Xəbər lenti

“Neftçi” rəsmisi: “Hər şeyə cavabdeh Samir Abasov idi...”
İdman 14:54 09.06.2022

“Neftçi” rəsmisi: “Hər şeyə cavabdeh Samir Abasov idi...”

"Neftçi”nin Müşahidə Şurasının son iclasında bir sıra qərarlar qəbul edildi ki, bunlardan ən əsası baş məşqçi Samir Abasovla bağlı oldu. Belə ki, Çingiz Abdullayevin rəhbərlik etdiyi şuranın qərarından sonra Abasovun klubdakı vəzifəsinə son verildi. Təbii ki, qərar birmənalı qarşılanmadı. Bəs ötən il "Neftçi”ni çempion edən baş məşqçinin klubdan göndərilməsinin səbəbi nə oldu. Qarşıdakı planlar necədir? Bütün bu məsələlərlə bağlı Müşahidə Şurasının üzvü Səməd Qurbanovla danışdıq.

Qurbanov Qaynarinfo-ya müsahibəsində əsas iclasın ayın 14-də olacağını, ancaq Samir Abasovun isefasının qəbul edildiyini, onunla müqavilə müddətinin uzadılmadığını, bir də maliyyə hesabatının dinlənildiyini deyib.

- Bu mövsüm "Neftçi”nin çempionluğu qazana bilməsi üçün nə çatmadı?

- Bəzi aparıcı futbolçuların - Buqrinin, Kanenin, Namik Ələskərovun getməsi komandaya təsir etdi. Buna baxmayaraq, uşaqlar özlərində güc tapdılar. Tutduqları yer pis deyildi. Kuboku götürmək istəyirdik, alınmadı. Hazırda bütün diqqətimizi avrokuboklara yönəltmişik. Konfrans Liqasını yüksək səviyyədə keçirmək, "Neftçi”nin adını özünə qaytarmaq istəyirik. "Neftçi” üçün nə lazımdırsa, həyata keçiriləcək.

- Samir Abasov ötən il komandanı çempion etdi, bu mövsüm ikinci oldu. Əslində pis nəticə deyil. Belə olan halda komandadan göndərilməsi Abasova qarşı bir qədər ədalətsizlik deyildi?

- Deməzdim, ədalətsizlik oldu. Öz qərarını verməli idi. Deyə bilmərəm…

- "Neftçi”nin bütün problemləri Abasovla bağlıdır?

- Əlbəttə ki, hər şey baş məşqçidən asılıdır. Oyuna nəzarəti, onun taleyini baş məşqçi həll edir. Uşaqlar onun əlinin altındadır, yəni cavabdeh Abasovdur. Şuranın qərarı belədir, onun istefası qəbul olundu. Samirin əvəzinə kim təyin olunacaqsa, ona hansı komandaya gəldiyi başa salınacaq.

- Abasova güzəşt və yeni müqavilə təklif etmək mümkün deyildi?

- Bu haqda deyə bilmərəm. Çünki tək məndən asılı deyil.

- Abasov ötən il rəhbərliyi qınayırdı ki, istədiyi futbolçular alınmadı…

- Mən belə şeylərə qarışmıram. Transfer məsələlərindən uzağam. Hərə özünə cavabdehdir. Qəbul edib, bəyənibsə…

- Müşahidə Şurasının baş məşqçini göndərilməsi ilə bağlı qərarına təsir edən əsas amillər nə oldu?

- Çempion ola, bir də kuboku götürə bilməməsi.

- Bu mövsüm "Neftçi”nin çempionluğu nə dərəcədə real idi?

- "Qarabağ”ı həmişə tərifləmişəm. Yaxşı oyun göstərirlər. Sadəcə, xal baxımından onları bir balaca irəli buraxdıq. Belədə çatmaq çətin oldu. Allahın köməkliyi ilə bu mövsüm hər şey yaxşı olacaq. Komandada dəyişikliklər, yeni transferlər olacaq. Yaxşı heyət formalaşdırıb "Qarabağ”la "vuruşacağıq”.

- Bildiyimə görə, baş məşqçi postuna iki namizəd var - Yuri Vernidub və Viktor Qonçarenko. Hansı məşqçinin üzərində durmaq istəyirsiniz?

- Bununla bağlı məlumatım yoxdur. Ayın 14-də hər şey həllini tapacaq.

- Bu məşqçiləri nə dərəcədə tanıyırsınız?

- Şəxsi tanışlığım olmasa da, oyunlarına baxmışam. Müqayisə etsək, hər ikisi yaxşı məşqçidir. Hansı gəlsə köməyi dəyəcək. 

- Yeni məşqçi təyinatından sonra komandada dəyişikliklər olacaq. Belədə növbəti mövsüm "Neftçi”nin çempionluğuna nə dərəcədə inanmaq mümkündür?

- Biz də "Neftçi”nin öz adını qaytarmasına çalışırıq. Nəyin bahasına olursa-olsun, bu mövsüm uşaqlar mübarizə aparacaqlar. Rəhbərlik də qarşıya belə məqsəd qoyub. Yəqin ki, ayın 14-ü yeni baş məşqçi də gələcək. Hər şey öz yerini tapacaq.

- Çempionluq üçün daha yaxşı transferlər lazımdır. Bununla bağlı planlar necədir?

- Yeni transferlər olmalıdır. Ən azı 3-4 səviyyəli futbolçu alınmalıdır. 

- Dəyişikliklərdən sonra komandadan Konfrans Liqasında nə gözləyə bilərik?

- Ancaq qələbə. Başqa nə gözləmək olar? Deyə bilmərəm nə qədər irəli getməyimiz mümkün olacaq. Əbəttə, futbolun qanunudur, yeni gələn məşqçilər özü ilə yeniliklər gətirir. Azarkeşlərin, hamımızın arzusudur ki, "Neftçi” Konfrans Liqasında öz adına görə yer tutsun.

- Mövsümün sonlarına yaxın baş məşqçi Samir Abasovla azarkeşlər arasında müəyyən narazılıqlar yaşandı. Buna münasibətiniz necədir?

- Belə hallar normaldır. Azarkeş təmiz oyun və öz komandasının qələbəsini görmək istəyir. Bunu tələb etdikləri üçün narazılıqlarını açıq şəkildə bildirdilər. Samir də cavan məşqçidi, yəqin hisslərini cilovlaya bilmədiyi üçün o sözləri dedi. 

- Onun istefasının qəbul edilməsində bu məsələ nə dərəcədə rol oynadı?

- Xeyr, xeyr, bu, Müşahidə Şurasının qərarlarına təsir etməyib. 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->