın çempion olduğu haqda anons edilir. Komandanın azarkeşləri çempionluq hislərinə qapılıb sevinclərini qeyd etdiyi bir zamanda, eyni vaxtda keçirilən digər matçda "Bursaspor"un 2:1 hesablı qələbə qazandığı və çempion olduğu müəyyənləşir. Beləliklə yanlış anons qalmaqala səbəb olur. Qalmaqala səbəb yaradan açıqlamanı verən klub rəsmisi isə matçdan sonra polis bölməsinə aparılaraq izahatı alınır və daha sonra sərbəst buraxılır.

Bəxtsiz "Fənərbağça"

"Fənərbağça" mövsümün son həftəsinə turnir cədvəlində lider kimi başlayan, amma çempion ola bilməyən yeganə komandadır. "Sarı-göylülər" 2005/2006 mövsümündə son turda "Dənizlispor"la, 2009/2010 mövsümündə isə "Trabzonspor" və "Qalatasaray"la heç-heçə edərək çempionluğu əldən verib.

Az fərqlə çempionluğu əldən verdi

Uzun müddətdir liqada çempionluq həsrətində olan "Trabzonspor” 2010/2011 mövsümündə çempionluğa çox yaxınlaşsa da, istəyinə nail ola bilməyib. "Bordo-mavili" komanda mövsümün ilk yarısını lider olaraq ən yaxın izləyicisi "Bursasporu beş, "Fənərbağça"nı isə doqquz xal qabaqlayıb. Mövsümün ikinci yarısında isə çempionluğu cüt top fərqi ilə əldən verib. 

Futbolçu hakimə qırmızı vərəqə göstərdi

"Trabzonspor"un futbolçusu Salih Dursun matçın hakiminə qırmızı vərəqə göstərməklə liqa tarixinin ən maraqlı hadisələrindən birinə imza atmışdı. 2015/2016 mövsümünün 22-ci turunda "Türk Telekom Stadionu"nda baş tutan "Qalatasaray” – "Trabzonspor” (2:1) matçın 86-cı dəqiqəsində futbol meydanlarında nadir görənən hadisə yaşanıb. Matçın baş hakimi Deniz Ateş Bitnel, qayda pozuntusuna yol verdiyi və penaltiyə səbəb olduğu halda sərt etirazlar bildirən "Trabzonspor"un futbolçusu Luis Kavandaya qırmızı vərəqə göstərir. Onun komanda yoldaşları bu qərara böyük reaksiya verir və hakimə etirazlarını sərt şəkildə bildirməyə başlayırlar. Bu məqamda Dursun Kavandaya "qırmızı" göstərən Bitneldən vərəqəni alaraq onun özünə yönləndirir. Bu hərəkətdən sonra Salih də meydandan qovulur.  "Trabzonspor" uzun müddət dünya gündəmində qalan bu tarixi yarışı yeddi futbolçu ilə tamamlayıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->