İlin son yazısının belə bir əhval-ruhiyyədə olmasını heç istəməzdim. Amma bəzən elə olur ki, ürəyində söz saxlamaq istəmirsən. Özünü nə qədər məcbur etsən də, alınmır. Günlərdi "Kəpəz”in ətrafında baş verənləri diqqətlə izləyirəm. Daha doğrusu, "Kəpəz”in baş məşqçisi Tərlan Əhmədova komandanın futbolçuları Əfran İsmayılovla Rauf Əliyevin yönəltdiyi ittihamları.
Tərlan bəy Azərbaycanın ən əxlaqlı, eyni zamanda bəxtsiz futbol adamlarındandır. Hələ futbolçu vaxtlarında adı daim gündəmdə olub. Sonuncu müdafiəçi kimi daim göz qabağında idi. Bu mövqedə oynayanların ən xırda səhvi belə daim gözə batır. Eyni zamanda da onların avtoqol vurmaq ehtimalları yüksəkdir. Təəssüf ki, bu cür qəzalar Tərlan Əhmədovdan da yan keçməyib. Heç kim onun "Neftçi” – "Kəpəz” oyununda uzaq məsafədən vurduğu fantastik qolu xatırlamaq istəmir, amma Azərbaycan – İtaliya qarşılaşmasındakı məlum epizod dillər əzbərinə çevrilib. Bu da azərbaycanlı azarkeşlərin futbola baxışı və xarakteri ilə bağlı olan məsələdir. Çünki biz lağ-lağıya daha çox meyl göstəririk, nəinki ciddi məsələlərə.
Adam məşqçi kimi böyük şanslar qazanmasa da, özünü təsdiqləməyi, möhürunu vurmağı da bacarıb. İndi tarixin yaddaşına köçən AZAL-ın kasıb vaxtlarında məşəqqətini çəkmək Tərlan Əhmədovun bəxtinə düşmüşdü. Şablon dillə desəm, heç kimə lazım olmayan futbolçulardan mübariz kollektiv yaratmışdı, sürpriz nəticələrlə Azərbaycan çempionatına rəng qatırdı. Elə "Keşlə”də çalışarkən də məşqçilik bacarığını ortaya qoydu. Orda da Zaur Axundovun qeyri-peşəkar davranışı, futboldan bixəbərliyi adamın qarşısında əngələ çevrildi, işini yarımçıq qoydu. Tərlan Əhmədov "Neftçi”nin çalışdırıcıları arasında bəlkə də yeganə mütəxəssisdi ki, quyunun dibindən komandanı çıxarıb, avrokuboklara vəsiqə qazandı. Buna baxmayaraq, klub prezidenti Kamran Quliyevin onun üçün "getsin” düyməsini sıxmışdı.
Gəncədə çalışmağın necə çətin olduğunu hamımız bilirik. Elə Tərlan Əhmədov da bilir. Amma çəkinmədi, qorxmadı, sinəsini irəli verdi. Qələbəyə, xala həsrət "Kəpəz” məhz onun rəhbərliyi altında az-çox özünə gəlib, 12 xal toplayıb, kubokun yarımfinalına gedən yolun da necə kəsildiyini gördük. Başqaları kimi "bu heyəti mən qurmamışam, bu futbolçularla heç nəyə nail olmaq mümkün deyil” demir. Başını aşağı salıb, öz işini görür. Həm "Kəpəz”in, həm də ümumilikdə Gəncə futbolunun uğurları üçün çalışır. Di gəl ki, imkan vermirlər. Özü də kimlər?
Gəncəli veteranlar, suyu bulandırmaq istəyənlər məlum məsələdir. Onlardan gözlənən də elə budur. Amma Rauf Əliyevlə Əfran İsmayılova nə düşüb? Onları başa düşmək çətindir. Hər ikisi müəyyən çəkiyə, hörmətə layiq bildiyim futbolçulardır. Lakin indi özlərini bu hörmətə layiq aparmırlar. Məşqçi-futbolçu münaqişəsi həmişə olur, bundan sonra da olacaq. Lap elə məşqçini mətbuatda ittiham eləmək, ondan əvəz çıxmaq da başadüşüləndir. Başa düşmədiyim odur ki, Raufla Əfran bu davranışı az qala hər gün sərgiləyirlər. Bir dəfə dediz, biz də bildik. Kimi sizə inandı, kimi də Əhmədova. Karyeranızın qürub çağını yaşayırsız, bu gün-sabah siz də karyeranızı rəsmən bitirib, məşqçiliyə başlayacaqsız. Qorxmursuz ki, sabah eynisi sizin də başınıza gələr və bu günləri sizə xatırladarlar?
Onlar danışırlar, Tərlan Əhmədov isə əhəmiyyət vermir. Bu günlərdə baxıram ki, futbolçularını başına yığıb, kimsəsiz uşaqları sevindirməyə gedib. Heç olmasa, Rauf Əliyevlə Əfran İsmayılov da onlara qoşulardı, yetim qəlbləri sevindirməyə gedərdi. Danışmaq asandır, iş görmək, ortaya əməl qoymaq çətin. Atalarımız demişkən, dəyirman öz işində, çax-çax isə baş ağrıdır!
Amal Abuşov
Şərhlər