Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbovun 2003-cü ildə, yəni 15 yaşında Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olması haqda yayılmış məlumatlar birmənalı qarşılanmayıb.
Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən sabiq təhsil naziri, BDU-nun keçmiş rektoru (1996-1998-ci ildə) Misir Mərdanov bunun mümkün olduğunu deyib.
O, S.Talıbov haqda dəqiq bir söz deyə bilməyəcəyini qeyd edib:
"Ümumiyyətlə, 15 yaşında tələbə adı qazanmaq mümkündür. Çünki elə adam var, məktəbə 5 yaşında gedib. Amma konkret S.Talıbovun neçə yaşında məktəbə getdiyini bilmirəm. Onu da deyim ki, bəzi hallarda mən də 15 yaşlı tələbəyə rast gəlmişəm”.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bildirib ki, bu, nazirliyə aid olan məsələ deyil:
"Bununla bağlı bir söz deyə bilmərəm, çünki universitetə aid olan məsələdir. Amma bircə onu deyə bilərəm ki, 15 yaşında universitetə qəbul olmaq mümkündür”.
Qeyd edək ki, Seymur Talıbovun 15 yaşında tələbə olması barədə
xəbəri Qaynarinfo yayıb. Xəbərdə bildirilir ki, 1988-ci ildə anadan olan Seymur Talıbov 2003-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olub. 2003-cü ildə onun 15 yaşı olub. Vasif Talıbovun bu yaşda BDU-ya necə qəbul olunması bəlli deyil.
Şərhlər