Azərbaycanda teatr, aktyor sözü işlənəndə ilk növbədə yada düşənlərin arasında onun da adı var. Milyonların sevimlisi Səyavuş Aslan.
İçi özünü, çölü özgələri yandıran adam idi o. Hamını güldürən adamın taleyi öz üzünə gülməmişdi. Varın-dövlətin, şanın-şöhrətin, milyonların sevgisinin içində tək qalmış bədbəxt insan idi Səyavuş.
Lent.az tanınmış teatr və kino aktyoru, "Şərəf” ordenli, Xalq artisti Səyavuş Aslanın ömür yoluna nəzər salıb.
Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakının Saray kəndində kasıb bir ailədə anadan olub. Əvvəlcə tar sinfinə, sonra isə dram dərnəyinə gedib. 7-ci sinifi bitirəndən sonra isə Dəmiryol Texnikumuna qəbul olunub. Aktyorluq təhsili almayıb, bu sənəti böyük sənətkarlardan görüb, əxz edib. 1954-cü ildən onun peşəkar aktyor karyerası başlayıb.
Uzun illər Musiqili Komediya Teatrında, ömrünün sonuna qədər Akademik Milli Dram Teatrında işləyib.
"Romeo mənim qonşumdur” filmindəki Səməd, "Ulduz” filmindəki Şubay rolları onu bütün ölkəyə tanıdıb, sevdirib. Dramatik rollara can atsa da, komediya aktyoru kimi daha çox rollar alıb, insanlar onu belə qəbul ediblər. Amma onun sənəti müxtəlif səpkili rollar oynamağa imkan verirdi. Güldürə bildiyi kimi, düşündürməyi, kövrəltməyi də bacarırdı.
Özü həmişə deyərmiş ki, çox sevdiyi Xalq artisti Lütfəli Abdullayevi yamsılamaqla başlayıb sənət yolu. Sonra bir gün Lütfəli müəllim deyib ki, özün ol, yoxsa kölgəmdən çıxa bilməyəcəksən. Səyavuş da özünü tapıb.
Yaradıcılığının ilk illərində Quba Dövlət Dram Teatrında işləyib. Sonralar Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. 2 il həmin teatrın bədii rəhbəri işləyib. Sonralar bu teatrda həmkarı və dostu Hacıbaba Bağırovun onun yerinə təyin edilməsi ilə həm işini itirib, həm də dostunu. Musiqili teatrdan küsüb, gənclik dostu Həsən Turabovun dəvəti ilə "Azdrama”ya gedib.
Həsən Turabovun dövründə bu teatrda maraqlı rollar oynasa da, sonralar teatra rəhbər təyin edilmiş Xalq artisti Əlabbas Qədirov tərəfindən sıxışdırılmağa başlayır. İncik düşür. Teatrda onun rollarını əlindən alıb gah gənclik dostu Yaşar Niriyə, gah İlham Namiq Kamala verirlər. İş o həddə çatır ki, onu özündən qat-qat istedadsız aktyorlara dublyor təyin edirlər. Beləcə onu həm sənətindən, həm də dostlarından küsdürürlər. Sənət məbədi deyilən teatrda Səyavuş Aslan boyda sənətkar sıxışdırılır, incidilir, kiçildilirdi. Səsini çıxardıb acıdillik edəndə də qəribsəyirdilər.
Şəxsi həyatında yaşadığı problemlər də Səyavuşu bezdirib yorğun, acıdil bir insana çevirmişdi. Sevərək evləndiyi Ofeliya Aslanla yola gedə bilmir, bir dam altında qonşu kimi yaşayırdılar. Məşhur, pullu, yaraşıqlı kişi idi. Haqqında şayiələr dolaşır, çoxlu sevgililərinin olduğunu deyirdilər. Bu deyilənlər evdə ər-arvad davası, qısqanclıq böhranları ilə nəticələnirdi.
Ərinin adının o vaxtlar gözəlliyi ilə dillərə dastan olmuş müğənni Təranə Vəlizadə ilə çəkilməsi Ofeliyanı tamam özündən çıxarırdı. Çox zaman onları gözü götürməyənlər qadını qısqandırmaq üçün qəsdən yalan-yanlış xəbərlər gətirirdilər. İnsan çox sevəndə çox da umur axı. Ofeliya onu dəli kimi sevirdi. Dəli olacaq qədər. Bezmişdi Səyavuş. İş o həddə çatmışdı ki, Ofeliyanın ruhi xəstə olduğunu iddia edirdi və iddia ilə qalmayıb onu psixoloji dispanserə yatırmışdı. Sonralar verdiyi müsahibəsində bu əməlindən peşmanlığını dilə gətirib ağlamışdı sənətkar. Kimsənin ahı kimsədə qalmazdı.
