Xəbər lenti

Regionların turizm problemləri, bahalı qiymət, aşağı xidmət - Həlli yolu nədir? (MÜSAHİBƏ)
Ekonomiks 12:30 16.12.2023

Regionların turizm problemləri, bahalı qiymət, aşağı xidmət - Həlli yolu nədir? (MÜSAHİBƏ)

(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb)

Regionların inkişafında atılacaq ən vacib addımlardan biri turizm potensialı olan bölgələrdə həmin sahəyə aid olan infrasrukturun genişləndirilməsi, inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün əlçatanlığının təmin edilməsidir. Azad iqtisadi əlaqələr, qiymət tənzimləmələri dövründə bu qiymətlərin hər büdcəyə uyğunluğunu təmin etmək isə əsas şərtlərdəndir. Həmin bölgələrdə qiymət siyasəti ilə yanaşı xidmət keyfiyyətinin artırılması vacibdir. Bu həm də həmin regiona daha çox turist axınını təmin etməklə, regioda işsizliyin səviyyəsini azaltmağa, sosial-iqtisadi inkişafın təmin edilməsinə dəstək olur.

Bəs bütün bunlar necə tənzimlənir? Regionlardakı turizm obyektlərinin xidmət keyfiyyətinə, qiymət siyasətinə nəzarət necə olmalıdır?

Qaynarinfo bu sualları turizm məsələləri üzrə ekspert Əziz Şiriyevlə müzakirə edib.

- Bölgələrdə turizm obyektlərində, kafe və restoranlarda, otellərdə, istirahət mərkəzlərində qiymətlər kifayət qədər artıb. Hər il də biz bu artımı nəzərə çarpacaq dərəcədə görürük. Qiymətlərin belə sürətlə artması nə ilə bağlıdır?

- Bu çox aktual sualdır. Biz bu məsələni hər il müzakirə edirik, üzərində işləyirik. Ona görə də bunun səbəblərini artıq özümüz üçün aydınlaşdırmışıq. Turizm Agentliyi qismində nazirlik çıxış edir. Turizm Assosiyasiyası turizm şirkətlərinə, otellərlə bağlı assosiyasiya otellərə, Bələdçilər Assosiyasiyası da bələdçilərə nəzarət edir. Bu assosiyasiyalar isə nəzarət etməli olduqları yerlərə əmiryana heç nə edə bilmirlər. Onlar qiymət müəyyənləşdirə bilmir. Sadəcə xahiş və məsləhət verə bilərlər. Bu sahəyə nəzarət kompleks işdir. Həmin regionlarda rəqabət aparmağa turizm obyekti olmursa, orda rəqabətli qiymət də olmur. Məsələn, Qarabağda işğaldan sonra iki-üç otel, restoran fəaliyyətə başlayıb. Məsələn, "Xarı bülbül”, "Qarabağ” oteli fəaliyyət göstərir. Ona görə də orda rəqabət yoxdur, istədikləri qiyməti də tənzimləyə bilmirlər. Bu gün "yolumuz Qarabağa” layihəsi ilə bir günlük turlar 26 manatdısa, 2-3 günlük turlar isə 200-300 manatın üzərindədir. Bu qiymətlər isə əl çatan deyil. 

 

- Bəs bayram vaxtı regionlarda otellərin qiyməti niyə bu qədər bahalaşır?

- Bu sualı mən həmin yerlərdəki otel sahiblərinə verəndə deyir ki, pandemiyada biz otellərimizi saxladıq, işçilərə maaş verdik. Turizm həssas sahədir və ən çox zərər çəkən sahələrdəndir. Bununla bağlı isə bizə heç bir kömək olmur. Ona görə də qiymətləri artırmağa məcburuq. Sizə bir məsələni də vurğulayım. Bu işin sirli tərəfi də var. Biz nə qədər desək ki, qiymət bahadır, bayram günlərində daha da bahalaşır. Amma bayrama bir həftə qalmış regionlarda olan tanınmış otellərə zəng vursaq görərik ki, birində boş yer olmayacaq. Tələb-təklif iqtisadiyyatın qızıl qanunudur. Əgər təklif bu qiymətə verilirsə, həmin qiyməti bron edirlər, alırlarsa, otel sahibi gələn dəfə bundan da yüksək qiymət qoyacaq. Amma o qiymətə heç kim yaxın durmasa, məcbur olub qiyməti ucuzlaşdıracaq. 

- Turizmin inkişafı regionlara görə bölünür? İndi hansı istiqamətlər aktivdir?

- Bəli, turizmin Azərbaycanda 4 istiqaməti var. Şimal, şimal-qərb, qərb və cənub. İndi aktiv olanlar isə Qusar istiqamətindədir. Bir azdan isə Şahdağ istiqamətində yer tapılmayacaq, həmçinin Qəbələ istiqamətində də. Çünki Şahdağ və Tufandağ bizim əsas qış turizm kompleksləridir. 

- Regiondakı otellərə fərdi şəxslərin müraciətləri sərf edir, yoxsa turizm şirkətləri tərəfindən gələn müraciətlər?

