G7 ölkələrinə növbəti on il ərzində yenidən silahlanma planlarını yerinə yetirmək üçün 10 trilyon dollardan çox vəsait lazımdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg”
yazır.
Nəşrin məlumatına görə, 2023-cü ildə qlobal müdafiə xərclərinin 2,2 trilyon dollara çatmasına baxmayaraq, bəzi Avropa İttifaqı (Aİ) ölkələri öz təhlükəsizliklərini gücləndirmək barədə yenicə düşünməyə başlayıblar. Buna "Rusiyanın şərq sərhədlərində təcavüzkar fəaliyyəti”, Yaxın Şərqdəki qeyri-sabitlik və Çinin "genişləyən hərbi qüdrət”i səbəb olub.
Bloomberg yazır ki, yenidən silahlanma planlarını həyata keçirmək üçün NATO ölkələrinin hərbi xərcləri soyuq müharibə səviyyəsinə - ÜDM-in 4%-nə kimi yüksəlməlidir. Agentlik iddia edir ki, hətta alyansın hazırkı illik ÜDM-in 2%-i hədəfi də "Aİ-nin pandemiyadan sonrakı borc konsolidasiyasının böyük hissəsini dayandıracaq". ÜDM-nin 4%-nə çatmaq "blokun zəif suveren dövlətlərini borclanmanın artırılması, büdcənin bir hissəsinin azaldılması və ya daha yüksək vergilər arasında ağrılı seçimlərə sövq edəcək". Fransa, İtaliya və İspaniya əlavə xərcləri istiqraz bazarları vasitəsilə maliyyələşdirsələr, xüsusilə həssas olacaqlar. Eyni zamanda, İtaliyanın dövlət borcu bu il ÜDM-nin 144%-dən 2034-cü ilə qədər 179%-ə yüksələcək, "Bloomberg” hesab edir.
Agentlik qeyd edir ki, hərbi büdcələrin artımı qlobal hadisədir. Xüsusilə, Çinin müdafiə xərcləri 2024-cü ildə 7,2% artacaq ki, bu da son beş ilin ən yüksək göstəricisidir. "Janes” hərbi kəşfiyyat şirkətinin təhlilinə əsasən, Malayziyanın xərcləri artıq proqnozları üstələyib və bu il 10,2% artaraq 4,2 milyard dollar, Filippinin xərcləri 8,5% artaraq 6,6 milyard dollara çatıb.
"Bloomberg” belə nəticəyə gəlir ki, yenidən silahlanma ehtiyacı qarşıdakı illərdə "məhdud vergi gəlirləri və sosial təminat və səhiyyəyə daim artan ehtiyaclar” fonunda aktual siyasi problemə çevriləcək.
Nizami Bağırov
Şərhlər