Xəbər lenti

Pedoqoji təhsil verən kolleclər sıradan çıxır:
Ölkə 13:22 17.02.2024

Pedoqoji təhsil verən kolleclər sıradan çıxır: "Bu sahədə bakalavr təhsili vacib olacaq" (ŞƏRH)

(Yazı "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə hazırlanıb)

Bu gün baxçaların bir çoxunda subbakalavrı və ya qeyri-ixtisası bitirən şəxslər işləyir. Xüsusi ilə abituriyentlər arasında seçim zamanı baxça müəllimliyi ilə bağlı ixtisasın seçilməsinə maraq az olur. Ona görə də belə müəllimlərə tələb olsa da, ancaq çətin tapılır. Baxçada işləmək istəyən şəxlərin əksəriyyəti isə kollec təhsilli olur.

Hələ bir müddət öncə elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, orta məktəb attestatı ilə uşaqların inkişafı ilə məşğul olmaq arzuolunan deyil. Növbəti mərhələdə məktəbəqədər təhsil mütəxəssislərinin minimum bakalavr təhsili sahəsində hazırlanmasına nail olunmalıdır.

Bəs bu dəyişiklik necə ola bilər? Baxçalarda bakalavr təhsilli şəxslərin işləməsi vacibdirmi? Bu istiqamətdə pedoqoji təhsil verən kollecləri nə gözləyir?

Mövzu ilə bağlı Qaynarinfo-nun suallarına cavab verən təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, yaşadığımız dövr hər gün müvafiq olaraq dəyişiklik tələb edir. Anında bu dəyişikliklərin tətbiq olunması daha ixtisaslı kadrların olmasını tələb edir:
 


"Ölkədə bu gün 1800-dən çox özəl və dövlət baxçası fəaliyyət göstərir. Təkcə bu təhsil ilində həmin baxçalarda 114000-dən çox uşaq təhsil alır. 17000-dən çox müəllim isə onların təlim-tərbiyəsi ilə məşğul olur. Lakin təəssüflər olsun ki, onların əksəriyyətinin bu istiqamətdə pedoqoji təhsili yoxdur. Onlar tamamilə başqa sahəni bitirən şəxslərdir ki, baxçalarda dərs deyir. Məsələn, Azərbaycan dili və ədəbiyyatı müəlliminin, riyaziyyat müəlliminin və digər ixtisas müəllimlərinin baxçadakı təlim-tərbiyə ilə nə əlaqəsi var. Baxçalarla bağlı bu kimi problemlərimiz mövcuddur. Ona görə də elm və təhsil naziri bu istiqamətdə işlər görmək istəyir. Cəmiyyət olaraq məsələlərə humanist yanaşsaq da, yeri gələndə tələb edirik ki, övladımıza daha yaxşı müəllim dərs desin. Daha yaxşı müəllim istəyiriksə, o zaman imkan yaratmalıyıq ki, aidiyyatı qurum daha yaxşı müəllimi tapıb, müvafiq istiqamət üzrə təyinatını versin". 

Həmsöhbətimiz qeyd edib ki, baxça təhsili bizim təhsilin ən yaralı yeridir:

"2022-ci ilə qədər yerli icra hakimiyyətlərinin tabeliyində olan baxçalarda baş verməyən neqativ hal qalmadı. Qeyri-ixtisas sahibləri işə, eyni zamanda rəhbər heyətə cəlb olundu. Uşaqların bilik və bacarığı mənfiyə doğru endi. Əlbəttə, bu istiqamətdə əməli addımların atılması zəruridir. Təkcə bizdə deyil, dünyanın əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinə baxsaq, görərik ki, baxça və ibtidai təhsil ümumi təhsil prosesinin ən strateji mərhələsidir. Biz bu təhsil pillələrində şagirdlərə nəyi daha yaxşı aşılasaq, bumeranq kimi, pisi pis, yaxşısı yaxşı olaraq bizə qayıdacaq. Ona görə biz çalışmalıyıq ki, bu istiqamətdə təhsil alan şagirdlərə daha yaxşı bilik və bacarığı tətbiq edək, öyrədək və gələcəkdə ümumi təhsil göstəricilərimizə müsbət töhfə verək. Amma hazırkı durumda təəssüf ki, bunu biz deyə bilməyəcəyik. Çünki hələ də bu istiqamətdə istər müəllimlərin işə qəbulunun, istərsə də şagirdlərinin qəbulunun həyata keçirilməsində çatışmazlıq var. Təbii ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə işlər görməyə çalışır. Onlardan biri də məktəbəqədər təhsil pilləsində müəllimliyə tədricən bakalavr təhsilini bitirənlərin cəlb olunmasıdır".
 


