İngiltərəli futbolçu Cordan Henderson Səudiyyə Ərəbistanı Pro Liqası klubu "Al-Ettifaq"dan ayrılıb.
Qaynarinfo-nun məlumatına görə, 33 yaşlı futbolçu ötən yay imzaladığı üçillik müqaviləyə xitam verib və onun gedişinə görə heç bir transfer haqqı olmayacaq. Henderson klubda qalacağı təqdirdə hər mövsüm 14 milyon avro və əlavə bonuslar qazanacaqdı.
Hazırda futbolçunun "Al-Ettifaq"ın Abu-Dabidəki qış düşərgəsindən İngiltərəyə qayıtdığı və prinsipial olaraq "Ayaks"la razılığa gəldiyi bildirilir. Məlumata görə, bu transferin baş tutması və yarımmüdafiəçinin Avropa futboluna qayıdışını tamamlaması üçün sənədləşmə işləri və təfərrüatları dəqiqləşdirmək qalıb.
Keçən ilin iyulunda Səudiyyə Ərəbistanına getmək üçün "Liverpulda”kı 12 illik karyerasını başa vuran Henderson, sentyabrda "The Athletic”ə verdiyi eksklüziv müsahibədə, tənqidlərə rəğmən transferini müdafiə etmişdi.
Ərəbistan klubunda cəmi 17 matçda forma geyinən Henderson "Liverpul”dan olan keçmiş komanda yoldaşı Stiven Cerrardın baş məşqçisi olduğu komandada dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Səbuhi Həsənov
Şərhlər