DGK külli miqdarda mənimsəmədə ittiham olunan Zakir Sultanovu cərimələdi
Dövlət Gömrük Komitəsi (DGK) Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovu cərimələyib.
Qaynarinfo xəbər verir ki, DGK keçmiş rəisə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə cərimə yazıb.
Zakir Sultanovun qurumun qərarında məhkəməyə şikayət verib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Elməddin Hüseynov iş üzrə hakim təyin edilib.
483-cü maddə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda ("az miqdarda” dedikdə, 20 min manatadək olan məbləğ başa düşülür) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması barədədir.
Maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə nəzərdə tutulur.
Zakir Sultanov Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi onu bu ittihamla təqsirli bilərək 11 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi ziyanın ödənilməsini nəzərə alaraq həbs müddətini 5 il 6 aya endirib.
2024-cü ildə isə Xəzər Rayon Məhkəməsi Zakir Sultanovu cəzasınınn qalan 1 il 5 ayından şərti olaraq azad edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər