Xəbər lenti

İdman 10:11 08.02.2023

"Yaxşı ki, belə strategiyası olan klubda işlədim... - Vüqar Əsgərli ilə müsahibə

"Şamaxı” mövsümə yaxşı başlamasa da, sonradan müəyyən mənada toparlanıb turnir cədvəlində irəliləyə bildi. Təbii ki, burada futbolçularla yanaşı məşqçilərin də əməyi böyükdür. Demək olar, sıfırdan formalaşdırılan və təcrübəsiz oyunçularla "Qarabağ”, "Neftçi”, "Sabah” kimi rəqiblərin qarşısına çıxan komandanın məşqçiləri də bir xeyli iş görüblər. Amma klubun özünəməxsus strategiyası var. Məsələn, yerli oyunçularla iddialı olmaq…

"Şamaxı”nın baş məşqçisi, ilk dəfə Premyer Liqa təcrübəsi yaşayan PRO kateqoriyalı Vüqar Əsgərli Qaynarinfo-ya müsahibə verib. O, qarşıdakı planlardan, kluba gəlişindən və bir çox məsələlərdən danışıb.

- Premyer Liqada baş məşqçi kimi ilk təcrübənizi yaşayırsınız. Təəssüratlarınız necədir?

- İlk dəfə üçün yaxşıdır. Yaxşı ki, belə strategiyası olan klubda gənclərlə işlədim. Gələcəkdə daha yaxşı yerlərdə çalışmaq üçün bir təcrübədir. Sağ olsun rəhbərlik, bu şansı mənə yaradıb. 

- Gənc, yeni formalaşdırılmaqda olan "Şamaxı”dan təklif gələndə ilk düşündüyünüz nə olmuşdu?

- Hər dəfə təklif gözləyəndə, fikirləşirdim ki, gənc, perspektivli komanda olsun. Böyük iddialar, yer uğrunda oynamasınlar. Biliklərimi daha yaxşı inkişaf etdirim. Çünki hamı nəticə tələb edəndə çətin olur. Gəncləri inkişaf etdirmək istəyirdim. Bu səbəbdən "Şamaxı”dan təklif gələn kimi qəbul etdim. Çox xoş oldu. 

- Bir neçə ay öncə PRO kateqoriyasına yiyələndiniz. "Şamaxı” ilə daha böyük iddialarınız varmı?

- Bəli, rəhbərliklə danışanda sıfırdan formalaşdığımızı dedilər. İlk illərdə Premyer Liqada qalmaqdan ötrü oynayacağımızı bildirdilər. Amma gələcəkdə daha yaxşı "Şamaxı” yarada bilərik. Bunun üçün uzunmüddətli müqavilə bağlamışıq. İnşallah daha yaxşı komanda yaradacağıq. 

- Nə qədər zamandan sonra daha iddialı "Şamaxı” görə bilərik?

- Bu il Premyer Liqada qalaq. Qalmaq istəməyimizin səbəbi gənc futbolçuları daha da inkişaf etdirməkdir. Çünki əksəriyyətinin Premyer Liqa təcrübəsi yoxdur. Bəzi məşqçilər deyir ki, komandanı formalaşdırmaq üçün çox zaman lazımdır. Şükür ki, biz qısa zamanda bunu edə bilmişik. İstədiyimiz oyunu 60-70 faiz olsa da, göstərə bilirik. Uşaqların daha yaxşı klublarda oynaması üçün 2-3 il lazımdır. 

- Bir çox PRO kateqoriyalı məşqçilər var ki, işsizdir və şanslarını gözləyir. Bu mənada Premyer Liqa təcrübəniz olmadığı üçün sizin gəlişiniz müzakirələrə yol açdı. Bu kimi hallar sizə sıxıntı yaradıb, narahat etmir ki?

- Xeyr, heç bir sıxıntım olmadı. Tanıdığım təcrübəli, PRO lisenziyalı məşqçilər var ki, məni təbrik etdilər, uğurlar arzuladılar. Hansı çətinliklərlə üzləşə biləcəyimlə bağlı məsləhətlərini verdilər. Məşqçilik elədir ki, çamadanın hər zaman yanında olmalıdır. Baxmayaraq ki, PRO lisenizyası var. Hamının başına gələ bilər. Biz məşqçilər istəyirik ki, daim iş başında olaq. Necə ki, futbolçular formada qalmaq üçün məşq keçir. Məşqçilər də həmçinin elədir. 2-3 il işləməyəndə məşqçi uyğunlaşmaqda çətinlik çəkir. 

- Azərbaycanda PRO kateqoriyalı məşqçinin digərlərindən fərqi varmı?

