Xəbər verdiyimiz kimi, aprelin 14-də Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamla Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin edilib. O, 1991-ci ildən bəri bu vəzifəyə təyin olunan 8-ci kənd təsərrüfatı naziridir.
Bizim.Media sabiq kənd təsərrüfatı nazirlərinin hazırda harda olduğu, nə işlə məşğul olduqlarını araşdırıb.
Müzamil Abdullayev
1991-1992-ci illərdə kənd təsərrüfatı və ərzaq məhsulları naziri 1941-ci il təvəllüdlü Müzamil Abdullayev olub. O, Azərbaycan Kommunist Partiyasının üzvü olub. 1993-1994-cü illərdə M. Abdullayev yenidən həmin vəzifədə çalışıb. Abdullaev Müzamil İmran oğlu kənd təsərrüfatı elmləri doktoru, Göy-Göl rayonunda yerləşən "Göy-Göl Şərab-2” fabrikinin təsisçisi olub. Sabiq nazir ötən ilin iyun ayında vəfat edib.
Tofiq Hüseynli
1993-cü ilin mart-may aylarında Tofiq Hüseynli ( Qara Tofiq) olub. 1952-ci ildə Tovuz rayonunda anadan olan Tofiq Hüseynov AXC hakimiyyətində kənd təsərrüfatı naziri olub. 1994-cu ildə isə qanunsuz silah gəzdirməkdə ittiham edilərək həbs olunub. Eks-nazir 2 il müddətinə azadlıqdan məhrum edilib. 1995-ci ildə azad edilib. Hal-hazırda isə Qara Tofiq İsveçrədə yaşayır. Ailəlidir, 2 övladı var.
Rəhim Əşrəfov
Tofiq Hüseynovu nazir postunda Rəhim Əşrəfov əvəzləyib. O, 1993-cü ildən 1994-cü ilin fevral ayına qədər nazir səlahiyyətlərini icra edə bilib. Sabiq nazirin sonrakı fəaliyyəti ilə bağlı isə məlumat yoxdur.
İrşad Əliyev
İrşad Əliyev isə ardıcıl 3 dəfə 1994-1998, 1998-1999, 1999-2004-cü illərdə ümumilikdə 10 il nazir olub. O, 30 iyun 1944-cü il təvəllüdlüdür. 2005–2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012–2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Hazırda təqaüddədir.
İsmət Abbasov
İrşad Əliyevdən sonra İsmət Abbasov 2004-2013-cü illərdə nazir olub. Ardınca 2013-2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini olub. Həmin ilin aprelindən rəsmən təqaüdə göndərilib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. YAP-ın 2021-ci ilin martında keçirilən VII qurultayında İsmət Abasov Partiyanın rəhbər strukturlarından kənarda saxlanılıb.
Adı bir neçə dəfə qalmaqallı məqalələrlə gündəmə gəlib. Daha sonra eks-nazirin Böyük Britaniyada yaşayan oğlu, iş adamı Yunis Abbasovun Londonda bahalı mal-mülkə sahib olduğu iddia edilib. İsmət Abbasov hazırda Bakıda yaşayır, təqaüdçüdür. Tez-tez dəniz sahilində dincəldiyi bildirilir.
Heydər Əsədov
Heydər Əsədov isə 2013-2018-ci illərdə bu vəzifədə olub. 3 aprel 2019-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilir. Hazırda da həmin vəzifəni icra edir. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir. Vaxtilə nazir postunu itirərkən onun ciddi depressiya keçirdiyi söylənilir.
İnam Kərimov
2018-2023-cü illərdə hazırda Ali Məhkəmənin sədri olan İnam Kərimov kənd təsərrüfatı naziri postunda çalışıb. 4 aprel 2023-cü il tarixindən etibarən isə İnam Kərimov Ali Məhkəmənin sədridir.
Şərhlər