Revanş hissi ilə alışıb-yanırdım.
Qaynarinfo Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) deyib.
İdmançımız turnirin qalibi olmaq üçün əlindən gələni etdiyini bildirib: "Ardıcıl 3-cü dəfə finala çıxırdım. Bunlardan ikisində qalib olmuşdum. Keçən il isə U-23 Avropa və dünya çempionatlarında həlledici görüşdə moldovalı rəqibə uduzmuşdum. Finalda qarşılaşdığım türkiyəli güləşçiyə də 2 dəfə uduzmuşam. Əvəz çıxmaq üçün ən gözəl yer "doğma divarlar” idi. Azarkeşlərin önündə istəyimə nail oldum. Yarışdan öncə bütün taktikanı bu 2 rəqibə görə qurmuşdum. Qələbəyə görə çox şadam. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Çempionluğu yeni doğulan bacım oğluna və hərbi xidmətdə olan ən yaxın dostum Elcan Məmmədova həsr edirəm. Finaldan öncə özümə inamım çox idi. Revanş hissi ilə alışıb yanırdım. Arzum budur ki, böyüklərdə də yüksək nəticələr qazanım. Məşqləri daha da artıracağam”.
Qeyd edək ki, X.Həsənli finalda Yüksəl Sarıçiçeyi (Türkiyə) üstələyərək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb.
Şərhlər