Mənim Xankəndim necə idi? Oraya ilk gedəndə 10-12 yaşım olardı (1978-80). Boz, soyuq, səliqəli, Sumqayıta, Mingəçevirə bənzər bir sovet şəhəri idi. Sonrakı gedişlərimdə anladım ki, Şuşa yuxarısında olmasa, bu şəhərin ümidini bağlayacaq, gözünü dikəcək yönlü bir ətrafı olmazdı. Lampaları daim göz vururdu.
Şəhərdəki lampa zavodunun istehsal etdiyi uzunşüllə vakuum lampaları, əsasən, yeni tikililərin interyerində, dəhlizlərdə, orta məktəblərin sinif otaqlarında istifadə edilir və hamısı da bir neçə gündən sonra göz vurmağa, yəni sıradan çıxmağa başlayırdı. Bir müddət sonra isə uzun lampanın içərisindəki vakuumdan sızma baş verir, beləliklə, lampanın bir tərəfi yanır, digər tərəfi isə bulanlıq çəhrayı rəngə dönür, sonra isə o çəhrayı yer qanqrena verən ayaq kimi qaralmağa başlayırdı.
Son zəngi İsa bulağında keçirdik (1985). O vaxt Xankəndindəki hökumət binalarının fasadı tünd çəhrayı, vulkanik üzlük daşlarla bəzədilmiş tikililərə bülənmişdi. Bu üzlük daşlar eynən o şəhərdəki zavodda istehsal edilən Sonralar bildim, Xankəndi ətrafındakı daş karxanasının idarəçiliyini ələ keçirən bir erməni məmur qanqrena rəngli daş satışından gələn gəlirlə "Krunk" terror təşkilatını gücləndirirmiş.
1983-cü ildə Xankəndinin mərkəzində baş tutan erməni-azərbaycanlı kütləvi davasında iştirak edən yaxın qohumum deyirdi ki, ermənilər vaxtilə bu şəhərin stadionunda bir azərbaycanlını diri-diri yandırıblar. Bütün bu hadisələrin təfərrüatını öyrəndikcə məni qəribə bir nigarançılıq üzürdü. Uşaq idim.
Sonra müharibəyə gəldim - Şuşaya. Ovuc içində "yatan" Xankəndi Şuşada bizə göz yummağa aman vermirdi. Qrad və top atəşləri elə yerləri vururdu ki, dəqiqlik adamı heyrətə salırdı. Sən demə, ruslara işləyən nadürüstlər içəridən "navodka" verirmiş. Bir dəfə də (1992-ci ilin apreli) ATƏT həmsədrləri vertolyotla Cıdır düzünə qondular. Onların belə qəfil qonmaqlığı mənim Rəhim Qazıyevlə nəzərdə tutulmuş müsahibəmin təxirə salınmasına səbəb oldu. Sonralar təkcə bu müsahibə deyil, həmin ay - yəni, aprelin 24-də Azərbaycan Ordusunun Laçından əməliyyata başlayaraq Xankəndini alıb Ağdama çıxmaq planı da birdəfəlik təxirə salındı. Və mən Şuşanı gülləboran altında tərk edərək Birinci Qarabağ müharibəsinin ən acı anlarını Laçın dəhlizində yaşamalı oldum. O vaxtdan indiyədək yaşadığım bütün evlərin qapısını şəxsən özüm arxadan kilidləməsəm, olmur.
Müharibə bitən ili (2020) bir ədəbiyyatçı dostum zəng edib hansısa antologiya üçün hekayə istədi. Dedi ki, düşmənin, müharibənin, otuz illik konfliktin, faciələrimizin obrazını əks etdirən hekayə olmalıdır. Dedim: - Məndə elə hekayə yoxdur, amma sənə müharibənin zədələrini əks etdirən "Sınaqlar" silsiləsinidən olan hekayələrimi göndərə bilərəm.
"Yox əşşi, onları oxumuşam. Hmm, deməli, bu illərdə sən ermənilərdən heç nə yazmamısan?” "Yox", - dedim, - olanım budur". "Nə əcəb?" – ərklə soruşdu. Dedim: "Görünür, mən də müharibəni bu qədər anlamışam".
