Xəbər lenti

Prezidentin bəyanatları dünya mediasının diqqət mərkəzindədir
Ölkə 21:19 06.09.2024

Prezidentin bəyanatları dünya mediasının diqqət mərkəzindədir

Aparıcı xarici KİV-lər Azərbaycan Prezidenti İlham Əliyevin "Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışını geniş işıqlandırıb.


Qaynarinfo xəbər verir ki, "Reuters” beynəlxalq informasiya agentliyinin "Azərbaycan prezidenti Ukrayna ilə qaz marşrutu üzrə danışıqlara arxayındır” adlı məqaləsində dövlət başçısının Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya tranziti məsələsində Bakının vasitəçiliyi ilə bağlı bəyanatlarından bəhs olunur.


"Bloomberg”in "Azərbaycan daha üç Avropa ölkəsinə qaz təchizatı ilə bağlı danışıqlar aparır” adlı məqaləsində qeyd olunur ki, Azərbaycan artıq səkkiz Avropa ölkəsini qazla təmin edir və Avropa İttifaqı ilə 2027-ci ilə qədər ixracı iki dəfə artırmaq barədə razılaşmaya malikdir.


"İlham Əliyev təsdiqlədi ki, Moskva və Kiyev ona dekabrda əsas razılaşmanın müddətinin başa çatmasından sonra Ukrayna ərazisindən Avropaya qaz tranzitinin asanlaşdırılması xahişi ilə müraciət edib. Çıxış yollarından biri Rusiya təchizatını başqa ölkədən, məsələn, Azərbaycandan və ya Türkiyədən qaz alışı ilə əvəz etmək ola bilər. Bu, Ukraynaya tranzit haqqı almağa, Avropaya isə qaz almağa davam etməyə imkan verərdi”, - məqalədə deyilir.


Azərbaycan liderinin Avropanın enerji təhlükəsizliyi və Rusiya qazının tranziti ilə bağlı bəyanatları həmçinin "Financial Post”, "The Straits Times”, "U.S. News”, "World Energy News” agentliklərində geniş işıqlandırılıb.


"Moskovskiy komsomolets” qəzeti isə öz növbəsində Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi və Bakının Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyi ilə əlaqədar səsləndirdiyi bəyanatlara məqalə həsr edib.


"Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Amma Azərbaycan anti-Rusiya sanksiyaları kampaniyasının bir hissəsi olmayıb və olmayacaq da”, - nəşr Prezident İlham Əliyevdən sitat gətirib.


Rusiyanın TASS informasiya agentliyi "Əliyev Bakının Moskva ilə Kiyev arasında nizamlanmada iştirak etməyə hazır olduğunu bildirib” məqaləsində qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirakının mümkünlüyünü istisna etməyib.


Azərbaycan Prezidentinin Rusiya və Ukrayna ilə bağlı bəyanatları həmçinin Rusiyanın "Komsomolskaya pravda”, "İnterfaks”, "Vedomosti”, "İzvestiya” və s. media orqanlarında da geniş işıqlandırılıb.




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->