"Təhsil haqqında qanunvericilikdə nəzərdə tutulur ki, məktəbəqədər təhsil pilləsində təlim və tərbiyəni həyata keçirəcək şəxs orta və ali təhsil müəssələrinin müvafiq olaraq məktəbəqədər təhsil ixtisasını bitirməlidir. Yəni, bu şəxslər tərbiyəçi müəllim funksiyasını yerinə yetirə bilərlər. Zamanla artıq orta ixtisas təhsil müəsisəsini bitirən şəxslər yox, yalnız bakalavr pilləsini bitirən şəxslər bu istiqamətdə təhsil verə biləcəklər. Bu da dövrün tələbidir", deyə ekspert əlavə edib.

Bu ixtisas üzrə təhsil verən kolleclərin gələcək fəaliyyəti haqqında da danışan Elçin Əfəndi qeyd edib ki, hazırda bu istiqamətdə pedoqoji təhsil həyata keçirən Azərbaycan Pedoqoji Universitetinin nəzdində Pedoqoji Kollec, Şuşa Pedoqoji Kolleci, Bakı Humanitar Kolleclərdir:

"Mən təxmin edirəm ki, artıq 2025-2026-cı illərdə həmin kolleclərdə bu istiqamətdə kadr hazırlığı dayanacaq. Yalnız ali təhsil müəsisələrində əlavə plan yerləri artırılaraq bu şəxslər bir başa ali təhsilə cəlb ediləcək. Ona görə də biz bu məsələnin müsbət tərəfini görməli və düşünməliyik ki, atılacaq addım təhsilin inkişafına töhvə verəcək. Biz necə ki, Sinqapur və Finlandiya təhslini əsas gətirərək, öz təhsilimizlə müqayisə edirik, o təhsildə yuxarı sinifdə fənn tədris edən müəllimlər hətta magistratura pilləsini bitirməlidir. Biz də elə bir dövrə gəlib çatmalıyıq ki, magistr təhsili bitirmiş müəllimlərə daha çox üstünlük verilsin. Hətta bilirəm ki, bir müddət sonra baxçalarda təlim-tərbiyə ilə məşğul olan müəllimlərin də magistr təhsilli olmasını istəyəcəyik. Lakin bunun üçün bizim qarşımızda 40-50 il var.
 


Pedoqoji istiqamətdə təhsil verən kolleclərin zamanla sonunun gələcəyini deyə bilərik. Çünki subbakalavr təhsili müvafiq istiqamətdə təhsil verməkdə kifayət deyil. Ona görə də yalnız bakalavr istiqamətində təhsil alanlara üstünlük veririk ki, onlar 4 il ərzində müvafiq proqramı mənimsəyir və onun tətbiq edilməsi ilə bağlı daha çox çətinlik çəkmirlər. Pedoqoji istiqamətdə təhsil verən killeclərə baxsaq görərik ki, onlar fiziki tərbiyə müəllimliyi, məktəbəqədər təlim-tərbiyə, inkluzivtəhsil və s. istiqamətdə subbakalavrlar yetişdirir. Düşünürəm ki, bu kolleclərdə pedoqoji istiqamətdə hələlik inkluziv təhsil, fiziki tərbiyə, loqoped istiqaməti saxlanılacaq. Digərləri isə müvafiq olaraq ali təhsil müəsisələrinə veriləcək və bakalavr pilləsinin bitirlməsi mütləq tələb olunacaq".

Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->