Xəbər lenti

Romanın qəhrəmanı Yonqhe niyə bitki olmaq istəyir? - Nobel mükafatçısının özü və qəhrəmanları...
Sənət 19:30 10.10.2024

Romanın qəhrəmanı Yonqhe niyə bitki olmaq istəyir? - Nobel mükafatçısının özü və qəhrəmanları...

Bu gün ədəbiyyat üzrə "Nobel" mükafatının qalibi açıqlandı. 2024-cü il ədəbiyyat üzrə Nobel mükafatına Cənubi koreyalı yazıçı Han Kanq layiq görüldü.
 
Qaynarinfo-nun verdiyi xəbərə görə, 55 yaşlı yazıçı mükafatı "tarixi travmalara qarşı gələn və insan həyatının kövrəkliyini təcəssüm etdirən intensiv poetik nəsrinə görə” qazanıb.

2016-cı ildə yazdığı mental cəhətdən xəstə olan və ailəsinin etinasızlığı ilə qarşılaşan qadının həyatından bəhs edən "Vegeterian" adlı əsərilə Beynəlxalq " Man Booker” mükafatına layiq görüləndə artıq ciddi ədəbiyyat çevrələrinin diqqətini cəlb etmişdi.

Həmin illərdə Türkiyədə də bir neçə kitabı dərc olunan Han Kanq yerli yazar və tənqidçilərin də diqqətini çəkmişdi.

Türk yazar və ədəbiyyat tənqidçisi Oylum Yazarın Han Kanqın kitabları haqqında yazdığı qısa esseni oxucularımıza da təqdim edirik:

Han Kanqın İnsanı: Dəhşət və Məsumiyyət!


Onu Koreyadan uzaqda, bütün dünya ilə birlikdə bir roman vasitəsilə tanıdıq. Həm çox fərqli, həm də çox tanış bir səsi var idi. Bu səs, bunca şər və xeyiri eyni anda içində daşıyan dünyamızı sevə biləcəyikmi deyə insanlığımıza və hələ varsa, vicdanımıza səslənirdi... 

Adı Han Kanq idi, romanı isə "Vegetarian". Onunki böyük reklam kampaniyaları və ya görkəmli satış strategiyaları ilə diqqət çəkən bir bestseller deyildi. Əksinə, ədəbiyyatsevərlərin bir-birinə pıçıldadığı və tez yayılan bir sirr kimi əl-əl gəzən bir əsər idi. Han Kanq bu romanında sadə bir ev xanımının fərqindəlik, oyanış və dəli olma hekayəsini danışırdı. Romanın qəhrəmanı Yonqhe, insan deyil, bitki olmaq istəyirdi. İnsani vəhşətdən xilas olmaq üçün bir gün qəfildən ət yeməyi tərk edirdi. 

"Vegetarian", qadın və insan olaraq mədəniyyətin, dinin və patriarxal sistemin müəyyən etdiyi sərhədlərdən kənara çıxmağın nə qədər mümkünsüz bir arzu olduğunu göstərirdi. Məsələn, qızını zorla ət yeməyə məcbur edən atanı və ya iş yeməyində onun ət yeməməsinə dair danışılan qorxunc söhbətləri oxucunun yadından çıxarmaq çətindir. Bu və buna bənzər səhnələr haqqında Han Kanq jurnalist Elif Bereketliyə verdiyi müsahibədə belə deyirdi: "Roman, həm bir sual, həm də bir alleqoriya daşıyır. İnsan olmaq istəməyən bir qadın var və onun seçimi o qədər qətidir ki, ölümdən belə qorxmur. Onu anlayacaq kimsə yoxdur. Buna görə qəribə və ifrat bir alleqoriyadan istifadə edir, oxucunu insanlıq haqqında düşünməyə dəvət edir”.

Han Kanq roman boyunca bitki olmaq istəyən ev xanımının səsini duyurmaq üçün fərqli bir texnikadan istifadə etmişdi. Üç fərqli təhkiyəçi Yonqhenin oyanışını, özündən vaz keçməsini və dəli olmasını öz baxış bucaqlarından izah edirdi. Qəhrəmanın səsi yalnız bu şəxslərə danışdığı yuxularda duyulurdu. "Yuxuda, tam kəsilməmiş başı tutub son bıçaq zərbəsini endirdiyimdə, sürüşkən üzü əlimə aldığımda, o halda oyananda. Gerçək həyatda, qarşımda səndələyən göyərçini öldürmək istəyəndə, uzun müddət izlədiyim qonşunun pişiyinin boğazını kəsmək istəyəndə, ayaqlarım titrəyib soyuq tər tökəndə, sanki başqası kimi hiss edəndə, içimdən başqa biri çıxıb məni udanda, məhz o zaman...” 

