ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Pekinin xəbərdarlıqlarına baxmayaraq, Tayvana səfər edib.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, onun təyyarəsi Taybey şəhərinin Sunşan hava limanına eniş edib. Bu, ABŞ Nümayəndələr Palatasının spikerinin 25 il sonra adaya ilk səfəridir.
Səfər ABŞ-Çin əlaqələrinin ən aşağı səviyyədə olduğu bir vaxta və Bayden administrasiyasının xəbərdarlıqlarına rəğmən baş tutub.
Pelosinin Tayvana səfəri onun Asiyaya daha əvvəl elan edilən səfər proqramında əks olunmayıb. Bununla belə səfər həftələr öncədən müzakirə edilib.
Çin Pelosinin Tayvana səfərini özünün ərazi bütövlüyü və suverenliyinə təhdid kimi qiymətləndirib və ordusunun bu səfəri sakit izləməyəcəyini bəyan edib.
ABŞ dövlət katibi Entoni Blinken isə səfərlə bağlı qeyd edib ki, konqres hökumətin müstəqil və bərabər qoludur və müvafiq qərar spikerə məxsusdur.
Bu arada Nensi Pelosi Tayvanda bəyanat verib. Bəyanatda deyilir:
"Konqresin nümayəndə heyətimizin Tayvana səfəri ABŞ-ın dinamik inkişaf edən Tayvan demokratiyasını dəstəkləmək üzrə sarsılmaz öhdəliyinə hörmətlə yanaşır”.
"Bura ziyarətimiz Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla Hind-Sakit Okean hövzəsinə səfərimizin bir hissəsidir - əsas diqqət qarşılıqlı təhlükəsizlik, iqtisadi tərəfdaşlıq və demokratik idarəçilikdir. Tayvan rəhbərliyi ilə müzakirələrimiz tərəfdaşımıza dəstəyimizi bir daha təsdiqləmək və azad və açıq Hind-Sakit Okean regionunu inkişaf etdirmək də daxil olmaqla, ortaq maraqlarımızı təşviq etmək üzərində qurulacaq. Amerikanın Tayvanın 23 milyon əhalisi ilə həmrəyliyi bu gün həmişəkindən daha vacibdir, çünki dünya avtokratiya və demokratiya arasında seçim qarşısındadır.
Bizim səfərimiz Tayvana Konqresin bir neçə nümayəndə heyətlərindən gəlişindən biridir və bu, 1979-cu ildə Tayvan Münasibətləri Aktı, ABŞ-Çin Birgə Kommunikələri və Altı Təminat əsasında rəhbər tutulan Birləşmiş Ştatların uzunmüddətli siyasətinə heç bir şəkildə zidd deyil. Birləşmiş Ştatlar status-kvonu dəyişdirmək üçün birtərəfli səylərə qarşı çıxmaqda davam edir”, - siyasətçi qeyd edib.
19.06
Çin Xarici İşlər Nazirliyi Konqres Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasına səfəri ilə bağlı ABŞ-a xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan brifinqdə danışıb.
Onun sözlərinə görə, Çin Xalq Azadlıq Ordusu ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə biganə qalmayacaq:
"Çin dəfələrlə Nensi Pelosinin Tayvana mümkün səfəri ilə bağlı ABŞ-a ciddi narahatlığını və kəskin etirazını bildirib və onun Tayvana səfər edəcəyi təqdirdə ciddi nəticələrin riskini vurğulayıb. Xalqın iradəsini gözardı etmək olmaz və odla oynayanlar onunla yandırılacaq. Ümid edirəm ki, Amerika tərəfi Çinin güclü və aydın mesajını tam başa düşüb. Onun Tayvana səfəri Çinin daxili işlərinə kobud müdaxilə, ÇXR-in suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulması, vahid Çin prinsipinin şəkildə pozulması, Tayvan boğazı bölgəsində sülh və sabitliyə əhəmiyyətli təhlükə olacaq və Çin-ABŞ münasibətlərinə nəzərəçarpacaq ziyan çox ciddi hadisələrə və ağır nəticələrə gətirib çıxaracaq. Çin tərəfi bir daha ABŞ tərəfini xəbərdar edir ki, ÇXR yüksək hazırlıq vəziyyətindədir, Çin Xalq Azadlıq Ordusu heç bir halda buna biganə qalmayacaq və ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün mütləq güclü və təsirli cavab tədbirləri görəcək”.
18.48
ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın paytaxtı Taybeydə enib.
Qaynarinfo xəbər verir ki, onun təyyarəsini ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar müşahidə edib.
Nensi Pelosini hava limanında Tayvan rəsmiləri qarşılayıb.
18.39
Çin Su-35 qırıcı təyyarələrini Tayvan boğazına yönəldib.
Qaynarinfo xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hazırda Tayvan boğazında mülki təyyarələrin uçuşu qadağan edilib.
18.25
ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın hava məkanına daxil olub.
Qaynarinfo "Flight Radar 24” resursuna istinadə xəbər verir ki, siyasətçinin təyyarəsinin Tayvanın paytaxtı Taybeydə enəcəyi gözlənilir.
Çin Nensi Pelosinin Tayvana səfər edəcəyi təqdirdə buna qarşı sərt cavab verəcəyini açıqlayıb.
Qeyd edək ki, Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.
1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-ın o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb. Beləliklə, nəzəri olaraq Tayvana istənilən səfər rəsmi Pekinin nöqteyi-nəzərindən qanuna ziddir.
Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.
Şərhlər