Xəbər lenti

“Qəbələ”nin baş məşqçisi GL-dəki rəqibi haqda: “Qaçqın futbolçuları yığıblar...”
İdman 12:03 04.10.2023

“Qəbələ”nin baş məşqçisi GL-dəki rəqibi haqda: “Qaçqın futbolçuları yığıblar...”

Bu gün "Qəbələ” UEFA Gənclər Liqasında mübarizəyə start verəcək. Təmsilçimiz ilk mərhələdə Macarıstan klubu "Puşkaş Akademiyası” ilə qarşılaşacaq. Bu rəqiblə ilk oyun Qəbələdə keçiriləcək. 

Təmsilçimizi baş məşqçi kimi meydana çıxaracaq Famil Xəlilov Qaynarinfo-ya açıqlamasında ilk matça hazırlıqlardan danışıb.

"Ab-hava yaxşıdır. Hazırlığa gəlincə, üstünlük verəcəyimiz oyun tərzini çempionat oyunlarında tətbiq etməyə çalışdıq. Çünki bilirsiniz ki, heyətdəki uşaqların hamısı, demək olar, əvəzedicilərdə oynayır. Əvəzedicilərin yarışında daha gənc komanda oynadırıq. Bu oyunu da nəzərə alsaq, 10 gün ərzində üçüncü matça çıxmış sayılacağıq. Bu səbəbdən əsasən futbolçuların bərpasına diqqət etməyə çalışmışıq, onları çox yükləməmişik. Məşq qrafiklərimizi elə tutduq ki, bərpaya daha çox diqqət ayıra bilək. Bundan öncəki iki oyunumuzu da rəqibə qarşı tətbiq edəcəyimiz taktika üzərində qurmuşuq. Hazırlığı belə yekunlaşdırmışıq”.

Xəlilov rəqibi analiz etdiklərini, güclü, zəif cəhətlərini öyrəndiklərini də söylədi:

"Potensial rəqibləri nəzərə alsaq, ad olaraq "Puşkaş Akademiyası”nı daha uyğun komanda sayıram. Sadəcə, başqa gözdən qaçan məqam var. Rəqibin heyətində xeyli sayda ukraynalı futbolçu yer alır. Legionerləri çoxdur, analiz etmişik, kifayət qədər istedadlıdırlar. Hər biri təhlükəli, fərdi ustalıq səviyyəsi yüksək oyunçulardır. Bu səbəbdən şansları bərabər qiymətləndirirəm. İstədiyimiz oyun tərzini həyata keçirə bilsək, bu rəqibi dayandırmaq mümkündür. Əlbəttə, matçın Qəbələdə keçirilməsi bizim üçün çox yaxşıdır. Tətbiq edəcəyimiz taktikanın uğurlu olub-olmayacağı oyunda görünəcək. Tapşırıqları yaxşı icra etsələr, nəticə qazanmaq olar. Macarıstanlılar Rusiya-Ukrayna müharibəsinə görə qaçqın düşmüş futbolçuları heyətlərinə cəlb ediblər. Yəni klubun öz yetirmələri deyil. "Puşkaş Akademiyası”nın yetirməsi sayılmaq üçün futbolçu ən azı üç il orada oynamalıdır. Bizim də futbolçularımız kifayət qədər istedadlıdır. Artıq onların əksəriyyəti 8-10 ilini "Qəbələ”də keçirib. Uşaq vaxtından burada oynayırlar. Bunu nəzərə alsaq, nəticə qazanmaq mümkündür. Fiziki cəhətdən, boy olaraq bizdən üstündürlər. Çalışıb yerdən oynamalıyıq ki, nəticə əldə edə bilək. Amma hava mübarizəsində rəqibin üstün tərəfləri daha çoxdur”.

Mütəxəssis növbəti mərhələdəki rəqiblər haqda məlumatlı olub-olmadıqları ilə bağlı sualı belə cavablandırdı:

"Növbəti rəqiblər Yunanıstan "Olimpiakos”u və İtaliya "Leççe”sidir. Bu cütün qalibi ilə qarşılaşacağıq. Hələ ki, onlara bir o qədər fokuslanmamışıq. Əsas hədəfimiz ən azı bir mərhələ keçməkdir. Nəticə ürəyimizcə olsa, digər planımız rəqib haqqında araşdırma aparmaqdır”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->