Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.a.s.) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının son 10 gecəsinin birində Quran nazil olmağa başlayıb.
Bu gecə "leylətul-qədr” - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıq, sülh olacaq” (97:1-5).
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Bu il isə Ramazan bayramı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tamamilə bərpa olunduğu şəraitdə keçirilməsi ilə əlamətdardır.
Bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Azərbaycan məscidlərində bayram namazı isə aprelin 10-da saat 8:00 və 9:00-da qılınacaq.
Şərhlər