Xəbər lenti

Ali Məhkəmə ilə Əlcəzair  Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalandı
Ölkə 10:25 30.04.2024

Ali Məhkəmə ilə Əlcəzair  Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalandı

2024-cü ilin 27 və 28 aprel tarixlərində Azərbaycan Respublikasının Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əlcəzair Xalq Demokratik Respublikasında səfərdə olub. 

İnam Kərimov Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsinin yaradılmasının 60 illiyi münasibətilə müxtəlif ölkələrin Ali Məhkəmələrinin sədrlərinin və rəsmi nümayəndələrinin qatıldığı beynəlxalq konfransda iştirak edib. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində, xüsusilə məhkəmələrin rəqəmsallaşması sahəsində görülmüş işlər barəsində ətraflı məlumat verib. Bildirilib ki, digər sahələrdə olduğu kimi, məhkəmə sahəsində də rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 

Konfrans çərçivəsində həmçinin ikitərəfli görüşlər keçirilərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Səfərin ikinci günü İnam Kərimovla Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsinin sədri Tahar Mamouni arasında ikitərəfli görüş keçirilib. Tahar Mamouni ötən il Bakıya etdiyi səfəri xatırladaraq Azərbaycan Respublikası Ali Məhkəməsi ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib və hər iki ölkənin məhkəmələri arasında əməkdaşlıq perspektivlərinə toxunub. 

Səfər çərçivəsində ədalət mühakiməsinin inkişafı, iki dost dövlətin məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi və əlaqələrin dərinləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi və Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb.

Görüşlərdə Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev də iştirak edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->