Xəbər lenti

Tələbələrin problemi: dərslər axşam, imtahanlar səhər saatlarında...
Ölkə 19:03 24.10.2024

Tələbələrin problemi: dərslər axşam, imtahanlar səhər saatlarında...

Bəzi ali təhsil müəssisələrinin magistratura pilləsində təhsil alan tələbələrin dərsləri axşam saatlarında keçirilir. Bu da həmin pillədə təhsil alan tələbələrin işləməsinə şərait yaradır. Dərslər axşam olsa da, bəzi universitetlər imtahanları səhər saatlarında keçirir, bu da xüsusilə işləyən tələbələr arasında narazılığa səbəb olur.

İmtahanların keçirilməsi universitetlərin daxili siyasətinə aid olduğu üçün hər biri ali təhsil müəssəsində sessiya imtahanlarının təşkili ilə bağlı fərqlər müşahidə olunur. 

Modern.az mövzu ilə bağlı universitetlər arasında sorğu keçirib. 

Azərbaycan İqtisadiyyat Universitetindən və Azərbaycan Texniki Universitetindən bildirildi ki, magistratura dərəcəsində dərs alan tələbələrin dərs saatları kimi sessiya imtahanları da axşam təşkil olunur. Beləliklə tələbələr sözügedən mövzu ilə bağlı heç bir problem yaşamır və işdən çıxdıqdan sonra dərslərdə və imtahanlarda rahat iştirak edə bilirlər.  

Qərbi Kaspi Universitetindən isə magistrların imtahanları bir qayda olaraq 13:00-da təşkil olunur. Bildirilib ki, bu işləyən tələbələr üçün əlverişlidir, çünki həmin vaxt iş yerlərində nahar fasiləsi başlayır. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, həmçinin Azərbaycan Turizm və Menecment Universitetində isə magistratura səviyyəsində dərs alan tələbələrin dərs saatları axşam olsa da imtahanlar səhər saatlarında təşkil olunur.

Bakı Dövlət Universitetində bu ilə qədər magstratura dərslər günün müxtəlif saatlarında keçirilirdi, cari ildən etibarən isə dərslər konkret saatda - 17:20-də başlayır. İmtahanların təşkili ilə bağlı mətbuat katibliyindən sorğumuza cavab olaraq bildirilib ki, sessiya imtahanlarının təşkil olunacağı vaxt haqqında hələ ki, konkret qərar qəbul olunmayıb. 

Təhsil sahələri üzrə ekspert Elçin Əfəndi deyir ki, imtahanların təşkili proses uzun olduğu üçün onun axşam keçirilməsi prosesi ləngidə bilər. "Magistratura səviyyəsində təhsil alan tələbələrin əksəriyyəti ya işləyir, ya da evlidir bu səbəbdən onlar, dərslər kimi sessiya imtahanlarının da axşam keçirilməsində maraqlıdır. Lakin bəzi hallarda bu mümkün olmur, tələbələr imtahan verdikdən sonra onun şəffaf şəkildə yoxlanılmasını təmin etmək uzun prosesdir buna görə də tələbələrin şikayətlərini nəzərə alaraq  imtahanların həftə sonları keçirlməsi daha yaxşı olardı".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->