Xəbər lenti

Trampın Ukrayna və Rusiya ilə bağlı planı tam başqaymış - Mayk Pompeo açıqladı
Dünya 17:40 26.07.2024

Trampın Ukrayna və Rusiya ilə bağlı planı tam başqaymış - Mayk Pompeo açıqladı

ABŞ-ın keçmiş dövlət katibi Trampın Ukrayna ilə bağlı ehtimal olunan sülh planını açıqladı: Rusiyaya qarşı "real sanksiyalar”, Lend-liz, Ukraynanın NATO və Aİ-yə daxil olması

ABŞ-ın keçmiş dövlət katibi, 2018-2021-ci illərdə bu vəzifəni tutmuş və mediaya görə, hələ də Donald Trampla əlaqə saxlayan Mayk Pompeo Ukrayna müharibəsi ilə əlaqəli sülh planını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə o, "The Wall Street Journal”da "Trampın Ukrayna üçün sülh planı” adlı köşə yazısı dərc edib.

Orada o, "Ukrayna üçün uğurlu planın necə görünə biləcəyini” təsvir edir. Mövzular arasında Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və onların istifadəsinə qoyulan məhdudiyyətlərin ləğvi, 500 milyard dollarlıq Lend-Liz proqramı, Ukraynanın Aİ və NATO-ya qəbulu var.

Pompeonun Trampın seçki kampaniyasının keçmiş müşaviri Devid Urbanla yazdığı köşə yazısında deyilir ki, Tramp hakimiyyətə gələrsə, Ukraynanı təslim olmağa məcbur etmək niyyətində olduğuna dair heç bir dəlil yoxdur. Əksinə, məhz Tramp prezidentliyi dövründə Kiyevə "Javelin” raketlərinin tədarükünə əvvəlki administrasiyanın qoyduğu qadağanı ləğv edib.

"Bayden müharibəyə zəiflikdən girdiyi halda, Tramp güc vasitəsilə sülhü bərpa edə bilər”, - köşədə deyilir.

Bundan sonra mətndə, müəlliflərin fikrincə, Trampın həyata keçirə biləcəyi proqramın konkret məqamları sadalanır:

Rusiyaya qarşı "real sanksiyalar”ın tətbiqi. Müəlliflər yazır ki, hazırkı sanksiyalar "kağız üzərində yaxşı səslənir, lakin [mahiyyət etibarı ilə] boşdur”: məsələn, Rusiya bankları fəaliyyətləri enerji resurslarının satışı ilə bağlı olarsa, məhdudiyyətlərdən azaddırlar.

Ukraynanın ala və istifadə edə biləcəyi silah növləri ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması. Müəlliflər yazır ki, bu, Ukraynanın mövqeyini bərpa edəcək və Kremlin artan xərclərlə üzləşəcəyi və qələbəsinin qeyri-mümkün olduğu vəziyyətə düşəcəyi şərait yaradacaq. Bu, Putini müharibənin bitməli olduğunu başa düşməyə vadar edəcək, deyə köşə müəllifləri əlavə edirlər.

500 milyard dollarlıq Lend-Liz proqramının işə salınması. Müəlliflər yazır: "ABŞ vergi ödəyicilərini yeni hesablarla yükləmək əvəzinə, Ukrayna ABŞ silahlarını almaq üçün lazım olan qədər borc alsın”. Bu yolla, onların fikrincə, onlar Putinə "heç vaxt qalib gəlməyəcəyi” barədə "aydın siqnal” göndərə bilərlər.