- Bu lisenziya üzrə iki il oxudum. İki il ərzində bir neçə Avropa klubuna getdim. Eyni zamanda mənimlə birlikdə oxuyan məşqçilər də başqa klublara gedib təcrübələrini bizimlə bölüşdülər. Məsələn, əsas olan psixoloji durumdur. Fitnes biliklərini bölüşürdülər. Bunlar formalaşmağımıza kömək oldu. Düzdür, AFFA-nın hesabına xarici ölkələrə gedib təcrübə toplayırdıq. Aslan Kərimovun təcrübəsindən yararlandıq. Hər xırdalığına qədər bizə yol göstərdilər. Müəyyən detallar var. Məsələn, fitnes üzrə məşqçi götürürksə, oynadığımız sistemə uyğun olmalıdır. İndiki futbolda təkcə qaçmaq deyil, qrup şəklində fiziki durumu yüksəltmək üçün məşqlər qurulur. Psixologiya odur ki, kluba nə qədər psixoloq dəvət etsən belə, özün də futbolçularla təmasda olmalısan, onlarla yaxşı münasibət qurmalısan ki istədiyini həyata keçirsinlər. Futbolçunu stres altında inkişaf etdirmək çox çətindir. Alman mütəxəssislər bildirirdilər ki, əsas olan futbolçulara yanaşmadır. Ab-havanı əldə saxlamalı, futbolçularla dost münasibətlər qurmalısan.

- Bəs işləmək baxımından Azərbaycanda PRO və ya digər lisenziyalı məşqçilər arasında fərq var?

- Heç bir fərqi yoxdur. Yeganə fərq Premyer Liqada baş məşqçi olmaqdır. Elə məşqçi var ki, lisenziyası aşağıdır, amma öz üzərində daha çox işləyir. PRO-nu almaq o demək deyil ki, hər şeyi bilirsən. Futbol daim yenilənir, daim öz üzərində çalışmalısan.

- Komandanın məşqçilər korpusunda Cavid Hüseynov da var. Həm futbolçu, həm də məşqçi kimi aqressivliyi, uduzmağı qəbul etməməsi, iddialılığı ilə seçilən insanlardandı. Siz isə həm texniki zonada, həm də mətbuat konfranslarında daha sakit görünürsünüz. Bu mənada həm məşqlər, həm də oyunlarda bir-birinizlə yola getməkdə çətinlik çəkmirsiniz?
 


- Cavidi bura gəlməmişdən əvvəl tanıyırdım. Dost münasibətlərimiz var. Futbolçu olanda mənə deyirdi ki, məşqçi kimi səninlə işləmək istəyərəm. Qismət oldu, hazırda birlikdə işləyirik. Cavidlə bir-birimizi tamamlayırıq. Hər zaman aqressivlik olmaz. Cavidin bir üstünlüyü var ki, daim öyrənməyə meyillidir. O deyəndə mən, mən deyəndə o qəbul edir. Bunun dostluğa heç bir dəxli yoxdur. Onun digər üstünlüyü uduzmağı bacarmamasıdır. Öz üzərində çalışır və komandanı daim motivasiya edə bilir. Birlikdə işimiz uğurludur. İstəyirik ki, məşqçi tandemi kimi qəbul olunaq. İşimiz pis getmir, hər şey qaydasındadır, mehribanlıqdır. Yaxşı mühitdəyik, "Şamaxı”nı müəyyən səviyyəyə çatdırmaq istəyirik. Burada təkcə Cavidin, Vüqarın deyil, komandanın hər üzvünün əməyi var. Rəhbərlik çox dəstək göstərir. müasir futbolda təkcə 4-5 topla inkişaf olmur. Böyük avadanlıq lazımdır. Proqramlar, dronlar var. Klub bunlarla təmin olunur. İşçilərimiz çoxdur və onların da əməyi böyükdür.

- Bildiyimizə görə, məşqlərdə dronlardan da istifadə edirsiniz…

- Çətin deyil, dronları uçurması üçün gənc uşaqları işə götürmüşük. Məşq və oyun vaxtı bizim üçün üstünlükdür. Meydançada futbolçularla üz-üzə olduğumuz üçün səhvləri görə bilmirik. Amma dron hamısını göstərir. Boşluqları futbolçulara göstəririk. 

- Dronla nəzarət effekt verir?

