Ötən gün Azərbaycan Kubokunun finalında "Neftçi” - "Qəbələ” ilə qarşılaşdı. Gərgin və əsl finala layiq oyundan sonra bölgə təmsilçisi qələbə qazanaraq tarixinin səhifələrinə daha bir kubok rəsmi çəkdi. Əlbəttə, "Neftçi”yə nisbətən məhdud büdcə, xırda dəyişiklikləri nəzərə almasaq, demək olar, bir neçə ildir eyni heyətlə Azərbaycan Premyer Liqasında, özü də son iki mövsümdə yüksək pillələr uğrunda oynayan Elmar Baxşıyevin komandası bu qələbəni haqq edirdi desək, yanılmarıq. Bəli, Baxşıyev yerli və legioner futbolçuların vəhdətini yarada bilib. Ölkə çempionatında özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. İnanaq ki, avrokuboklarda da Azərbaycanı layiqincə təmsil edəcəklər.
Hə, "Neftçi”yə gəlincə… Əslində, bu komandadan, Regenin sistemindən rəhbərliyin idarəçiliyindən geniş danışmağa o qədər də lüzum görmürəm. Çünki hamısı göz qabağındadır. "Neftçi” səviyyəsinə uyğun olmayan legionerlərə, keyfiyyətsiz baş məşqçiyə yedirdikləri, yəni, havaya sovurduqları milyonlara, əlbəttə, daha yaxşı komanda formalaşdırmaq mümkün idi. Amma demək olar, hər oyundan sonra azarkeşləri tərəfindən söyülən, təhqir olunan, istefaya çağırılan, "Rədd olun!”, "Klubdan çıxın gedin!” şüarları ilə qarşılanan rəhbərliyin naşılığı sayəsində "Neftçi” bugünkü vəziyyətinə düşdü. Əminəm ki, Bakı klubunun azarkeşləri indi Samir Abasovun "Neftçi"sini ikiəlli, göydə arzulayır. Amma… Hardadı elə komanda? Belə davamiyyətlə çətin ki, bir də görələr. Halbuki, Samiri açıqlamalarına görə linç etmişdilər, bağışlamamışdılar. İstənilən halda, o "Neftçi", bu "Neftçi"dən daha qüdrətli, səviyyəli idi. Ən azı ölkə çempionu olmağı bacarmışdılar. Samirin mətbuata açıqlamalarından inciyən rəhbərlik, eləcə də bir çox azarkeşlər onun postundan göndərilməsinə nail olmuşdular. Yəni, belə desək, mütəxəssisi işinə görə deyil, sözlərinə görə qiymətləndirdilər və bu da nəticəsi. Demək olar, hər mətbuat konfransında rəhbərliyin yanlış transfer siyasətindən, istədiyi futbolçuları ala bilməməsindən gileylənən Abasovun sözlərinin zamanla həqiqət olduğu üzə çıxdı. Lakin həmin vaxt istər azarkeşlər, istərsə də rəhbərlik mütəxəssisin arxasında dayanmaq əvəzinə, ona arxa çevirdilər. Belə demək mümkünsə, komandanı çempionluğa daşımış Abasovu okeanın ortasında tək buraxdılar. Bəlkə də tarix Samirin haqqının yeyilməsini "Neftçi”yə bağışlamadı. İki il əvvəl "Qarabağ” kimi nəhəngi üstələyib Azərbaycan çempionu olan Abasova şans verilsəydi, bəlkə də komanda gözdən bu qədər düşməzdi.
Yadımdadır, o vaxt Abasovun müdafiəsiz qalması, tək buraxılması haqda köşə yazmışdım. Üstəlik, əlaqə saxladığım futbol ictimaiyyətinin bir sıra görkəmli nümayəndələri də açıqlamalarında məhz onun qalmasının tərəfdarı olduğunu, haqsızlıq edildiyini vurğulamışdılar. Zaman göstərdi ki, mütəxəssis sözünə qulaq asıb səhvləri düzəltməklə yanaşı, ictimai qınaqlara da tab gətirmək lazım idi. Amma görünən odur ki, nə klubun prezidenti Kamran Quliyev nə də idarə heyətində yer alanlar bundan dərs çıxarmaq fikrindədir. Elə isə başqa söz deməyə lüzum yoxdur. Öz əliniz, öz başınız, öz cibiniz…
Səbuhi Həsənov
Şərhlər