- Turizm şirkətləri otellərin təqdim etdiyi qiymətləri satışa verir. Vətəndaş da fərdi şəkildə otellə əlaqə saxlasa, həmin qiyməti eşidəcək. Ancaq bu xidməti turizm şirkətlərindən almağın üstünlükləri var. Çünki turizm şirkətləri bununla bağlı məsuliyyət daşıyır. Şirkətlər sadəcə müştəri cəlb etdiyi üçün oteldən komissiya alır. 

- Turizm şirkətləri otellər qarşısında eyni zamanda öz xidmətlərinin yüksəldilməsi üçün tələblər qoya bilərmi?

- Bəli, onlar qarşılıqlı əməkdaşlıq əsasında işləyir. Xüsusi ilə 4-5 ulduzlu otellərin nümayəndələri ilə müzakirələr aparılır. Lakin son sözü həm də rəhbərlik deyir. Məsələn, deyir qiymət bu olsun. Fikrimcə, işini idarə etməyə menecment qoymusansa, ona kənardan müdaxilə etmək olmaz. Mənə görə isə bütün bunlara görə regionları gəzmək üçün ucuz və  sərfəli yol turlardı. Lakin insanlar bundan qaçır. 1000-1500 manatı verir. Əgər bu pulu da verirlərsə deməli gücləri də çatır.

- Regionlardakı otellərlə bağlı şikayət edilən digər məsələ qidalanma ilə bağlıdır. İnsanlar şikayət edir ki, qiymət baha, amma qidalanma o paketə uyğun deyil... 

- Bununla razılaşmıram. Bəli qiymət artımı var. Amma restoran xidmətində keyfiyyət qorunur. Restoranlar regionlara uyğun öz xidmətlərini, milli yeməkləri təqdim edir. Ümumiyyətlə regionlarda xidmətdə olan səmiyyət mərkəzdə yoxdur. Hətta xırda turizmlə məşğul olan şəxslər belə sizi çöldə qoymaz. 

- Siz xırda turizm mərkəzlərini dediniz, böyüklərdə necə?

- Hər şəxs öz pozisiyasında səhv edə bilər. Bu xüsusi ilə özünü Nabran turizm obyektlərində özünü göstərir. Bunun da səbəbi var. Çünki bu otellər sezonladır, mövsümü işləyir. Personal buraxılır. Mövsüm gələndə yenidən yığılır. Amma belə olmalı deyil. Burda da işlər davamlı olmalıdır. Qışda turist gəlmirsə, bunun da müxtəlif yolu var. İşlətmək üçün müxtəlif tədbirlər, gecələr, müəllim və həkimlər üçün tədbirlər etmək olar. Burda Antalya təcrübəsindən yararlanmaq olar. Onlar ilboyu işləyir. İşçilərini buraxmır. Amma biz mövsüm gələndə kadr tapmaqda çətinlik çəkirik. 

- Kadr dediniz, bu sahədə işləyən şəxslərin peşəkərlığının artırılması nə qədər vacibdir?

- Bəli, kadr hazırlığı vacibdir. Xüsusi ilə regionda yaşayan şəxslərə xidmət sahəsində işləyə bilmək üçün təlimlər keçmək lazımdır. Sahibkarlar isə bir az işçilərinin hazırlığına, təlimatına maliyyə ayırmalıdır. İşçilər turistlərlə necə danışmağı, davranmağı bilməlidir. Adi bir sözlə, bir gülüşlə neçə turisti həmin yer cəlb eləmək olar. Necə ki, evdə uşaq evin güzgüsüdür, oteldə də qeydiyyatçı, turizmdə isə bələdçi oranın görünən tərəfidir. Onlar gələn qonağı elə qarşılamalıdırlar ki, sanki o sizin evinizə gəlib. Otellər bütün bunlara maliyyə ayırmalıdır. Hər bir işçisini təlimə cəlbetməlidir. Yekunda isə hamısını bir təlimə, qonaqpərvərlik təliminə cəlb etməlidir. 

- Dediklərinizdən belə nəticəyə gəlmək olar ki, turizm Azrbaycanda gənc sektordur, amma bununla da yanaşı sahibkarlar inkişaf üçün pul xərcləmək istəmirlər...

- Səmimi desəm, sahibkarların bəzilərinin turizmdən anlaşıyı da yoxdur. Pulum var, otel açmışamla məsələ həll olunmur. Məsələn, sezon vaxtı otelə zəng edirsən, deyirlər öz qonaqlarımız bəs edir. Qeyri-sezon vaxtı isə bir-bir turizm şirkətlərinə zəng edib qonaq göndərin də deyəcəklər. Amma onlar anlamalıdır ki, hər sezonda otaqlar elə bölünməlidir ki, heç kimi incitməyəsən. Anlamalıdır ki, bu obyektin sahibi müştəridir. Müştəri gəlməsə, sənin sahibkarın belə bir-iki ay maaş verəcək. Sonra deyəcək ki, pul qazanmıramsa, niyə cibimdən pul xərcləyirəm. Həmin yeri bağlayacaq. Ona görə də bütün bu məsələlər diqqətə alınmalıdır. 

Günay İlqarqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->