Bəs bu dəhşətli hekayənin ən təsirli yanı nə idi? Bitki olmaq istəyərək dəli olan sadə bir qadının hekayəsi niyə bütün dünyada bu qədər maraq oyatmışdı?
 


İnsan Olmaqdan Qurtula Bilərmi İnsan?

Han Kanq Koreyanın orta sinif ənənəvi həyatını, universal bir hekayəyə çevirirdi. Onun sadə, aydın bir dili var idi və bu dildə insani varoluşun dəhşəti ilə yer üzünün şeiri eyni anda səslənirdi. Su qədər aydın və yenə su qədər sirli bir səs... Soruşurdu: İnsan olmaqdan qurtula bilərmi insan? Və necə?

Türkcəyə tərcümə olunan "Vegetarian"-dan sonra "Uşaq Gəlir" əsəri də gəldi. Han Kanq bu romanında da 1979-cu ildə Koreyada qanlı şəkildə yatırılan müxalif bir üsyanı mərkəzə alaraq dövlətlə, ailə ilə, mədəniyyətlə olan insanın hesablaşmasını davam etdirirdi. İnsanlıq cinayəti ilə insan şərəfi arasındakı incə xəttə yerləşdirirdi sarsıdıcı hekayəsini. Eynən "Vegetarian"da olduğu kimi, "Uşaq Gəlir"də də gündəlik siyasətin və yaşadığı dövrün/kültürün kənarına çıxaraq insana və dünyaya dair universal bir sualı roman halına gətirirdi.

Biz onu bu romanla tanımış olsaq da, "Vegetarian" onun ilk romanı deyildi. Han Kanq, yazdığı romanların Koreya sərhədlərini aşaraq dünyaya yayılması ilə tanınan və mükafatlar alan bir yazıçıdır. 2016-cı ildə bu romanı İngilis dilində nəşr olunanda Man Booker mükafatını qazandı...
 

Şair, Esseist, Hekayə və Roman Yazıçısı, Bestəkar, Müğənni!

Han Kanq həm şair, həm hekayə və roman yazıçısı, həm də musiqiçidir. Hətta öz bəstələrini səsləndirdiyi bir albomu da var. Bununla yanaşı, esse kitabları yazır və yaradıcılıq dərsləri verir. 1999-cu ildə yazdığı novellası "Bebek Buda" və "Vegetarian"ın kino uyğunlaşdırmaları var və o, yazdığı kitablara görə 10 mükafatın sahibidir.

İndi isə uzun zamandır gözlənilən "Ağ Kitab" romanı ilə yenidən qarşımızdadır. Han Kanqın romanlarında məsumiyyəti leytmotif olaraq işlədiyi bilinir. Bu romanda isə məsumiyyət leytmotif olmaqdan çıxır və əsərin qəhrəmanına çevrilir. Doğulduqdan sonra yalnız iki saat yaşayan vəfat etmiş bacısına həsr olunmuş bu roman avtobioqrafik xarakter daşıyır. Roman, Varşava şəhərinin yenidən qurulması və ağın simvolizə etdiyi anlayışlar üzərində inşa edilir.

"Ağ Kitab" tam mənasıyla roman olmaya bilər, lakin həm insanı axtarışda romanın sərhədlərini genişləndirən ustad bir yazarı oxumaq, həm də onun yaratdığı əsərlərlə vicdanın səsi olmağı bacaran bu diqqətəlayiq yazara yenidən qulaq vermək üçün dəyərlidir.

Oylum Yılmaz

İstanbul doğumlu Türk yazıçısı, ədəbiyyat tənqidçisi və jurnalistdir. Ədəbiyyat və mədəniyyət sahələrində müxtəlif jurnal və qəzetlərdə yazıları və tənqidləri yayımlanıb. 2017-ci ildə nəşr olunan "Cadı" adlı romanı və "Gerçək Həyat" kimi əsərləri vardır. Yılmaz, əsərlərində əsasən kimlik, qadınlıq və cəmiyyət məsələlərini işləyir. Çağdaş Türk ədəbiyyatında dərin tənqidləri və töhfələri ilə tanınır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->