Ali Məhkəmədə Azərbaycan Avropa Hərəkatının sədri, ictimai fəal Ramin Hacılının kassasiya şikayətinə baxılacaq.
Bu barədə Qaynarinfo-ya Ramin Hacılının vəkili Rəşad Əliyev bildirib. Onun sözlərinə görə, proses mayın 15-də hakim Teyyub Muxtarovun sədrliyi ilə keçiriləcək.
Rəşad Əliyev bildirib ki, kassasiya şikayətində Ramil Hacılı barəsində ittiham olunduğu bütün maddələr üzrə bəraət hökmü çıxarılması istənilib.
Bu arada Ramin Hacılı Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edib. O, müraciətində bildirib ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən ona 26 noyabr 2021-ci il tarixində təyin edilmiş cəza müddətilə bağlı iki ziddiyyətli qərar mövcuddur.
"Bir-birini təkzib edən qərarlar nəticəsində mənim həbsdə saxlanıldığım 9 ay 10 gün müddət hazırkı işim üzrə Bakı Apellyasiya Məhkəməsində barəmdə qəbul edilmiş yekun qərarla təyin edilmiş 7 il 6 ay müddətinə hesablanmayıb. Belə olan halda, mənə əslində 8 il 3 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş olub", deyə ictimai fəal müraciətində qeyd edib.
Ramin Hacılı bildirib ki, Bakı Apellyasiya Məhkəməsi 22 iyun 2023-cü il tarixində ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hakimlərdən 9 ay 10 gün həbsdə saxlanıldığı müddətin hansı səbəbdən nəzərə alınmadığını soruşub:
"Prosesə sədrlik edən hakim İlqar Murquzov bildirdi ki, Ali Məhkəmənin 2 fevral 2023-cü il tarixli qərarında yanlışlıq olduğundan belə alınır və həmin yanlışlığı yalnız Ali Məhkəmənin Plenumu düzəldə bilər! Öz növbəmdə mən də CPM-nin 518.0.4-cü maddəsinə əsasən anlaşılmazlığın (qeyd etdiyim yanlışlığın) aradan qaldırılması üçün Ali Məhkəmənin Plenumuna Əlavə Kassasiya Şikayəti vermişəm və 2 fevral 2023-cü tarixli qərardakı yanlışlığın düzəldilməsini xahiş etmişəm və həmin iş hazırda Ali Məhkəmənin icraatındadır. Həmin Əlavə Kassasiya Şikayətinə barəmdə Ali Məhkəmənin 2 fevral 2023-cü il tarixli qərarında və ona uyğun olaraq həm Füzuli Rayon Məhkəməsinin, həm də Şirvan Apellyasiya Məhkəməsinin yol verdiyi qanun pozuntularını əsaslandıraraq faktları da qoşma etmişəm. Hesab edirəm ki, mövcud sübutlar, yol verilmiş qanun pozuntuları və reallıq həmin işin Şirvan Apellyasiya Məhkəməsində yenidən baxılması üçün ciddi əsaslar formalaşdırır".
Ramin Hacılı Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun hökmü ilə 7 il 7 ay 14 gün azadlıqdan məhrum edilib. İctimai fəal cəzasını 17 saylı cəzaçəkmə müəssisəsində çəkir.
Seyid
Şərhlər