Şahin Cəfərli
Rusiya əvvəlcə Ukrayna sərhədlərinə ordu topladı, sonra ABŞ və NATO qarşısında tələblər qoydu. Yəni diplomatiyasını sərt güc nümayişi ilə dəstəklədi. Bu nümayiş ilk növbədə Qərbdəki qərarvericilərə və ictimai rəyə yönəlmişdi ki, nəticə əldə olunsun. Məhz Ukraynaya hücum niyyəti və məqsədi ilə bu hərbi toplanışın həyata keçirildiyi inandırıcı deyil.
Rusiya Qərb blokunun vahidliyinin uzun müddətdir pozulduğunu və kontinental Avropanın Amerikadan uzaqlaşdığını, Qərbdə uzun illərdir liderlik böhranı yaşandığını, ABŞ siyasi sisteminin 2 təməl dirəyi olan partiyaların başının daha çox iç hesablaşmalara qarışdığını, hətta demokrat prezidentin demokratların çoxluqda olduğu Konqresdən kritik qanun təşəbbüslərini keçirə bilməyəcək dərəcədə zəif olduğunu müşahidə edirdi. Rusiya özü də ötən dövrdə boş durmamış və Qərbin siyasi, akademik, media çevrələrində müxtəlif dəstək qrupları (agentlər, təsir agentləri, səmimi inananlar və s.) yaratmış, bu qruplar Rusiyanın milli maraqlarına hörmətlə yanaşılmasının zəruriliyi yönündə ardıcıl təbliğat apararaq öz toplumlarında bu fikrə inanıb, onu müdafiə edən geniş bir çevrə formalaşdıra bilmişdilər. Hətta Putin rejiminə skeptik baxan bir çoxları belə Krımın ilhaqı ilə artıq dəyişməz reallıq kimi barışmaq lazım olduğunu söyləyir, Ukraynanın şərqindəki konfliktin qarşılıqlı güzəştlərlə yoluna qoyulması, Ukraynanın "finlandiyalaşması” (bloklara qoşulmama və öz xarici, təhlükəsizlik siyasətində Moskvanın maraqlarını nəzərə alma) ideyası ilə çıxış edirdilər. Qərb toplumlarının heç bir hal və şərt altında müharibə istəmədiyi və bu ehtimaldan çox qorxduğu, bu səbəbdən öz hökumətləri üzərində Rusiyanın tələblərinə diqqətlə yanaşılması yönündə basqı quracağı da hesaba qatılmışdı. Ukraynanın nə üçün vacib olduğu və onun üzündən Rusiya ilə münasibətlərin niyə soyuqlaşdığı Avropa və ABŞ-da ictimai səviyyədə anlaşılmır və dəstəklənmirdi.
Moskvada düşünülürdü ki, belə bir əlverişli zəmində irəli sürdüyü tələblərin hamısı olmasa belə, ən azından postsovet məkanı ilə bağlı hissəsinin qəbul olunması, bu məkanın rus dövlətinin müstəsna, qanuni maraq zonası kimi tanınması şansı yüksəkdir. Bunun üçün Qərb Zelenskiyə təzyiq göstərib, onu Rusiyanın sülh şərtlərini qəbul etməyə vadar edəcək.
Bir sözlə, Kreml "fürsət bu fürsət” prinsipi ilə hərəkətə keçdi. Lakin təhlil və proqnozlaşdırmada xətayamı yol verildi? Hələ proses başa çatmayıb, amma belə görünür.
Bayden hökuməti çox qısa müddətdə bu məsələdə bütün Qərbin konsolidasiyasına nail ola bilib. Rusiya təbliğatının təkrarlamağı sevdiyi "kollektiv Qərb” anlayışı praktikada yox idi, indi var. (Təbii ki, bu dövlətlərin fərqli maraqları hər zaman olacaq, amma strateji məsələlərdə birlik və vahid siyasət önəmlidir.) ABŞ və Avropa Birliyi Rusiyaya qarşı əvvəlki içiboş sanksiyalardan fərqli olaraq, həqiqi sanksiyalar paketi razılaşdırıb. ABŞ və NATO Şərqi Avropadan çıxmır, əksinə, əlavə qüvvə göndərməklə orada möhkəmlənir. Qərb mediasında "soyuq müharibə”nin bitməsindən bəri ilə dəfədir ki, bu miqyasda bir antirusiya təbliğatı gedir. Və” soyuq müharibə”dən sonra ilk dəfədir ki, bu səviyyədə antirusiya konsensusu formalaşıb. Almaniya, Fransa, İtaliya kimi Rusiya ilə ən yaxşı münasibətlərə malik olan ölkələrdə keçirilən rəy sorğusu göstərir ki, əhalinin əksəriyyəti Ukraynaya dəstək verilməsinin tərəfdarıdır. Bu, Avropa ictimai rəyində çox mühüm dəyişiklikdir və hökumətlərin siyasətinə də təsir göstərir. Rusiyanın 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Ukraynaya hərbi müdaxilələri Qərbin bütün strukturlarının səssizliyi şəraitində baş vermişdi, indi isə görürük