Xəbər lenti

İdman 11:39 14.01.2023

"Barselona" La Liqa rəhbərliyini məhkəməyə verdi

"Barselona"nın vitse-prezidenti Rafa Yuste, La Liqa rəhbərliyini məhkəməyə verdiklərini bildirib.

Qaynarinfo-nun məlumatına görə klub rəsmisi "CVC Capital Partners" müqaviləsini dəstəkləməyən klublarla iqtisadi cəhətdən ədalətli davranılmadığı üçün ölkə çempionatı təşkilatçılarının məhkəməyə verildiyini söyləyib.

ESPN-də yer alan xəbərdə "Barselona" rəhbərliyinin "CVC Capital Partners" müqaviləsini imzalamayan 4 komandaya ədalətli münasibət göstərilmədiyi və rəqabət mühitinin düzgün təmin edilmədiyi səbəbindən La Liqaya qarşı iddia qaldırdığı bildirilib.

Yuste açıqlamasında, "Biz öz maraqlarımızı müdafiə edəcəyik. Klubun rəqabət hüquqlarının pozulması ilə bağlı Barselona Kommersiya Məhkəməsinə şikayət vermişik. Daha çox maliyyə feyr-pleyi üçün mübarizə aparacağıq" - ifadələrindən istifadə edib.

La Liqa Lüksemburqda yerləşən "CVC Capital Partners"  investisiya şirkəti ilə 2021-ci ildə iqtisadi müqavilə imzalayıb. Təşkilatçılar liqanın fəaliyyətini həyata keçirmək üçün qurduqları şirkətin 10 faizini "CVC Capital Partners"ə satıb və bundan 2,7 milyard avro qazanıb. Liqa rəhbərliyi gəlirlərin 90 faizinin klublara köçürüləcəyini açıqlasa da, "Real", "Barselona", "​​Atletik Bilbao", həmçinin 2-ci liqa təmsilçisi "İbiza" televiziya hüquqlarını girov qoymaq istəmədiklərini və qeyri-müəyyən məqamların həddən artıq çox olması ilə əlaqədar müqavilə imzalamayacaqlarını bildiriblər.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->