La Liqa rəhbərliyi FIFA-nın klublararası dünya çempionatını 32 komanda ilə oynamaq cəhdinə qarşı çıxmaq üçün Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Qaynarinfo xəbər verir ki, FIFA 2025-ci ildən etibarən klublararası dünya çempionatını 32 komanda ilə təşkil etməyi planlaşdırır. Ancaq La Liqa rəhbərliyi buna qarşı çıxıb. Bu səbəbdən qurum CAS-a müraciət edib.
La Liqadan verilən açıqlamada "Biz Klublararası dünya çempionatının elan edilmiş 32 komanda formatında keçirilməsinin qarşısını almaq üçün lazım olan hüquqi tədbirləri araşdıracağıq" deyilir.
FIFA-nı tənqid və ondan yeni formatı dayandırmasını tələb edən La Liqa bunun futbolun ekosisteminə zərər verəcəyindən narahatlıq keçirdiklərini bildirib.
Klublararası dünya çempionatı indiyədək Asiya Futbol Konfederasiyası (AFC), Avropa Futbol Assosiasiyaları Assosiasiyası (UEFA), Afrika Futbol Konfederasiyası (CAF), Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF), Okeaniya Futbol Konfederasiyası (OFC), həmçinin Çempionlar Liqasının və Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) təşkil etdiyi Libertadores Kubokunun qalibi ilə ev sahibi ölkənin liqa çempionu arasında oynanılıb.
FIFA prezidenti Canni İnfantino dekabr ayında bu turnirin 2025-ci ilin yayından etibarən 32 komandanın iştirakı ilə 4 ildən bir keçiriləcəyini açıqlamışdı.
Səbuhi Həsənov
Şərhlər