Xəbər lenti

Ekonomiks 17:11 24.04.2024

"Türkmən qazının Qərbə çıxması üçün Azərbaycandan başqa yolu yoxdur" (ŞƏRH)

"Türkmənistanın ən böyük arzularından biri öz təbii resurslarını yalnız Rusiya və Çinə deyil, Qərb bazarlarına da çıxarmaqdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkmənistanın ölkənin neft-qaz sektoruna xarici kapitalın cəlbini gücləndirməyi planlaşdırdığı barədə məlumatı şərh edərkən deyib.

Natiq Cəfərli vurğulayıb ki, Qərb bazarları daha dayanıqlı və daha bahalıdır:

"Ona görə Türkmənistan da əsasən məhz bu bazarla əməkdaşlıqda maraqlıdır. Məsələn, Aşqabad qazı Rusiyaya dünya bazarı ilə müqayisədə iki dəfə, Çinə isə 35-40 faiz ucuz qiymətə satır. Qərb bazarlarına çıxış isə Türmənistanın çoxdankı arzusudur".
 


Ekspert qeyd edib ki, bu zaman Türkmənistan üçün əsas rolu Azərbaycan oynaya bilər:

"Çünki Türkmənistanın təbii resurslarının Qərbə çıxması üçün başqa yol yoxdur. Azərbaycan isə Qərbə yönəlik hazır neft və qaz kəmərləri infrastrukturuna malikdir. Başqa yolla Türkmənistanın Qərb bazarlarına çıxışı coğrafi olaraq mümkün deyil. Güman ki, bu məsələdə Aşqabad Bakı ilə müəyyən birgə addımların atılmasında maraqlıdır. Bu istiqamətdə müəyyən danışıq və anlaşmalar olacaq".

Natiq Cəfərlinin fikrincə, Fransa həmin prosesdə aktiv olmaq istəyirsə, Azərbaycana münasibətdə siyasətinə yenidən baxmalıdır: 

"Münasibətlərdəki gərginliyə baxmayaraq, Fransanın "Total” şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir. "Total" şirkəti vasitəsilə Türkmənistan enerji daşıyıcılarının Azərbaycan üzərindən Qərbə çıxışını təmin etmək mümkündür". 

Qeyd edək ki, 24-25 aprel 2024-cü il tarixlərində Parisdə Türkmənistanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə beynəlxalq forum keçirilir. Tədbir "Türkmənqaz” və "Türkmənneft” dövlət konserni tərəfindən Britaniyanın "GaffneyCline” şirkəti ilə birgə təşkil olunub. Tədbir zamanı neft və qazın hasilatı, nəqli və emalı ilə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Forumda aparıcı milli və beynəlxalq enerji şirkətləri, o cümlədən ekspertlər iştirak edəcəklər. Bu tədbir Aşqabadın iqtisadi müstividə öz nəzərlərini Qərbə yönəltdiyinə işarədir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->