Milli Məclisdə quraqlığın təbii fəlakət hadisələri sırasına daxil edilməsi təklif edilib.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə ətraf mühitin qorunması istiqamətində görüləcək işlər xeyli dərəcədə intensivləşəcək. Bu, yeni qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində addımların atılmasını şərtləndirəcək:
"Azərbaycan üçün aktual məsələlər içərisində su ehtiyatlarından səmərəli istifadə etmək, eləcə də ərzaq təhlükəsizliyinin etibarlılığının artırılması üçün suvarma sisteminin yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir".
Əli Məsimli vurğulayıb ki, quraqlıq məsələsi də əsas problemlərdəndir:
"Quraqlıq başqa təbii fəlakətlərlə müqayisədə daha böyük ziyan vurur. Nəticədə elə hallar olur ki, sahibkarlar nəinki təsərrüfatdan gəlir götürmür, hətta investisiyalarını belə itirirlər. Hətta müflis olmaq təhlükəsi qarşısında qalırlar. Təklif edirik ki, sel və digər təbii fəlakət hadisələri kimi quraqlıq da bu siyahıya daxil edilsin. Bu səbəbdən qanunvericilikdə bu istiqamətdə müəyyən dəyişikliyin edilməsinə ehtiyac var".
Qafqaz Rafiqoğlu
Şərhlər