Millimizin məşqçisi Emin İmaməliyev "Qarabağ”ın Belçika təmsilçisi "Gent”lə keçirdiyi oyunla bağlı fikirlərini bildirib.
Keçmiş yarımmüdafiəçi Qaynarinfo-ya açıqlamasında Ağdam klubunun Belçikada baş tutacaq qarşılaşmada şanslarından, həmçinin yeni transferlərin özünü hansı şəkildə göstərəcəyindən danışıb:
"Qarabağ” dünən həm hücum, həm müdafiə planında çox yaxşı oynadı. Müdafiədə kompakt oynayırdılar, rəqibə imkan vermədilər. Düzdür, başlanğıcda bir-iki epizodda boşluqar buraxırdılar. Amma ümumilikdə çox yaxşı təsir bağışladılar. Sürətli hücumlar təşkil edirdilər. Hətta 2-3 qol vura bilərdilər, sonda dəqiqlik çatmadı. Bir epizodda da "Gent”in bəxti gətirdi, top qapı dirəyinə dəydi”.
İmaməliyev yeni transferlərin uyğunlaşması üçün bir qədər zamana ehtiyac olduğunu deyib:
"Mənə elə gəlir, onlara zaman lazımdır. Düzdür, Çiça, Diakabi oyuna rəng qatır və daha da sürətləndirilər. Ola bilər fiziki cəhətdən tam hazır deyillər. Ümumilikdə yaxşı transferlərdir, hazır olduqdan sonra daha da güclü "Qarabağ” görəcəyik. Əvəzedilməz futbolçu yoxdur. Məncə, məşqçilərin istədiyi formaya düşəndən sonra heç Kadinin yeri görünməyəcək. "Qarabağ” dünən elə oynadı ki, elə bil Kadi heç bu komandada olmayıb. Yankoviç yüksək səviyyədə oynadı. Zubir həmişə gördüyümüz Zubirdir. Birəbirlərdə, hücumda çox təhlükə yaradan futbolçudur”.
Veteran futbolçu Ağdam klubunun səfər şanslarını da dəyərləndirib:
"Mənə elə gəlir, mərhələni keçən tərəf "Qarabağ” olacaq. İzlədiyimə əsasən deyə bilərəm ki, "Qarabağ” səfərdə daha yaxşı oynayır. "Gent” keçiləsi rəqibdir. Düzdür, öz azarkeşləri önündə oynayacaqlar. Amma "Qarabağ”ın Avropa təcrübəsi var, məşqçilər səfərdə necə oynamaq lazım olduğunu bilir. "Gent” çalışırdı ki, sürətli əks-hücumlar təşkil etsin. O cəhətdən bəlkə "Qarabağ”a çətinlik yarada bilərlər. Çünki ilk oyunda uduzublar. Oyuna təzyiqlə başlaya bilərlər. Buna baxmayaraq, "Qarabağ” çox yaxşı əks-hücumlara çıxan komandadır və bunu dünən də göstərdi. İnanıram ki, hər şeyə hazır olacaqlar”.
Səbuhi Həsənov
Şərhlər