Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda şəkərli içkilərə aksiz dərəcəsi tətbiq olunmasını təklif edib.
Zaur Əliyevin sözlərinə görə, bir sıra ölkələrdə alkoqollu içkilərlə yanaşı tərkibində şəkər olan içkilərə aksiz tətbiq edilir. Z. Əliyev belə aksiz dərəcələrinin İcbari Tibbi Sığorta Fondunun formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
"Tibbi sığorta haqqında" qanuna uyğun olaraq, hazırda vergi ödəyiciləri tərəfindən araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı İcbari Tibbi Sığorta Fondu üçün tutulur.
Təklifə Qaynarinfo-ya açıqlamasında münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, sözügedən təklifin reallaşması şəkərli içkilərlə bağlı qiymətlərin bahalaşmasına gətirib çıxaracaq:
"Şəkər ziyanlıdır. Ondan nə qədər az istifadə olunsa, bir o qədər sağlamlığa xeyirlidir. Təklifin məğzi ondan ibarətdir ki, qiymət baha olsa, insanlar şəkərli içkilərdən az istifadə edəcək və bu, sağlamlıqlarına müsbət təsir göstərəcək. Bu yanaşma yanlış, köhnə yanaşmadır. Artıq dünyada bu tip məsələləri təşviq proqramları, insanları bilgiləndirmək, məlumatlandırmaq, seçim imkanlarının vətəndaşın özündə olması ilə həll edirlər”.
Ekspertə görə, agentlik rəhbərinin təklifi reallaşsa belə, nəticə etibarı ilə heç nə dəyişməyəcək. Sadəcə qiymət artacaq:
"Zatən ölkədə hər şey bahadır, inflyasiya güclüdür. Dünyada belə bir praktika ilə rastlaşmamışam”.
N. Cəfərli təklifi çıxış yolu hesab etmir:
"Həmin məntiqlə insanlar daim aksiz dərəcəsi artan siqareti çəkməməli, spirtli içki içməməlidir. Həmin addım tütün məmulatları və spirtli içki qəbul edənlərin sayına ciddi təsir etmir. Sadəcə, qiymətin bahalaşmasına rəvac verir. Finlandiya keçən əsrin 80-ci illərində dünyada içkilərə ən yüksək aksiz vergisi təyin edən ölkə idi. Nəticədə ölkədə spirtli içkinin qiyməti xeyli bahalaşdı. Amma bu spirtli içki qəbul edən insanların sayının azalmasına təsir etmədi. Əksinə, insanlar qonşu ölkələrə gedərək içkiləri daha ucuz qiymətə almağa başladılar. Ona görə də tək qiymət artım yolu ilə sağlam həyat tərzini təşviq etmək mümkün deyil”.
Rüfət Sultan
Şərhlər