Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib.
Qaynarinfo xəbər verir ki, 27-29 sentyabr tarixlərində təşkil olunan yarmarkaya Bakı İdman Sarayı ev sahibliyi edib.
Sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyib və kitablarının satışını həyata keçirib.
Maraqlıdır, görəsən yarmarkanın təşkilatçılığı iştirakçıları qane edibmi? Bununla bağlı yazarlarımız öz fikirlərini Qaynarinfo ilə bölüşüblər.
Filosof, professor Niyazi Mehdi sərgi-yarmarka haqqında bu qənaətdədir:
"Neçə illərdir bizi - yazı-pozu adamlarını faciə səviyyəsində kədərləndirən bir hal vardı. Azərbaycanda kitab, oxu mədəniyyəti darmadağın olub (heç Sovet dönəmində də məsələ parlaq deyildi). Ona görə də kitab yarmarkasında tünlük görəndə sevinməyə bilməzdik. Orada əsl yarmarka şənliyi, səs-küyü vardı. Bunda, yəni kitaba maraqda mənə elə gəlir ki, neçə illərdən bəri Şahbaz Xuduoğlunun apardığı işlər də öz nəticəsini vermişdi. Əlimdə statistik sübut yoxdur. Ancaq hansı çap evinin "Qanun" qədər dünya və öz yazarlarımızın əsərlərindən ibarət belə geniş əhatəsi var?! Bu da arquentdir.
Kitabın bol çapı, yaxşı satılması üçün dövlətimizin ciddi siyasəti, proqramı olmalıdır. Kitabın çapı, satışı ilə bağlı nə vergi varsa, minimuma endirilməlidir ki, qiymətlər aşağı düşsün. Əgər kitablar belə baha olmasaydı, təsəvvür edirsiniz nə qədər çox satış olardı?! Eşitdim ki, yarmarkada yer pulu çox baha imiş. Bu bahalığa baxmayaraq, kondisionerin enerjisinə simiclik edilmişdi, ona görə də içəridə boğanaq idi. Mənə elə gəlir ki, kitab yarmarkası düzənləyən nazirlik dövlət səviyyəsində həll etməlidir ki, yer pulu çox olmasın, nəşriyyat üçün yetərincə genişlik olsun. Ancaq yenə də sağ olsunlar".
Şərif Ağayar bildirib ki, gələcəkdə sərgi-yarmarkaya başqa ölkələrin böyük nəşriyyatları cəlb edilməlidir:
"10 il əvvəl Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilində məmur kimi iştirak eləmişəm və bundan qürur duyuram. Bakı Kitab-Sərgisi müstəqillik tarixində kitabla bağlı ən böyük işlərdən biridir. VI yarmarka da çox gözəl keçdi. Bir bayram əhvalı yaşadıq. O qədər gözəl atmosfer vardı ki, iki gün saatlarla oradan ayrıla bilmirdim. Maraqlı tədbir və görüşlər də oldu. Gələcək üçün sərgi-yarmarka daha da genişlənməli, yaxın-uzaq ölkələrin böyük nəşriyyatları cəlb edilməlidir. Əsas odur ki, ənənə yaranıb və inkişafa davam edir".
Qan Turalı belə sərgi-yarmarka təşkil etdiyi üçün Mədəniyyət Nazirliyinə təşəkkür edib:
"Bakı Beynəlxalq Kitab Sərgisi cəmiyyətdə xoş bir ovqat, gözəl bir aura yaratdı. Mədəniyyət Nazirliyinə təşəkkürlər. Məncə, bu tədbirin daha geniş məkanda və Türkiyənin nüfuzlu nəşriyyatlarının iştirakı ilə, özü də hər il keçirilməsinə ehtiyac var".
Çinarə Ömray razı qalmadığı məqamlardan bəhs edib:
"Yarmarkada bir gün iştirak etdim. Bu qədər ədəbiyyat adamını bir arada görmək maraqlı idi. Amma bu zala "yolka" şənliyində bundan çox adam yığılır. İndi bilmirəm, bu layihəni Şaxta baba səviyyəsinə salaqmı, ya qaldıraqmı, deyim. Ki, ondakı qədər adam yığa bilək. Ancaq buna da min şükür. Xoşagəlməz bir şey də vardı ki, adamlar elə meyvə-tərəvəz yarmarkasındakı kimi aparırdılar özlərini. Yenə də kitab qoxusu gələn hər yer adamı xoşbəxt edə, enerji verə bilir. Bu gözəldir".
Nemət Mətin də sərgi-yarmarkanın gözdən qaçan çatışmazlıqlarına toxunub:
"Qane etmədi. İlk sıra basırıq idi. İkinci sırada nisbətən az insan dolaşırdı. 3-cü sıralarda isə heç kim yox idi... Müştərisi çox olan nəşriyyatları və kitab evlərini qapının ağzına yığmaq peşəkarlıqdan uzaq idi. Ümumi mənzərə isə həmişəki kimi maraqlıydı. Ən azından keçən ilkinə nisbətən çox insan gəlmişdi. Üstəlik tanınmış insanlar da çox idi. İmza günlərinin yarmarkada keçirilməsi alqışlanası haldır. Ən xoşuma gələn nüans xarici müəlliflərin gəlməsiydi. Bizim yazıçılar heç də onlardan geri qalmırlar. Buker mükafatını Kənan Hacıya, Şərif Ağayara, Pərviz Cəbrayıla vermək olar".
Pərviz Cəbrayıl bu cür yarmarkaları ildə bir yox, bir neçə dəfə keçirmək lazım olduğunu deyib:
"Bütün hallarda kitabla bağlı istənilən tədbir bizimçün xoşdur, bəyəniləndir. Hamısı kitaba maraq yaradır, kitabla oxucunun soyuqlaşan münasibətlərini yenidən istiləşdirir. Üçgünlük yarmarkada xeyli adam vardı. Deyim ki, heç də kənd təsərrüfatı yarmarkalarından az adam gəlməmişdi. Hətta bəzi oxucularda bu yarmarka sözünün yanlış təəssürat oyatdığı, yanlış assosiasiya yaratdığını da gördüm. Bilirik ki, ərzaq yarmarkalarında hər şey bir qədər ucuz olur, burda da oxucular bunu gözləyirdilər. Yəni kitab dükanında 10 manata olan kitab, burda məsələn, 8-ə satılmalıdır və s. Hətta bir oxucu bunu mənə belə də dedi. Hə, orda endirimlə satılan kitablar da vardı. Ancaq bütövlükdə kitab yarmarkasına kolxoz bazarı kimi baxışı dəyişmək lazımdır. Tədbirin keçirilmə yerini uğurlu hesab etmədim. Görünür, təşkilatçı orqan bu ölkədə kitab üçün də bu qədər adamın gələ biləcəyini gözləmirmiş. Çox basırıq idi. Oxucular stendlərdəki kitabları yaxşı görə bilmirdilər. Müəlliflərin imza törəni üçün yerlər çox uğursuzdu. Havasızlıq idi və kondisionerləri işə salmaq heç kimin ya ağlına gəlmirdi, ya artıq məsrəf istəmirdilər. Bu cür yarmarkaları ildə bir yox, bir neçə dəfə keçirmək lazımdır. Bəlkə onda oxucu kitabla barışa, kitaba yenidən isinişə. Bütün hallarda alqışlanası işdir".
Röya Kərimli
Qaynarinfo
Şərhlər