G7 ölkələri Ukraynadakı münaqişə bitənə qədər Rusiyanın aktivlərini blokadada saxlayacaq.
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə dövlətlərin xarici işlər nazirlərinin Yaponiyadakı görüşdən sonra birgə bəyanatında
deyilir.
"Rusiyanın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozması ilə bağlı münaqişə həll olunana qədər yurisdiksiyalarımızdakı Rusiyanın suveren aktivləri dondurulacaq. Münaqişənin istənilən həlli Rusiyanın vurduğu zərərin ödənilməsini təmin etməlidir”, - bəyanatda deyilir.
Bundan əlavə, G7 ölkələri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi, onların icrasına nəzarət etməyi və üçüncü ölkələrin mövcud məhdudiyyətləri "pozmağın” qarşısını almağı planlaşdırır. G7 növbəti dəfə digər dövlətləri münaqişədə "Rusiyaya yardımı dayandırmağa” çağırıb.
Bəyanatda həmçinin qeyd olunub ki, qrupa daxil olan ölkələr "üçüncü tərəflər tərəfindən Rusiyaya silah tədarükünün qarşısını almaq və cavab vermək üçün” koordinasiyanı gücləndirmək niyyətindədirlər və hərbi əməliyyatları maliyyələşdirənlərə qarşı tədbirlər görəcəklər.
Bundan başqa, G7 ölkələri Rusiyanı Ukraynadan ərzaq ixracı ilə bağlı taxıl müqaviləsini qeyri-müəyyən müddətə uzatmağa çağırıb. TASS-ın məlumatına görə, bu barədə G7 xarici işlər nazirliklərinin rəhbərlərinin birgə bəyanatında deyilir.
"Biz Həmrəylik Marşrutları, Qara Dəniz Taxıl Təşəbbüsü və Ukraynadan Taxıl Təşəbbüsünün Ukraynanın kənd təsərrüfatı sektorunun bərpasına dəstək vermək və qida sistemində yeni şokların qarşısını almaq üçün kritik əhəmiyyətini qəbul edirik. Biz Rusiyanı qlobal ərzaq tədarükünü təhdid etməyi dayandırmağa və taxıl müqaviləsinin tam gücü ilə və qeyri-müəyyən müddətə işləməsinə icazə verməyə çağırırıq”, - bəyanatda deyilir.
Bundan əvvəl Rusiya taxıl müqaviləsinin mayın 18-dək uzadıldığını açıqlamışdı.
Alpər
Şərhlər