Bu gün dünya nefti tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulmuş "Dünyanın səkkizinci möcüzəsi”, "Möcüzələr adası" - "Neft Daşları"nın 70 illik yubileyi qeyd olunur.
Xəzər dənizində, Bakıdan 110 km şimal-şərqdə yerləşən "Neft Daşları" dünya nefti tarixində xüsusi yerə malikdir.
"Neft Daşları” açıq dənizdə quraşdırılan ilk dəniz platforması kimi "Ginnesin Rekordlar Kitabı”na daxil olub. "Neft Daşları”nın kəşf edilməsi, istismarı dünya və Azərbaycan neftçıxarma tarixində dönüş nöqtəsi olub, açıq dənizdə neft hasilatına yol açıb.
Sovet dönəmində neftçilərə qarşı böyük diqqət göstərilib, onların təbliğatı yüksək səviyyədə aparılıb. Belə ki, neftçilərin şərəfinə filmlər çəkilib, mahnılar bəstələnib, ədəbiyyatda da neftçi mövzusuna xüsusi yer verilib.
Qaynarinfo əlamətdar günü nəzərə alaraq sorğu hazırlayıb. Neftçiləri təbrik edən müsahiblərimiz onların xidmətləri ilə bağlı fikirlərini deyiblər. Onlar həmçinin "Bu gün neftçilərə münasibət sovet dövründəkindən nə ilə fərqlənir və əslində necə olmalıdır" sualına da münasibət bildiriblər.
Rəşad Məcid (Azərbaycan Yazıçılar Birliyinin katibi): "Mən də "Neft daşları"nda çalışanları, bütün neftçilərimizi, neft sənayesində zəhməti olanları təbrik edirəm. Bir müddət öncə "Neft daşları"nın 70 illiyi ilə bağlı Bakı Ali Neft Akademiyasının tələbələri Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasını tamaşaya qoymuşdular. Akademiyanın rektoru Elmar Qasımov da çıxışı zamanı neftçilərimizi necə təbrik edəcəklərini çox düşünüb və yekunda "Neft daşları"nın 70 illiyi münasibəti ilə məşhur operettanı tələbələrin ifası ilə səhnələşdirməyi qərara aldıqlarını deyib. Fikrimcə, bu, çox dərin mənalı təbrik oldu. Orada xarici tələbələr də iştirak etdi. Bu da onlar üçün ömür boyu unudulmayacaq xatirə oldu.
Neftçilərin fədakar əməyinə, təhlükəli iş şəraitinə layiqincə həsr olunmuş bədii əsərlər, musiqilər, filmlər olmalıdır. Buna da həm istedad lazımdır, həm o işin çətinliklərini, incəliklərini duymaq. Düşünürəm ki, yenə də yazılacaq, neftçilərin bu əməyi həmişə tərənnüm olunacaq. Bir daha təbrik edirəm".
Elmar Rəfiyev (Əməkdar artist): "Hər zaman gündəmdə olan mövzudur. Orta məktəbdə oxuduğumuz illərdə bizə həmişə "Neft daşları"ndan danışılardı, hekayələr oxunardı. Hətta sovetlər dövründə neftçilərə hər zaman önəm verilmiş, qeyd etdiyiniz kimi, kitablarda, filmlərdə onlardan bəhs edilərdi, filmlərin bir çoxu "Neft daşları"na həsr olunardı. Arzu edərdim ki, "Neft daşları"na aid yeni ssenarilər yazılsın, müasir dövrün neftçilərindən film çəkilsin. Hətta böyük məmnuniyyətlə neftçilərdən birinin obrazını yaratmaq istərdim. Çünki bu, çox şərəfli peşədir, neftçilərin şərəfli peşəsi əvəzolunmazdır. Həm çətin, həm məsuliyyətli, həm də vacib bir peşədir. Biz isti evimizdə dincəldiyimiz zaman neftçilər soyuqda, küləkdə, istidə dənizdə olurlar və şərəfli peşələrini layiqincə yerinə yetirirlər. "Neft daşları"nda çalışan bütün neftçilərimizin bayramını təbrik edirəm, onlara can sağlığı arzu edirəm. Neftçi həmişə şərəfli ad kimi səslənib.
Dayım futbol həvəskarı idi. Sovetlər dövründə lap balaca uşaq idim, anlayışım yoxdu. Dayımdan soruşurdum ki, "Neftçi" komandasının adı niyə belədir? O da mənə izah etdi ki, neft Azərbaycanın ən dəyərli nemətidir, onu yerdən çıxaranlara neftçi deyirlər. Elə onların şərəfinə bu komandanın adını "Neftçi" qoyublar. O sözlər mənim yaddaşıma həkk olunmuşdu.
Sovetlər dönəmi ilə indiki zəmanın fərqi ondadır ki, o vaxtlar müasir texnologiya, neftçilərə bu qədər diqqət yox idi, biz elə filmlərdən gördüyümüz kimi "Neft daşları" indiki kimi deyildi. Amma müasir dövrdə neftçilərin hər birinə diqqət göstərilir. Mən "Neft daşları"nda olmamışam, onların şəraitini televiziyadan görmüşəm, bir də oraya gedən TV əməkdaşlarından eşitmişəm ki, neftçilərə çox yüksək şərait qurulub və diqqət göstərilir. Az əvvəl də qeyd etdiyim kimi, istərdim müasir neftçilər haqqında film çəkilsin və o filmdə hansısa bir obrazı mən sevə-sevə yaradım. Bütün neftçilərin peşə bayramını təbrik edirəm. Siz bizim torpağa, vətənə layiq olan peşə ilə məşğul olursunuz. Bayramınız mübarək!"
Şərif Ağayar (Yazıçı): "Neftçilər deyəndə Əli Kərimin fəhlələr şeiri yadıma düşür. Möhtəşəm bir şeridir. Möhtəşəm insan sevgisi var. Sovet konyukturasına uyğun yazılsa da, böyük bir sənət əsəridir.
Bu gün neftçi fəhlələrə münasibət ozamankı kimi deyil. Ola da bilməz. Hər dövrün özünün gerçəkliyi var. Amma mənə qalsa, biz cəmiyyət olaraq zəhmətkeş insanları hamıdan çox sevməliyik. Lap yeri gəlsə, ziyalıdan, yazıçıdan da çox. Əgər bu sevgi olsa, sənət əsərləri də yaranacaq. Əli qabarlı insan ehtirama layiqdir".
Qeyd edək ki, 70 il ərzində əsrlərə bərabər yol keçərək bu gün nəhəng istehsal-yaşayış kompleksinə çevrilmiş "Neft Daşları”nda indiyədək 2 min civarında quyu qazılıb, 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası tikilib, 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib. Ötən müddətdə "Neft Daşları” yatağından 176 mln. ton neft və 13,6 mlrd. kubmetrə yaxın həcmdə təbii qaz hasil olunub. 1967-ci ildə burada 7,6 mln. ton neft hasil edilmişdi ki, bu da həmin ildə Azərbaycanın ümumi neft hasilatının 1/3 hissəsinə bərabər idi.
Röya Kərimli
Qaynarinfo
Şərhlər