"Bəzi MDB ölkələri Rusiyanın mövqeyi ilə hesablaşırlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Rusiya xarici işlər nazirinin müavini Qaluzinin MDB ölkələrinin iyunun 15-də İsveçrədə olacaq sammiti boykot etdikləri barədə fikirlərini şərh edərkən deyib.
M.Əliyevin fikrincə, əgər Rusiya XİN rəsmisi bildirirsə ki, MDB dövlətlərindən heç biri iyunun ortalarında Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək tədbirə qatılmayacaq, deməli MDB-nin bütün ölkələri həmin sammiti boykot edəcəklər:
”Rusiya istəsəydi, onlar da həmin tədbirə qatılardı. Bəzi MDB ölkələri Rusiyanın mövqeyindən asılı olaraq hərəkət edir, onunla hesablaşır. Bu da onu göstərir ki, bəzi MDB ölkələri bir çox məsələdə, o cümlədən Ukrayna məsələsində Moskvanın istəyinə uyğun hərəkət etməyə məhkumdurlar. Ola bilsin ki, MDB ölkələri üçün Rusiya ilə normal münasibətlərin saxlanılması prioritet və vacibdir. Güman ki, MDB ölkələrindən ancaq Ermənistan İsveçrədəki sammitə qatılsın. Ancaq baş nazir Paşinyan da ora getməyəcək. Hətta Gürcüstan da həmin tədbiri boykot edəcək. Olsa-olsa prezident Zurabişvili orada olacaq”.
Həmsöhbətimiz qeyd edib ki, MDB ölkələrinin İsveçrədəki sammitdə iştirak edib-etməməsinin Ukraynadakı proseslərə heç bir təsiri olmayacaq:
"MDB ölkələrinin Ukraynadakı proseslərə heç bir təsiri yoxdur. Onlar Ukraynaya silah sursat vermir və konfliktin iştirakçıları deyillər. Bu mənada da MDB dövlətləri passivdir, neytral mövqe tutublar”.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin MDB ölkələrindən heç birinin Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək sammitə qatılmayacağını bəyan edb. O bildirib ki, Volodimir Zelenski və onun qərbli dostları MDB-yə üzv ölkələrin liderlərinə şəxsən zəng edərək, onları İsveçrədə Ukrayna böhranı ilə bağlı konfransda iştirak etməyə dəvət ediblər, lakin hamısı toplantıya gəlməkdən imtina edib:
"Biz bilirik ki, onların heç birini konfransda iştiraka inandırmağa nail olunmayıb ”.
Lakin Qaluzin kimlərin imtina etdiyi haqda konkret ad çəkməyib.
Rüfət Sultan
Şərhlər