- Əlbəttə, çox effektidir. Çünki futbol təzyiq altında oynanılır. Dərhal qərar vermək lazımdır. Dron da yuxarıdan videoçəkiliş vasitəsilə boşluqları futbolçulara göstərir. Belədə futbolçu daha tez yadda saxlayır. Hər məşqimiz lentə alınır. Xüsusən də məşqlərdə və oyunlarda buraxdığı səhvləri fərdi şəkildə futbolçularımıza göstəririk. Çünki komanda şəklində çox vaxtımız olmur. Şamaxıdakı oyunlarda da drondan istifadə edirik. Amma çox da yuxarı qaldırmırıq.

- Komandanın mövsüm başlayandan bəri çıxışını necə qiymətlindirirsiniz? Nə çatmır?

- Əvvəldən belə çətinliklər olacağını bilirdik. Çünki bizim məşqçilər və futbolçular ilk dəfə Premyer Liqa təcrübəsi qazanır. Biz də, futbolçular da səhv edə bilərik. Əsasən də sonluqlarda təcrübəsizlik özünü göstərir. Probemləri yavaş-yavaş aradan qaldırırıq. Amma bu hər şey demək deyil. Oyunumuza görə daha yaxşı yerlərdə ola bilərdik. Məğlubiyyətlərimiz əsasən son dəqiqələrdə olur. Hansı ki, həmin qollar, diqqətsdizlik olmasaydı, daha yaxşı mövqe tuta bilərdik. Uşaqların hədəfləri var, "Şamaxı” onlar üçün tramplindir. Təklifləri olur, amma onları başa salırıq ki, dəyərləndirməkdən ötrü ən azı bir il də komandada qalmalısınız. Çatışmazlıq hücum planındadır. Rəqibin cərimə meydançasına qədər gəlirik, amma sonluq yoxdur. Bu təkcə "Şamaxı”nın problemi deyil. Azərbaycanda hücumçu çatışmazlığı var. Futbolçunun fərdi keyfiyyətləri yüksək olmalıdır ki, 2-3 rəqibini keçib qol vursun. Komandanın ümumi problemi cərimə meydançasının içi ilə bağlıdır.  

- Kluba legioner transferi ilə bağlı qadağa qoyulub?

- Bəli, bu il rəhbərliklə sırf yerlilərə şans verməklə bağlı danışığımız oldu. Azərbaycanlı futbolçuları üzə çıxarmaq istəyirik. Həm də bilirik ki, rayona gələn legioner o qədər də yüksək səviyyədə olmaz. Normal səviyyədə olanlar isə böyük məbləğ istəyirlər. Ondansa yerliləri inkişaf etdirmək yaxşıdır. Ancaq gələcəkdə legioner ola bilər. 

- Sırf yerli futbolçularla oynamaq yaxşı haldır. Amma bu, nəticələrinizə də təsir edir…

- Nəticələrə təsir edir, biz də istəyirik ki, daha yaxşı yerlərdə olaq. Həm də gənclərlə işləmək daha əziyyətlidir. Onları bir neçə dəfə başa salmalısan, çünki təcrübəsizdirlər. Amma yerliləri inkişaf etdirmək daha xoşdur. 

- Yaxın illərə qədər "Sumqayıt” da sırf yerli futbolçularla iddialı komanda yaratmaq yolunu gedirdi. Amma bu layihə uğursuz oldu. Düşünmürsünüz ki, siz də eyni uğursuzluğu yaşaya bilərsiniz?

- Heç bir narahatlıq yoxdur. İki il bunu davam etdirmək istəyirik. Düzdür, oyunçu satmamışıq, amma Fuad Bayramov, Bahadur, Rəhman üzdə olmayan futbolçular idi. Artıq onlara təkliflər var. Onlara başa salırdıq ki, böyük klublara getsəniz, əsas heyətə düşməyəcəksiniz. Çünki orada səviyyəli legionerlər var. İnanırıq ki, bir il də qalsalar, daha yaxşı klublara gedə bilərlər. Avropadan təklif gəlsə, buna etiraz etmərik. 

- Premyar Liqada hakim idarəçiliyi ilə bağlı fikirləriniz necədir? Son günlər narazılıq çoxdur…

- Hakimlər də gəncdir, inkişaf etmək istəyir. Mən AFFA-da çalışmışam, onların çəkdikləri əziyyətləri görmüşəm. Hər oyundan sonra və əvvəl analizlər aparırlar. Öz üzərlərində işləyirlər. Proqramlardan istifadə edirlər. Düzdür, VAR sistemi mövcuddur. Onlar da təzyiq altında olurlar. Qısa zamanda qərar verməlidirlər. Heç bir etirazımız yoxdur. Həmişə dəstəkləyirik ki, gənc hakimlər inkişaf edib üzə çıxsınlar. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->