Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində 143 milyonluq mənimsəmə işinə görə bir neçə ay öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Cinayət Məcəlləsinin 179.4 (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib həbs edilən maliyyəçi Novruzlu Vahid Qərib oğlu bu işlə bağlı şahid qismində dindirilib: "Özümü mənimsəmə cinayətində qismən təqsirli bilirəm. Bizim hərbi hissə 2020-ci ilin dekabr ayına kimi "N” saylı korpusa sonra isə birbaşa Müdafiə Nazirliyinə tabe olub. Yoxlama ilə razılaşıram, 848 min mənimsəmə faktını araşdırarkən bəzi məsələləri, misal üçün, verdiyim nağd ödənişləri- səhra və ezamiyyət pulunu nəzərə almayıblar. Nağd ödənişlər barədə Maliyyə Nazirliyinin nümayəndələrinə sənədlər təqdim etsəm də həmin məbləği silməyiblər. Bu məbləğ təxminən 40-50 min manat arasıdır. Bu çıxışlarla bağlı ya pul az ayrılırdı, ya da heç ayrılmırdı. Mən Hərbi Hospitalın maliyyə bölməsinin rəisi olduğum üçün məndə büdcədən kənar vəsaitlərdə olub. Həmin pulları göstərilən istiqamət üzrə xərcləməmişəm, amma yeyinti də etməmişəm. 2020-ci il üzrə mənə çatan vəsait 30 faiz olub. Ümumilikdə mənə çatan məbləğ 610 min 538 manat olub, ondan da 104 min 300 manat ödəniş etmişəm. Qalan pulu ödəməməyimə gəlincə, pul mənim yastığımın altında olmayıb ki, gətirib ödəyim. Həmin məbləğ ki, mənim üstümə yazılıb onun 230 min manatını nazirlikdən gələn Süleyman Abbasova vermişəm. Həbs edilməyimə əsas səbəb də, ölkəni icazəsiz tərk etməyim olub.
Məhkəmə prosesinin növbəti mərhələsində təkrar məhkəməyə çağırılan, hazırda təqaüddə olan Ramin Qaraxanov ifadə verib. O, 1 milyon 452 min manat mənimsəmədən cəmi 51 manat manat ödəniş etdiyini bildirib: "Məhkəmə istintaqı vaxtı heç bir ödəniş etməmişəm. Alacaq var, alan kimi ödəyəcəyimə söz verirəm”.
Məhkəməyə çağırılan digər şahid Şükürov Şirin Bəhram oğlu hazırda hərbi hissələrin birində maliyyə xidmət rəisi işlədiyini qeyd edərək bildirdi ki, onun tərəfindən ümumi mənimsənilən məbləğ 742 min manatdır, ondan da cəmi 33 min manat ödəniş edib. Yerdə qalan ziyanın ödənilməsinə gəlincə: "Dövlətə vurduğum ziyanı ödəmək üçün əmlaklarımı satışa qoymuşam. Satılan kimi ödəyəcəm. Xatırladım ki, maşınım satılanda 33 min manat gətirib dərhal ödədim”.
Sonra prosesə sədrlik edən hakim Fikrət Əliyev təqsirləndirilən Cəlal Kazımovun vəkili Əli Adıgözəlovun elektron məhkəmə sistemi vasitəsilə göndərdiyi iki vəsatəti elan etdi. Belə ki, vəkil 1-ci növbədə yoxlama aparan Maliyyə Nazirliyinin nümayəndələrinin, 2-ci növbədə isə bəzi şahidlərin təkrar dindirilməsini məhkəmədən xahiş edib. Əli Adıgözəlov vəsatətlərini belə izah etdi: "Bəzi şahidlər- Rəfael Xələfov, Fariz Nəbiyev, Anar Məmmədov və Füzuli Ələkbərlinin ifadələri arasında ziddiyətlər var. Onların Cəlal Kazımovla çarpaz dindiriləməsinə zərurət olduğundan vəsatəti verdim. Hərbi hissələrdə bütün çıxarışların çıxarılmasına aylar vaxt lazımdır, amma yoxlama 15 günə aparılıb.
Təqsirləndirilən Cəlal Kazımov da vəkilinin verdiyi vəsatətləri müdafiə edib.