Plan həmçinin "NATO-nun aktivləşdirilməsini”, o cümlədən Avropa ölkələrini ÜDM-in 3%-ni müdafiəyə xərcləməyə məcbur etməyi nəzərdə tutur; ABŞ müdafiə sənayesinin inkişafı ("Düşmənlərimizə, xüsusən də Rusiya və Çinə ABŞ-ın müdafiə qabiliyyəti ilə rəqabət apara bilməyəcəklərini göstərməliyik”), Səudiyyə Ərəbistanı və İsraillə münasibətlərin bərpası, Yaxın Şərqi sabitləşdirməli və səudiyyəlilərə Moskvanı enerji bazarlarından sıxışdırıb çıxarmaq cəhdində Vaşinqtona qoşulmaq imkanı; eləcə də "Amerikanın enerji potensialının açılması” – müəlliflər bu məqamı deşifrə etmirlər, lakin qeyd edirlər ki, bu, qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq ki, bu da Rusiyanın hərbi xərclər üçün büdcəsini azaldacaq.

Müəlliflər yazır ki, bütün bu addımlar Trampa dərhal atəşkəs üçün şərtləri müəyyən etməyə imkan verməlidir. Bu halda Kiyevin müdafiə üçün əhəmiyyətli qüvvələri olacaq, heç kim Rusiyanın Ukrayna ərazilərini işğalını tanımayacaq və Ukrayna Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərindən reparasiyalar hesabına bərpa edə biləcək.

Bundan sonra Ukrayna mümkün qədər tez NATO-ya daxil olmalı və alyans onun silahlanması üçün 100 milyard dollarlıq fond yaratmalıdır, müəlliflər yazır. Aİ həmçinin "Ukraynanı tez qəbul etməli” və ona iqtisadi inkişafda kömək etməlidir.

Müəlliflər yazır ki, Rusiya bütün şərtlərə əməl etsə, Qərb ondan tədricən sanksiyaları götürəcək. Ukrayna Aİ və NATO-ya daxil olandan sonra onlar tamamilə götürüləcək. 

Qeyd edək ki, Qərb analitikləri arasında geniş yayılmış belə bir fikir var ki, Tramp Putinin üstünlük verdiyi namizəddir (o, açıq şəkildə bunun əksini desə də). Belə gözləntilər ABŞ-ın keçmiş prezidentinin ictimai açıqlamalarından da yarana bilərdi. Məsələn, Baydenlə debatda Tramp bildirib ki, seçkidə qalib gəlsə, 2025-ci ilin yanvarında rəsmi olaraq prezident olana qədər müharibəni həll edəcək. Respublikaçıların qurultayında o, "telefon zəngi ilə istənilən müharibəni dayandıra biləcəyini, sadəcə düzgün sözləri seçmək lazım olduğunu” deyib. Bununla belə, Tramp Ukraynadakı müharibə ilə bağlı mövqeyini açıqlamayıb.

İyun ayında Reuters xəbər verib ki, Trampın əsas müşavirləri ona seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynada müharibəyə son qoymaq planını təqdim ediblər. Plan nəzərdə tutur ki, Ukrayna hakimiyyəti Moskva ilə danışıqlara başlamasa, Vaşinqton Kiyevi hərbi yardımdan məhrum edəcək. Rusiyanın danışıqlardan imtina etməsi isə Amerikanın Ukraynaya dəstəyinin artmasına səbəb olmalıdır.
 
Pompeo və Urbanın təsvir etdiyi "Tramp planı” çətin ki, Kremli razı salsın.

Mayk Pompeo Donald Trampın prezidentliyi dövründə ABŞ dövlət katibi vəzifəsində çalışıb. O, prezident seçkilərində iştirak etməyi planlaşdırsa da, 2023-cü ilin aprelində fikrini dəyişdiyini açıqlayıb. "The Financial Times” iyulun əvvəlində yazıb ki, keçmiş prezidentin yenidən seçilməsi ilə bağlı artan narahatlıqlar fonunda Avropa liderləri və rəsmiləri Pompeo və Trampın çevrəsindən olan digər siyasətçilər ilə görüş təşkil ediblər.

"Bloomberg” Devid Urbanı Trampın qeyri-rəsmi məsləhətçisi və lobbiçisi adlandırır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->