Xəbər lenti

“Mingəçevir”in rəhbəri: “Elə zədədir ki, nə əməliyyat etmək, nə gips qoymaq olur”
İdman 18:00 13.03.2023

“Mingəçevir”in rəhbəri: “Elə zədədir ki, nə əməliyyat etmək, nə gips qoymaq olur”

Bir neçə gün öncə oyuna gedərkən "Mingəçevir”in avtobusu qəzaya uğradı. Qəza zamanı ölən olmasa da, bir neçə klub üzvü xəsarət aldı. Onların aralarında "Mingəçevir”in idman direktoru Zaur Qarayev ciddi yara aldığından xəstəxanaya aparıldı. 
 
Hadisə ilə bağlı son durum haqqında klubun idarə heyətinin rəhbəri Ruslan Həmidov Qaynarinfo-ya verdiyi açıqlamda xəstəxanada olan idman direktoru Zaur Qarayevin yanından təzəlikcə qayıtdığını bildirib:
 
"Ayın 7-dən bəri oradaydım. Allaha şükür durumu yaxşıdır. Yaxın günlərdə evinə köçürüləcək. Ancaq çanağında üç yerdən qırıq var, bir də qabırğası əzilib. Evə qayıdandan sonra bir neçə ay yerdə yatmalıdır ki, qırıq hissələr birləşsin. Elə zədədir ki, nə əməliyyat etmək, nə gips qoymaq olur. Yaxşıya doğru gedir, həkimlər yeriyəcəyini bildiriblər”.

Açıqlama verən zaman Birinci Divizion matçında olan Həmidov hadisədən sonra komandanın ümumi durumunu da dəyərləndirib:

"Başqa oyunçular yüngül xəsarətlər almışdı. İndi hamısı əladır. Hazırda oyundayıq. Bərbad vəziyyət olsaydı, oyun keçirə bilməzdik. Düzdür, psixoloji cəhətdən komandaya bir qədər təsir edə bilər. Allaha şükür toparlanmışıq, hamımız qarşıdakı oyunlar haqda düşünürük. Allah qoysa düzələcək”.

Klub rəhbəri hadisə zamanı nəqliyyat vasitəsinin də yararsız hala düşdüyünü və yeni avtobus icarəyə götürəcəklərini bildirib:

"Avtobusun vəziyyətinə gəlincə, sürücü ilə əlaqə saxlamışam. Hazırda istintaq gedir. Avtobus bizim deyil, icarəyə götürmüşdük. Günahın kimdə olduğu araşdırmalardan sonra müəyyənləşəcək. Nəqliyyat vasitəsi tam yararsız vəziyyətə düşüb. Evakuatorla Bakıya çatdırılıb, amma bərbad gündədir. Çox güman ki, başqa avtobus götürəcəyik. Allaha şükür böyük qəzadan salamat qutarmışıq”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->