Yəqin uşaqlıqdan düz başa düşmüşəm, mənə görə bizə qarşı tətbiq olunan ermənilik millətçilik deyil, rəzalət idi. Məsələn, millətin malını yeyən məmura "erməni" deyən xalq bu sözü deyərkən heç də millətçiliyi deyil, rəzaləti, xəyanəti, qəddarlığı nəzərdə tutur. Erməni millətçiliyini isə sanki saya salmır, ümumi kontekstdə danışır, qəzəbini ironiya, atmaca ilə əvəzləyir. Orta məktəbdə - Mingəçevir-Yevlax ərazisində, məktəblər arasında düşən kütləvi davalarda bəzən mən də iştirak edirdim. Bir dəfə qadın sinif rəhbərimiz bizi sinfə qatıb tənbeh edirdi, gördü bizə söz çatmır, ağladı və dedi: "Nədi, erməni-zadsız?! Qanınız yoxdu?!"(1983). Ondan sonra çoxumuz kütləvi davalara getmədik.
Biz olanları unutmağa çalışırıq. Əminəm ki, ağlı başında olan heç kəs nə müharibə, nə də düşmənçilik istəyir. Lakin müharibədən əvvəl bir PR məzmun hazırlayıb təqdim edərkən, hazırladığım sloqana münasibət hələ də məni düşünməyə vadar edir. "Yolumuz Xan Kəndinədir!" sloqanı uzun mübahisələrdən sonra "Yolumuz Xankəndinədir" kimi qəbul edilsə də (2019), sloqanın və xüsusilə də, burada ayrı yazılmış Xan sözünün əleyhinə olan nüfuzlu insanların duyğularını hələ də anlamağa çalışıram. Bəlkə onlar həm Xanı, həm də Kəndi unutmaq üçün istəyirdilər ki, qayıtmaq istədikləri şəhər Kənd kimi yox, Şəhər kimi, məkan kimi, coğrafi ərazi, ünvan kimi səslənsin? Mən bu gün də Xankəndi sözünün hallandırılmasında qrammatikaya deyil, "yumşaq tarixi güzəşt"ə, tarixi və sentimental assosiasiyaya, hekayəyə üstünlük verilməsinin tərəfdarıyam. "Yumşaq tarixi hekayə"dən ehtiyatlanmaq, vaxtilə bu əraziyə ad verənlərin "müəllifliyini" öldürmək dilçiliyin köhnə peşəsidir. Mahiyyəti unutdurmaq hissi də insan təbiətinə xasdır. Amma, mənə görə, Xankəndi simvolik olaraq sozə, söz birləşməsinə sığmazdan əvvəl kiçicik bir hekayəyə sığmalıdır. O hekayədə mən daim Xanın göstərişlərini, Qarabağ atlarını, ferma və kazarmaları, kazakları, xəyanət və cinayətlərin izini görür, səsini eşidirəm. Bir də üzünü görmədiyim, amma oradakı meşəlikdə kef edən xanzadələrin sədası qulağımda cingildəyir.
Şəhərlər, məkanlar da bir ümiddir, quruluşdur. Xankəndi isə daim Şuşaya sığınmış, Şuşadan əmələ gəlmiş bir məkandır. Bəlkə, hələ bundan sonra da bir müddət üzünü Şuşaya tutub inkişaf edəcək, dəyişəcək, özünü tapacaq. Məncə Xan təməldən bu işi bilə-bilə elə qurmuşdu ki, Xankəndinin "şəhərşamaxı" olmaq iddiası baş tutmasın. Şuşadan, belə deyək, "dədə evindən" birdəfəlik ayrılması üçün ona sentimental Xan vurğusu vurulmalıdır. Çünki "xan"la "kənd" bir-birindən qaçmaq istəyən sözlərdir. Lakin kürək-kürəyə dayanıblar. Bu isə nə cür etsən, "Xankəndiyə" kimi səslənməli olan söz birləşməsini üşüdür. İndi bu sözü yerinə qoymağın və onun üstünə isti damğa vurmağın vaxtıdır.
Yeni günün mübarək, Xankəndi! Sənə qovuşmaq üçün uğrunda şəhid və qazi olanların yeri könlümüzün dərinliklərindədir.
Gəlin gedək Xankəndinə!
Şərhlər