ki, problemə Ukraynanın özündən daha artıq diqqət göstərilir, ardıcıl və intensiv PR işi aparılır, kəşfiyyat məlumatlarının hətta bəzən emal edilmədən xam şəkildə mediaya ötürüldüyü də sezilir. Bu, Ukraynaya ürəyiyananlıqdan daha çox, dəyişən maraqlardan və geosiyasi reallıqlardan qaynaqlanır. Bayden seçildikdən sonra onun administrasiyasında Rusiya ilə anlaşma meyli daha çox önə çıxmışdı (Sallivan xətti), bu çərçivədə Moskvaya yüksək səviyyəli emissarlar göndərildi, lakin görünür, Çin məsələsində Vaşinqton gözlədiyi dəstəyi ala bilmədi. Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi və mətbuata açıqladığı anlaşma mətnləri əslində ABŞ-la qapalı dialoqda gündəmə gətirdiyi məsələlər idi. Moskvanın "soyuq müharibə”nin nəticələrini təftiş etməyə, Avropa geosiyasətində SSRİ dövründəki rolunu və təsirini bərpa etməyə çalışması ABŞ üçün qəbuledilməzdir. Məşhur britaniyalı coğrafiyaşünas, geopolitika elminin banilərindən sayılan Halford Makkinderin "Hartlend” (Heartland) nəzəriyyəsində dünya hökmranlığına gedən yolun başlanğıcı sayılan Şərqi Avropaya nəzarətin bölüşdürülməsi ABŞ-ın planlarına daxil deyil. Bunu Ukrayna ilə həmsərhəd ölkələr olan Polşaya əlavə qüvvə göndərilməsi, Slovakiya ilə bağlanan hərbi müqavilə də təsdiqləyir. Hər iki Şərqi Avropa ölkəsi ABŞ ordusuna öz ərazisindən, hərbi aerodromlarından istifadə icazəsi verib. (Yeri gəlmişkən, Danimarka ilə də analoji müqavilə imzalanacaq.) Avropa cəbhəsində atılacaq geri addım Hind-Sakit okean regionunda Çinin ekspansiya həvəsini də artıra biləcəyi üçün ABŞ belə görünür ki, ciddi oyunpozucu halına gəlmiş Putin Rusiyasına dərs vermə ehtiyacı hiss edir. Nəticədə Bayden administrasiyanın Rusiya siyasətində sərtlik tərəfdarlarının (Blinken xətti) önə keçdiyini müşahidə edirik.
Hazırda elə situasiya yaranıb ki, Ukrayna böhranının Rusiyanın böhranına çevrilməsi ehtimalı var.
Putin şahmatdakı suqsvanq vəziyyətinə gətirilib: o, indi ya Ukraynaya hücum, ya da qoşunları bu ölkə sərhədlərindən çıxarmaq barədə qərar verməlidir. Hər ikisi böyük risklər daşıyır. Bəlkə də həqiqətən təlimlər bitdikdən sonra ordu daimi dislokasiya yerlərinə qaytarılacaqdı, amma indi – bu qədər səs-küydən sonra bunu etmək dünya tərəfindən Putinin "yeni böyük oyun”u uduzması kimi qiymətləndiriləcək. Hazırda Rusiya hökuməti bir tərəfdən Ukraynaya hücum edəcəyi barədə xəbərləri anqlo-saksonların yalanı adlandırır və bu yöndə təbliğatın məqsədli olduğunu bildirir, amma digər tərəfdən Ukraynanın şərqindəki oyuncaq respublikaların rəhbərləri Moskvadan aldıqları şübhə doğurmayan direktivlə Rusiya hərbi müdaxiləsinə zəmin hazırlamağa yönəlmiş bəyanatlar verirlər. Bu ziddiyyətli görüntü Rusiya dövləti daxilində fərqli düşüncələrin olduğuna dəlalət edə bilər: mümkündür ki, hansısa qanad hərbi müdaxilənin tərəfdarıdır, digər qanad isə bunun əleyhinə çıxır. "Ümumrusiya Zabit Məclisi” adlı ictimai təşkilatın rəhbəri, Rusiya Müdafiə Nazirliyi sistemində yüksək vəzifələr tutmuş general-polkovnik Leonid İvaşovun bəyanatı da bu baxımdan maraqlıdır. İvaşov Ukrayna ilə savaşın Rusiyanın mövcudluğunu şübhə altında qoyacağını, iki xalqı daimi düşmənə çevirəcəyini vurğulayaraq Putini istefaya çağırıb. İmperialist mövqeyi ilə tanınan general İvaşovun özbaşına bu cür bəyanat verə biləcəyi inandırıcı deyil, güman ki, onu "yuxarı”dan kimlərsə cəsarətləndirib. Moskvada Ukraynaya hücumla bağlı səslənən rəsmi təkziblərin qətiyyətli, inandırıcı olmamasının və nəzərə çarpan ziddiyyətin başqa bir səbəbi də bu ola bilər ki, qəti, aydın təkzib Rusiyanın Qərb və Ukrayna üzərində çəkindirici təsirini azaldar və onun qurduğu oyunun mənası qalmaz.