Sonra Rəşad Mirmehdizadə həmkarının vəsatətdə göstərdiyi çarpaz dindirmə məsələsinə toxunub: "Rafael Xələfov növbəti proseslərdə iştirak etdsə daha yaxşı olar. Kimi haqlı, kimin haqsız olması ortaya çıxar. Qaldı 2-ci vəsatətə, yoxlayıcıların dindirilməsi məsələsi vacibdir.
Verilən vəsatətlərə dövlət ittihamçısı öz fikrini bildirib: "Mən belə hesab edirəm ki, maliyyə yoxlayıcılarının dindirilməsi hələlik təxirə salınsın, cinayət işinin materialları tədqiq edilsin sonra zərurət olarsa, o zaman çağırılıb dindirilərlər. Şahidlərin dindirilməsinə gəlincə, effektivlik və prosessual qənaətlilik baxımından şahidlərin dindirilməsinə zərurət görmürəm”.
Sonda məhkəməyə sədrlik edən Fikrət Əliyev hakim heyəti ilə vəsatəti müzakirə edərək qərarı elan etdi: "Maliyyə yoxlayıcılarının hazırki mərhələdə dindirilməsi təmin edilməsin, sənədlərin tədqiqindən sonra bu məsələ təkrar müzakirə oluna bilər. Şahidlərin çarpaz dindirilməsi ilə bağlı vəsatət də təmin edilməsin. Ancaq yekun məhkəmə aktından qabaq tərəflər vəsatət versələr araşdırıb təmin edə bilərik”.
Məhkəmənin növbəti mərhələsində Rəşad Mirmehdizadə Akif Umudovla Allahverdi Rzayevin 10 aydan artıdır məhkəməyə gətirilməməsi məsələsinə toxundu: "Bildiyim qədər Allahverdi Rzayev paralel olan başqa məhkəmə proseslərinə gəlib ifadə verib, bu məhkəməyə isə gəlmir.
Prosesə sədrlik edən hakim isə, Allahverdi Rzayevlə bağlı Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi ilə danışdığını, onun barədə polis nəzarəti altında məcburi gətirmə qərarının çıxarıldığını qeyd etdi. Akif Umudovun isə xidməti zərurətlə əlaqədar iştirak edə bilmədiyini, ancaq onun da növbəti prosesdə iştirakını təmin edəcəyini söz verdi.
Sonra Rəşad Mirmehdizadə əlavə şahid qismində Nizami Məmmədovdan qabaq Maliyyə və Büdcə İdarəsinin rəisi olmuş, hazırda təqaüddə olan Namiq Poladovun dindirilməsi ilə bağlı vəsatət verdi. Fikrini isə belə əsaslandırdı ki, "4 milyon 600 min manatla bağlı hissədə Namiq Poladovun dindirilməsi zəruridir. Belə ki, hüquqlarını müdafiə etdiyim Nizami Məmmədov ilkin istintaqda məbləğlərlə bağlı necə ifadə veribsə, hamısı dəqiqdir. Özünü təqsirli bildiyi hissə ilə bağlı 12 milyon 200 min manat vəsaiti dövlət büdcəsinə ödəniş edib. Onu da qeyd edim ki, Nizami Məmmədov nazirliyin Maliyyə və Büdcə İdarəsinə rəis gələndə Namiq Poladov digər vəzifəyə keçirilib. Namiq Poladov Nizami Məmmədovun yeyinti faktlarından məlumatlı olmasını inkar edib. Xatırladaq ki, Namiq Poladov Maliyyə və Büdcə İdarəsindən çıxarıldıqdan sonra Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəis müavini vəzifəsinə təyin olunub. Onun inspektoru olub. O da daim təftişçilərdən kurasiya pulu yığıb. Hörmətli sədr, vəsatət də Namiq Poladovun anket məlumatlarını qeyd etmədim, çünki cinayət işinin içində bu məlumatlar öz əksini tapıb”.
Məhkəməyə sədrlik edən hakim Fikrət Əliyev vəkil Rəşad Mirmehdizadənin Namiq Poladovla bağlı vəsatətinə növbəti prosesdə münasibət açıqlayacağını bildirdi.
Növbəti məhkəmə prosesi iyun ayının 14-nə təyin olunub.
Xatırladaq ki, bu cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Şərhlər