Xəbər lenti

Qapıçı məşqçilərindən Şahruddinə məsləhət: “Belə məqamlarda tələsməsə…”
İdman 16:16 02.08.2023

Qapıçı məşqçilərindən Şahruddinə məsləhət: “Belə məqamlarda tələsməsə…”

Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ” Bakıda Polşa təmsilçisi "Rakov”la qarşılaşacaq. Səfərdə 2:3 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandasında yer alan hər bir futbolçuya heç şübhəsiz, inam böyükdür. Futbol ictimaiyyəti ilk matçdakı məğlubiyyətə baxmayaraq mərhələni keçən tərəfin məhz "Qarabağ” olacağına inanır.
 
Amma azarkeşləri narahat edən məqam qapıçı mövqeyi ilə bağlıdı. Bir çox vacib oyunlarda səhvləri ilə komandasının məğlubiyyətinə səbəb olan Şahruddin Məhəmmədəliyev elə "Rakov”la ilk matçda da nəticəyə təsir edən səhvlərə yol vermişdi. Hər halda buraxdığı səhvləri bu və qarşıdakı matçlarda təkrarlamamaq üçün dərs çıxaracaq. Bəs təcrübəli qapıçı daha nələrə diqqət yetirməlidir?

Bu barədə Qaynarinfo-ya açıqlama verən hazırda məşqçi kimi çalışan veteran qapıçılar öz fikirlərini bölüşüb, məsləhətlərini əsirgəməyib:

Camaləddin Əliyev
 
Şahruddin haqqında geniş fikir bildirmək istəmirəm. Keçən oyunda səhvləri oldu. İnanıram ki, bu dəfə onlara yol verməyəcək. Şahruddin əsasən texniki səhvlər buraxır. Xüsusən də ikinci toplarda. Həmin vaxt düzgün mövqe seçmir. Deməzdim həyəcanlıdır, təcrübəli qapıçıdır. Hər kəs belə səhvlər buraxır. Məncə, "Rakov”la bu matçda həmin səhvlərə yol verməyəcək”.

Hüseyn Məhəmmədov
 


"Şahruddinlə bağlı məsləhətim ancaq belə ola bilər ki, bu oyuna köklənməli, ötəndəfəki məğlubiyyəti unutmalıdır. Maşallah öz oyununu, məsuliyyətini başa düşən qapıçıdır. İnanıram ki, bu oyunda daha məsuliyyətli çıxış edəcək. Atalar məsəli var - nə olursa yaxşılığa doğrudur. Biz hər zaman bunu özümüz üçün örnək götürmüşük. Həmin səhvlər bugünkü oyunda da ola bilərdi. Yaxşı ki, keçmişdə qaldı. Qapıçı həmişə kobud səhv etmir. Bəlkə də həmin gün Şahruddinin günü deyildi. İnanıram ki, ağıllı, təmkinli oynayacaq. Oyuna köklənməli, sakitliyini qorumalıdır. Daha çox azarkeşlər narahatdır. Deyirlər ki, Şahruddinin əvəzinə başqa qapıçı gətirilsin. Əlbəttə, nə vaxtsa olmalıdır. Amma bu gün üçün düzgün addım deyil. Uzun illərdir "Qarabağ”ın əsas heyətindədir və Qurban müəllim ona inanmaqda düz edir. Çünki həm də millimizin qapıçısıdır. Ona psixoloji dəstək göstərmək lazımdır. Dəstək olmasa, çətinliklə üzləşə, gələcək karyerasında problemlər yaşaya bilər. Hansısa səhvə görə karyerasını bitirən qapıçılar görmüşük. Biz dəstək verməliyik. Səhvlərinə gəlincə, həddindən artıq istəkli olduğunu görürəm. Çox istəkli qapıçı davranışları ilə hər kəsi cəlb edir. Şahruddin bir az çevik, həm də tələskəndir. Bu hallar məndə də var idi. İstəkli, çılğın olmuşam. Müəyyən epizodlarda belə hallar olanda düzgün qəbul etmirik. Məsləhətim budur ki, daha sərbəst və rahat çıxsın meydana. İstəyini, çılğınlığını bir qədər fərqli şəkildə formalaşdırsın. Bu halda oyun tərzi daha rahat olacaq”.

Fərhad Vəliyev
 


"Oyunla bağlı deyə bilərəm ki, "Rakuv” çətin rəqibdir. Düşünürəm ki, Polşadakı oyunda mübarizə getdi. Keçmişə nəzər salsaq, görərik ki, "Qarabağ” belə oyunlarda təcrübəlidir. İnşallah bugünkü oyunda da komandanın mərhələni adlayan tərəf olacağına ümidlərim çoxdur. Şahruddinə gəlincə, hər il əsas oyunlarda səhvlərlə yadda qalır. Azərbaycanın ən güclü qapıçılarından biridir, millimizin üzvüdür. Düzdür, təzyiqlər var, psixoloji gərginlik yarana bilər. Düşünürəm ki, bu gün şans verilsə, səhvlərindən nəticələr çıxarıb, yaxşı oyun nümayiş etdirəcək. Cəld qapıçıdır, topu qəbul edəndə çalışır ki, tez qərar versin. Yəni, topu oyuna tez daxil etsin. "Rakuv”la ilk oyunda ikinci qolu buraxan zaman, topu görməsinə baxmayaraq, onu götürüb oyuna daha tez başlamağı düşünürdü. Yəni topu sona qədər nəzərdə saxlamadı. Çünki top asan mövqedə idi. Şahruddində oyuna tez başlama üstünlüyü var. Topu tutan kimi hücumu başlamaq qabiliyyəti yaxşıdır. Belə məqamlarda tələsməsə, oyunu nəzarətdə saxlasa, onun üçün daha rahat olar. Ümumilikdə qapıçı üçün üstün cəhətlərin hamısı onda var. İnanıram ki, səhvləri təkrarlamaz”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->