Rusiyanın Ukrayna qarşısında hərbi üstünlüyü olsa da, yeni bir hərbi müdaxilə qanlı savaşa yol açacaq və qətiyyən asan olmayacaq. ABŞ kəşfiyyatının dediyi, ehtimal olunan raket-aviasiya hücumları Ukraynanın hərbi potensialını sarsıda bilər, amma Rusiya maraqları baxımından hər hansı pozitiv siyasi nəticə verməz. Quru qüvvələrini hərəkətə gətirməklə Ukraynada işğal zonasını genişləndirmək olar, amma bunun da strateji mənada Moskvaya nə qazandıracağı aydın deyil, çünki Kiyev bu halda da təslimçi sülhə getməyəcək, əksinə, İvaşovun dediyi kimi, Rusiyaya qarşı düşmənçilik və nifrət daha da güclənəcək, Qərbdə Rusiyanı dəstəkləyən çevrələrin səsi tamamilə "batacaq”. Başqa bir problem də budur ki, Putin hərbi müdaxilə qərarı verməklə ABŞ kəşfiyyatının Rusiya dövləti içərisindən nə qədər asanlıqla məlumatlar ala bildiyini də təsdiqləmiş olacaq. Halbuki xüsusi xidmət zabiti ötən 22 ildə möhkəm dövlət yaratdığı ilə öyünür.
İki gün əvvəl Berlində Normandiya formatında keçirilən danışıqlarda Kiyev növbəti dəfə Moskvanın tələblərini rədd etdi, dünən isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya sərhədi yaxınlığında – Xarkovda keçirilən toplantısında rusiyayönümlü "NAŞ” telekanalı və o qrupa daxil olan şirkətlərə sanksiya tətbiq olundu. (İndiyə qədər də düşmən dövlətə yaxın təbliğat ruporlarının Ukraynada sərbəst fəaliyyəti bu ölkədə milli dövlət quruculuğu yolunda hələ çox işlər görülməli olduğunu göstərir.) Yəni Ukrayna bütün quru və dəniz sərhədləri boyunca Rusiya ordularının toplaşdığı bir məqamda belə, qorxmadığını nümayiş etdirir, Rusiyanın tələblərini rədd etmə cəsarəti sərgiləyir. Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusu ilə döyüşə hərbi baxımdan nə dərəcədə hazırlıqlı olması mübahisəli məsələdir, amma psixoloji baxımdan hazır olması məlumdur. Bu, çox önəmli detaldır. Rusiya üçün Qərbin sanksiya və digər hədələrindən daha çox, məhz Ukraynanın müqavimət iradəsi real problemdir.
Bəs, Putin müharibəyə getmədən, amma sifətini qoruyaraq bu vəziyyətdən necə çıxa bilər? Bunun üçün sınanmış model var: Abxaziya və Cənubi Osetiya ssenarisi. Moskva qondarma DNR və LNR-i müstəqil dövlət kimi tanıyıb, oradakı hərbi mövcudluğunu leqallaşdıraraq oyuncaq respublikalara təhlükəsizlik təminatı verə bilər. Bu, A planından (qondarma respublikaların Ukraynaya reinteqrasiyası) vaz keçərək B planını seçmək olsa da, rəsmi təbliğat qərarı daxili ictimaiyyətə Putinin "Rus dünyasının qorunması və birləşdirilməsi” istiqamətində növbəti qələbəsi kimi təqdim edəcək. Ukrayna və Qərb təbii ki, hadisəyə sərt reaksiya verəcəklər, bu halda Rusiyaya yeni sanksiyalar da tətbiq oluna bilər. Amma Ukrayna bununla ayının caynağından qurtulacaqsa, Ukrayna liderləri üzdə olmasa da, qəlblərinin dərinliklərində bu variantı faciə saymayacaq, çünki xarabazara çevrilmiş, üzərində beyni yuyulmuş əhalinin yaşadığı o torpaqların xüsusi bir dəyəri yoxdur. Bəzən bədəni xilas etmək üçün 1-2 barmağı qurban vermək lazım gəlir – vaxtilə Finlandiyanın Kareliya və bəzi digər əraziləri SSRİ-yə vermək zorunda qalması kimi. Hazırda Finlandiya inkişaf etmiş dövlətdir, yeri gəlmişkən, bu sakit ölkə dünən 64 ədəd F-35 döyüş təyyarəsinin alqı-satqısı ilə bağlı ABŞ-la müqavilə imzaladı. Rusiya bütün qonşuların dincliyini pozub, ABŞ-ın bu durumdan necə faydalandığını isə görürsünüz…
Şərhlər