Birinci Divizion klubu "Mingəçevir”in avtobusu qəzaya uğrayıb. Komandanı bu gün baş tutacaq "Şamaxı” ilə oyuna gətirən nəqliyyat vasitəsisaat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yük avtomobili ilə toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və avtobusun sərnişini Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Məsələnin təfərrüatarı ilə bağlı mingəçevirli sabiq hakim Rövşən Əhmədov Qaynarinfo-ya açıqlama verib. O, hadisə zamanı yaralanan Zaur Qarayevin xəstəxanaya yerləşdirildiyini bildirib:
"AFFA-nın hesabat konfransından qayıdarkən mənə qəza barədə məlumat verdilər. Allaha şükür futbolçulardan demək olar heç kimə xəsarət dəyməyib. Yalnız xırda xəsarətlər var. Ən böyük zədəni Zaur Qarayev alıb. Toqquşma zamanı zərbənin gücündən avtobusun pəncərəsindən çölə uçub və qabırğası qırılıb. Bir də digər avtomobilin sürücüsü ciddi zədə alıb. 5 dəqiqə əvvəl əlaqə saxladım, hazırda Zauru AFFA rəhbərliyinin göstərişi ilə Şamaxıdan Bakıya, "Bona Dea” xəstəxanasına aparırlar. Komanda isə Mingəçevirə qayıdır. Hadisə İsmayıllı ərazisində baş verib. Orada olmadığım üçün hadisənin günahkarının kim olduğunu deyə bilmərəm. Allaha şükür ki, ölüm olmayıb, Zaur maşınların arasında sıxılmayıb”.
Fotodakı: Zaur Qarayev
Səbuhi Həsənov
Şərhlər