Xəbər lenti

Nensi Pelosinin İrəvan səfəri: Vaşinqton Paşinyana dəstək verir? (ŞƏRH)
Siyasət 13:24 16.09.2022

Nensi Pelosinin İrəvan səfəri: Vaşinqton Paşinyana dəstək verir? (ŞƏRH)

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfərə hazırlaşır. Pelosi İrəvanda baş nazir Nikol Paşinyanla görüşəcək. Qeyd edək ki, Pelosinin bu səfəri Ermənistanla Azərbaycan arasında gərginliyin birincinin günahı üzündən yenidən kəskinləşməsi ərəfəsinə təsadüf edir. Sərhəddə baş verən insidentlə bağlı ABŞ dövlət katibinin açıqlamalarından görünür ki, Vaşinqton son olayda günahkar qismində Bakı və Moskvanı görür. Bu fonda Pelosinin İrəvana olacaq səfəri də Ağ Evin Ermənistana dəstəyi kimi yozulur. Xüsusən də onun gəlişinə Paşinyanın hakimiyyətdə qalmasına dəstək kimi baxırlar. Hazırda Ermənistanda Paşinyanı devirmək üçün Rusiyapərəst müxalif qüvvələr aktivləşməyə başlayıb. Bu fonda da Paşinyanın mövqelərinin zəifləyə biləcəyi güman edirlir. Belə vəziyyətdə Pelosinin səfəri isə Paşinyanı devirmək istəyənlərə ünvanlanan mesajdır. 

Qaynarinfo-ya açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirir ki, Pelosinin İrəvana səfəri öncədən planlaşdırılıb:
 
"ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri bu ölkənin bir sıra media vasitələri tərəfindən Azərbaycan-Ermənistan qarşıdurması ilə bağlı səfər kimi təqdim olunsa da, əslində bir sıra mənbələrin dediyinə görə, səfər öncədən planlaşdırılıb. Güman ki, Pelosi Ermənistana səfər etmək və erməni hakimiyyətinə siyasi dəstək ifadə etməklə daha çox ABŞ-dakı erməni diasporunun dəstəyini qazanmağa çalışıb”. 

Bununla belə, Ə. Oruclu düşünür ki, Pelosi Bakı ilə İrəvan arasında yaşanan gərginlikdən səfər çərçivəsində ölkəsinin maraqları naminə yararlanmağa çalışacaq:
 
"Bu o demək deyil ki, Pelosi Azərbaycan-Ermənistan sərhədində baş verən son qarşıdurmadan öz səfərində istifadə etməyəcək. O, həmişə ermənipərəst mövqedən çıxış edib. Konqresdə Demokratlar Partiyasına məxsus olan kifayət qədər ermənipərəst deputat var. Heç kim zəmanət verə bilməz ki, onlar bu silahlı qarşıdurma və hər iki tərəfdən çoxsaylı insan itkiləri faktından sui-istifadə etməyəcəklər. Məlumdur ki, Pelosi Ermənistanda Azərbaycan əleyhinə hansısa bəyanatlar səsləndirəcək. Hətta sonradan Vaşinqtona döndükdə bu barədə xüsusi çıxış edəcəyi də istisna deyil. Hətta səfərdən sonra hansısa bir qanun layihəsi Nümayəndələr Palatasına təqdim də oluna bilər”. 


 
Eyni zamanda, həmsöhbətimiz məsələni dramatikləşdirməməyi də məsləhət görür:
 
"Bunu çox da dramatikləşdirməyə ehtiyac yoxdur. ABŞ adminstrasiyasının siyasətində Azərbaycan tərəfdaş mövqeyində görünürsə, bu cür qətnamə və qanunların heç bir təsiri olmayacaq. 1992-ci ildə qəbul olunan "907-ci düzəliş”in bu günə qədər aktual qalmasına rəğmən Azərbaycan-ABŞ əməkdaşlığına heç zaman, hətta hərbi sahədə belə, maneə olmayıb. Bu fonda Pelosinin səfəri sonrası hər hansı bir qətnamə, qanun layihəsi qəbul olunsa da belə, məsələni dramatikləşdirməyə ehtiyac yoxdur”. 

Ancaq politoloq onu da qeyd edir ki, ABŞ adminstrasiyası Azərbaycana yönəlik siyasətində ölkəmizi başqa rakusda, məsələn Rusiyanın tərəfdaşı qismində görürsə, bu artıq məsələnin məzmumu və mahiyyətini dəyişə bilər:
 
"Bu mənada dövlət katibi Entoni Blinkenin sərhəddə baş verən siyasi qarşıdurma ilə bağlı səsləndirdiyi iki bəyanat narahatedicidir. İlk bəyanatında Blinken atəşkəsi Azərbaycanın  pozduğunu və Ermənistan ərazisini atəşə tutduğunu bildirmişdi. İkinci bəyanatda isə bildirdi ki, Ukraynadan diqqəti yayındırmaq məqsədilə Rusiya Azərbaycanla Ermənistan arasında münaqişəni alovlandırır. Həmin iki bəyanatı birləşdirib deşifrə etdikdə belə görünür ki, Cənubi Qafqazda Bakı ilə İrəvan arasında münaqişəni qızışdıran Rusiyadır”.

Ekspert bildirir ki adminstrasiyanın yanaşmasını bu iki bəyanat əsasında qəbul etsək, o zaman Pelosinin Ermənistana səfəri və ondan sonra atacağı addımlar Azərbaycana neqativ təsir göstərə bilər:
 
"Adminstrasiya öz siyasətində Azərbaycanla tərəfdaşlığı mümkün və zəruri hesab etdiyi təqdirdə isə, Konqresdə qəbul olunan istənilən sənədin həlledici təsiri olmayacaq”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->