Xəbər lenti

“Mingəçevir”in baş məşqçisi: “Hamısının hesabatını verməyə hazıram”
İdman 12:15 22.10.2022

“Mingəçevir”in baş məşqçisi: “Hamısının hesabatını verməyə hazıram”

Cari mövsümdən Birinci Divizionda çıxış edən Mingəçevirin eyniadlı təmsilçisi Azərbaycan Kubokuna da qatılacaq. Mübarizəyə 1/8 final mərhələsindən start verəcək debütant Premyer Liqa təmsilçilərindən "Zirə” ilə qarşılaşacaq. Bəs klub nə dərəcədə kuboka hazırdır? Ümumiyyətlə komandanın həm Premyer Liqada, həm də kubokda məqsədi nə olacaq? Suallarımıza cavab almaq üçün "Mingəçevir”in baş məşqçisi Azər Həşimovla danışdıq. 

Həşimov Qaynarinfo-ya müsahibəsində sualları belə cavablandırdı:

- Azərbaycan Kubokunda "Zirə” ilə qarşılaşacaqsınız. Bu matça necə hazırlıq görməyi planlaşdırırsınız?

- Komandada ümumi götürəndə vəziyyət normaldır. Sadəcə, zədəlilərimiz çoxdur. Bildiyiniz kimi, ilk dəfədir Birinci Divizionda iştirak edirik. Kubokda oynamağı şəxsən özüm istəmişəm. Məqsədimiz odur ki, təcrübəsiz futbolçularımız yüksək liqanın oyunçularına qarşı oynasınlar, daha xarakterli, əzmkar olsunlar. Təcrübəli futbolçulardan necə oynamaq lazım olduğunu öyrənsinlər. Görsünlər ki, peşəkarlıq necə olur. Təcrübə toplasınlar. Oyun sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Reallığa baxsaq, Premyer Liqa ilə Birinci Divizion komandaları arasında fərq çox böyükdür. Düşünürlər ki. böyük hesabla uduza bilərik. Bu məni qətiyyən narahat etmir. Çünki hmı bilir ki, vəziyyət necədir. Yüksək dəstədə oynayan bir futbolçunun qiyməti, bizim klubun büdcəsi qədərdir. Məqsəd ancaq budur ki, futbolçularımız oynasın, təcrübə qazansınlar.

- "Zirə”yə qarşı hansı formada oynayacaqsınız ki, ən azı əzmkarlıq göstərə biləsiniz?

- Kuboka qədər hələ üç çempionat matçımız var. Onlara və "Zirə”nin oyununa baxıb analiz edəcəyik. Hər oyunda səhvlər, boşluqlar olur. Analiz edib buna uyğun hazırlıq görəcəyik.

- "Zirə” ikinci heyətlə də oynaya bilər…

- Söhbət "Zirə”dən gedirsə, ikinci heyətdə oynayan futbolçular da öz oyunlarını göstərmək istəyirlər ki, daha çox şans qazansınlar. Bizim üstünlüyümüz odur ki, limitlə bağlı çətinliklərimiz olmayacaq. Çünki çempionatda limit məsələsi var. Burda isə fərq etməyəcək, bütün futbolçularımızdan rahat şəkildə yararlana biləcəyik. Bu bir şansdır, çıxsınlar oynasınlar. Mən futbol oynayan vaxtlarda Birinci Divizionun səviyyəsi daha yaxşı idi. Hazırda isə əvəzediciləri Birinci Diviziona buraxıblar, bir neçə komanda da əlavə ediblər. Yəni, reallıq budur ki, səviyyəmiz o qədər də yüksək deyil. Yenə də bacardığımız qədər oynayacağıq. 

- Sanki məğlubiyyətlə barışmış kimi "Zirə”nin qarşısına çıxmaq komandaya necə təsir edəcək?

- Futbolda o qədər sensasiyalar görmüşük. Niyə də olmasın? Məğlubiyyətlə barışmamışam. Uşaqlar meydana çıxıb əzmkarlıq göstərəcək. Sonrası necə olacaqsa, bunu zaman göstərəcək. Şəraitimizə görə Premyer Liqa komandalarından çox geri qalırıq. Bu reallıqdır, özümüzü aldatmayaq.

- Bildiyimə görə klubda maliyyə sıxıntıları var. Birinci Divizionda "Mingəçevir”in hədəfləri nədir? Hara qədər irəliləyə biləcəksiniz?