O da son günlərində çox səlis düşünə bilmir, söhbət zamanı fikirləri qarışırdı. Amma bir şeyi çox əminliklə deyirdi:
"Ofeliyanı çox sevmişdim. Kaş belə olmayaydı. Peşmanam. Heyf o günlərə ki, mənasız, sevgisiz keçib getdi. Mən ona dözə bilmirdim. Söz-söhbəti mən yaradırdım. Ofeliyasız bu ev çəkilməz oldu. Heyf. Bizə göz dəydi. Mən yola vermirdim onu. Hər hərəkəti, hər sözü-söhbəti məni tuturdu. Çünki mənim əhvalım həddindən artıq xarab olurdu. Elə danışırdıq boş-boşuna. Kaş elə onda Allah bizi aparaydı, Ofeliyanı da, məni də...”
Səyavuş Aslan 2013, Ofeliya Aslan isə 2010-cu ildə vəfat etdi. O ömrünün son illərində gənclik sevgisi ilə barışmağa cəhd etsə də, xanımı onu bağışlamayıb. Olub keçənləri unuda bilmirdi. Param-parça oldular, özləri də, ailələri də, sevgiləri də, balaları da.
Sənət yoldaşları Səyavuş Aslanın haqqında danışanda "onu balaları, iki oğlu öldürdü. Səyavuşdan geriyə heç nə qalmadı” deyirlər.
Çingiz və Eldar adında iki oğlu vardı. "Oddan kül törəyər” deyiblər. Səyavuş kimi bir kişinin iki oğlu nəinki ata ocağının işığını yandırmadı, əksinə bu ocağı darmadağın etdilər. Çingiz narkomaniyadan əziyyət çəkirdi deyə atasının olan-olmazını dəyər dəyməzinə satırdı. Eldar isə özünü qorumaq üçün uzaq durub, xaricə köçmüşdü. Aktrisa Kübra Əliyevanın dediyinə görə, Səyavuş Aslanın Dənizkənarı Bulvar ərazisindəki böyük obyektləri, Funikulyorun yanındakı milyon manatlıq evi də Çingizin narkotiklərə olan düşkünlüyünə qurban gedib.
Səyavuş Aslan əslində dövrünün ən imkanlı aktyorlarından biri idi. Əli pulla oynayırdı. Şöhrəti ona pul qazandırır, getdiyi məclislərdə mütləq şəkildə bahalı hədiyyələr alırdı. Hansı rayona ayaq bassa, rayon rəhbərliyi arxasınca maşın dolusu sovqat göndərərdi. Özü də əliaçıq adam idi. Ehtiyacı olan gənc aktyorların əlindən tutar, borclarını verərmiş. Di gəl ki, hamıya əli çatan adamın öz balalarına gücü çatmadı. Deyilənə görə, bir dəfə evindəki kassadan 20 min dolları götürən oğlu o pulu 15 dəqiqənin içində yox edibmiş. Kimə verib, nəyə verib naməlumdur.
Narkotiklərlə yanaşı, qumara da qurşanan naxələf övlad illər boyu küçələrdə səfil, sərgərdan həyat yaşadı. Bu ilin may ayında elə küçədə ölüb, meyiti bir həftə morqda qalıb. Ta o vaxta qədər ki, qardaşı Eldar bu barədə jurnalistlərdən eşidib gəlib. Qardaşı onu anasının yanında Yasamal qəbiristanlığında dəfn edib.
Səyavuş Aslan 2013-cü il iyunun 27-də uzun sürən xəstəlikdən sonra evində vəfat etdi. Ölərkən yanında Çingiz olub, o xəbər yayıb. Kim bilir, ölümün gözünə baxa-baxa yenə də Çingizin dərdini çəkirmiş ata ürəyi. Ölməzdən öncə oğlundan söz düşəndə deyərmiş ki, kaş öləydi, amma ona-buna möhtac qalmayaydı.
Bu dünyadan bir Səyavuş keçdi. Səhnədə hamımızın görüb sevdiyi, pərdələrin arxasında isə parıltılı həyatından əsər olmayan, əslində bədbəxt kişi, bədbəxt ata, qısqanclıqlara və dost xəyanətlərinə qurban verilən sənətkar Səyavuş Aslan.
Şərhlər