Xəbər lenti

Millimizin baş məşqçisi:
İdman 15:39 27.06.2023

Millimizin baş məşqçisi: "İstəyirik ki, qızıl medalla qayıdıb idman ictimaiyyətini sevindirək"

Polşada keçirilən III Avropa Oyunlarında yarışmaq üçün Azərbaycan kikboksinq komandası sözügedən ölkəyə gedib.
 
Qaynarinfo-nun məlumatına görə, komandamız orada kikboksinqin "Full contact" növündə təmsil olunacaq. Yarışda Fərid Ağamoğlanov (63,5 kq) və Elşad Şahbazov (86 kq) iştirak edəcək. 

Bu gün səhər idmançılar, millinin baş məşqçisi Elşən Abdulrəhimov, Azərbaycan Kikboksinq Federasiyasının baş katibi İlkin Məsimzadə, Fərid Ağamoğlanovun şəxsi müəllimi Eduard Məmmədov və Elşad Şahbazovun şəxsi müəllimi Fuad Zeynalov Polşaya yola düşüb.
 
Yola düşməzdən əvvəl Elşən Abdulrəhimov yarışa hazırlıqla bağlı açıqlama verib: "Fərid Avropa Oyunlarınadək mayda Türkiyədə keçirilmiş Dünya Kubokunda qalib gəlib. Elşad isə bir neçə peşəkar döyüşdə iştirak edib. Bildiyiniz kimi, kikboksinq ilk dəfə Avropa Oyunlarının proqramına salınıb. Ona görə də istəyirik ki, Polşadan qızıl medalla qayıdıb idman ictimaiyyətini sevindirək. Son günlərdə idmançılarla taktiki-texniki hazırlıq üzərində çalışmışıq. Bu yarışın önəmli olduğunu federasiya rəhbərliyi də bizə bildirib. Federasiya prezidenti Orxan Əliyevin tapşırığı ilə idmançılar daim həkim nəzarətində olub, vitaminlərlə təmin ediliblər".

Püşkatma mərasimi 29 iyunda baş tutacaq. Hər çəkidə 8 idmançı olduğundan, yarışlar 1/4 finaldan başlayacaq. 30 iyunda saat 12:00-da Fərid Ağamoğlanov və 17:00-da Elşad Şahbazov rinqə çıxacaq. Oyunlar "Mışlenitse Arena"da keçiriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->