-  Hədəf odur ki, əzmkar, normal komanda yaradaq. Bilmirəm məni həm insan həm də futbolçu kimi nə dərəcədə tanıyırsınız. Hər şeyi kənara qoyaq, reallığı danışım. Region Liqasında uşaqlar pulsuz-parasız, bir qarnı ac, bir qarnı tox oynayırdılar. Düzdür, liqa həvəskar statusu daşıyır. Amma Mingəçevirdə komanda olsun deyə Region Liqasında iştirak edirdik. Biz Region Liqasında oynayanda stadiona 4 mindən çox azarkeş gəlirdi. Hər oyun say artırdı. Bunu da AFFA gördü və sağ olsunlar, Birinci Divizionda oynamağımıza şərait yaratdılar. Region Liqasında əziyyət çəkən futbolçuları komandada saxladıq ki, özlərini göstərsinlər. Amma bu gün reallıq odur ki, Region Liqası ilə Birinci Divizionun səviyyəsi eyni deyil. Birinci Divizionda kənardan gələn futbolçunun qalması, yeməyi, maaşı çox xərc tələb edir. Büdcəmiz o qədər də geniş deyil ki, istədiyimizi edək. Bəzən deyirlər ki, "bu, niyə belə oldu, komanda nə üçün uduzdu?”. Məşqçi kimi hamısının hesabatını verməyə hazıram. Alnım açıq, üzüm ağdır. Bəzi azarkeşlər çox şey tələb edirlər. Bu da futbolda mümkün deyil. Hansı məşqçi uduzmaq istəyər? Futbolda olan şeylərdir. "İmişli”, "Zaqatala”, yaxud biz olaq, maliyyə baxımından əziyyət çəkirik.

- "Mingəçevir” heç olmasa Region Liqası komandası səviyyəsindən çıxa bilibmi?

- Çıxmağına çıxıb. Uşaqlar başa düşürlər ki, bura artıq Region Liqası deyil, Birinci Diviziondur. Mən məşqçiyəm, futbol oynayanda bunları görmüşəm. Normal şəkildə məşqdən sonra uşaq vitaminli qidalar yeməli, özlərinə fikir verməlidirlər.  Amma mən məşqi keçirəm, sonra bilmirəm futbolçular nə yeyib-içir. Həm də Birinci Divizionda futbolçu nə qədər maaş alır ki, yeməyinə-içməyinə fikir versin. Yenə də buna rəğmən çətinliklərin öhdəsindən gəlməyə çalışırıq.

- Komanda mübarizəyə başlayandan sonra futbolçular maaş alıblar?

- Bəli, alıblar. Bəzən 2-3 gün gecikmə olur. Amma maaşları verirlər. 

- Stadionla bağlı son durum necədir?

- Oturacaqlar quraşdırılıb, soyunub-geyinmə otaqları təmir olunub. Bir meydançamız var, sağ olsun stadionun rəhbəri Akif müəllim, bacardığı qədər ot örtüyünə qulluq edir. Havalar soyuduqda ot örtüyü də sıradan çıxır.

- Hər bir məşqçi daha yaxşı komandalarda işləmək istəyər. Futbolçu karyeranızı bitirdikdən sonra bu mənada hansı addımları atmısınız? "Mingəçevir”in durumunun yaxşı olmadığını bilə-bilə bu komandada çalışmağı seçməyinizin səbəbi nədir?
 


- 2015-ci ildə "Qəbələ”də işləyəndə C kateqoriyası üzrə oxumaq üçün dəvət aldım. Qiymətim yaxşı olduğuna görə B kateqoriyası üzrə oxumağa çağırdılar və bu lisenziyanı aldım. Planım odur ki, tez bir zamanda A kateqoriyasını da alım. Bura da hər məşqçini dəvət etmirlər. 2020-ci ildə pandemiyaya görə "Qəbələ”dən ayrı qaldım. "Mingəçevir”ə dəstək olmaqdan ötrü buranı seçdim. İstəyərəm ki, Mingəçevirdə də futbol olsun. Klub rəhbərliyi sağ olsun, baş məşqçi kimi dəvət etdilər. Bilirəm, çətinliklər olacaq. Səhvlərdən nəticə çıxarıb irəli getmək lazımdır. Region Liqasında olarkən kənardan təkliflərim də olub. Amma komandanı yarıyolda qoymağı vicdanıma sığışdırmadım. Hər insana zaman vermək lazımdır. Qurban Qurbanov "Qarabağ”da öz sözünü deyir. Söhbət ədalədən, düzgünlükdən gedirsə, nə məşqçi nə də futbolçu Azər Həşimov kimi heç kəsin yanında başıaşağıyam. Sadəcə, vaxt, zaman lazımdır. Kurslara qoşulacağam və gələcəkdə daha yaxşı komandalarda çalışmağa can atacağam.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->