Xəbər lenti

“Kəpəz”in yeni baş məşqçisi: “Yaxşı işlər görmək üçün büdcə azdır”
İdman 13:26 13.06.2023

“Kəpəz”in yeni baş məşqçisi: “Yaxşı işlər görmək üçün büdcə azdır”

Ötən gün "Kəpəz” yeni baş məşqçisinin adını açıqladı. Tərlan Əhmədovun istefasından sonra komanda Azər Məmmədova tapşırıldı. Vaxtilə futbolçu kimi çıxış etdiyi, həmçinin Birinci Divizionda da çalışdırdığı "Kəpəz”ə qayıdan gəncəli mütəxəssis, Premyer Liqada baş məşqçi kimi ilk addımlarını da məhz bu komandada atacaq. 

Məmmədov həm təyinatı, həm də buna qədər çalışdığı "Səbail”lə bağlı fikirlərini Qaynarinfo-ya bölüşüb:

- "Səbail”dən sırf "Kəpəz”dən gələn təklifə görə ayrıldınız, yoxsa başqa səbəblər də oldu?

- Sırf "Kəpəz”dən təklif gəlmişdi deyə "Səbail”dən ayrıldım.

- "Səbail” işlədiyiniz müddətdə komandanın çıxışını necə dəyərləndirirsiniz?

- "Səbail”ə yanvarda getmişdik. Komanda Türkiyədə bizim üçün xoş təsir bağışladı. Düşünürdük ki, Azərbaycanda daha rahat olacaq. Həmin ərəfədə Premyer Liqada qalmağı düşünürdük. Heç olmasa yeddi-səkkizinci pilləni nəzərdə tuturduq. Azərbaycana qayıdandan sonra gördük ki, hər şey biz fikirləşdiyimiz kimi deyil. Təlim-məşq toplanışının keyfiyyəti fasilənin bitməsindən beş-altı tur sonra özünü göstərməyə başladı. Özünüz də gördünüz, Premyer Liqada qalmaq üçün oynayırdıq və matçlar necə maraqlı keçdi. Düzdür, bizim üçün həyəcanlı idi. Amma Şahin müəllim başda olmaqla, yaxşı işlər gördüyümüzü düşünürəm. Komandanı Premyer Liqada saxladıq. İnanıram ki, Şahin müəllim yeni mövsüm üçün daha yaxşı komanda yaradacaq.

- Tərlan Əhmədovun gedişi müzakirələr doğurdu. Ondan halallıq aldınız?

- Bu sualı bir neçə jurnalist də mənə verib. Məşqçi həyatıdır. Düzdür, Premyer Liqada baş məşqçi olaraq ilk addımı atıram. Tərlan müəllimin təcrübəsi böyükdür. Bir neçə klubda baş məşqçi olub. Hər məşqçinin müqaviləsinin bitmə vaxtı var. Ancaq mən kimisə işindən yarımçıq ayırıb onun yerinə gəlməmişəm. Tərlan müəllimə hörmətim var, Gəncədə yaxşı işlər gördü. Əsas da odu ki, doğma şəhərimin komandasını söz verdiyi kimi, Premyer Liqada saxlaya bildi. Bunlar danılmazdır. Ancaq müqavilə bitəndən sonra ortaq məxrəcə gəlib-gəlməmək söhbəti var. Düşünürəm ki, xeyir-dua almağa lüzum yoxdur. Ümumiyyətlə, onunla danışmamışam. Münasibətimiz istidir, hörmətini saxlayıram. 

- "Gəncədə ancaq gəncəli məşqçi işləməlidir” söhbəti ortaya atılmışdı. Ümumiyyətlə, buna münasibətiniz necədir?

- İnanın Allaha, "Zirə”də baş məşqçi işləyəndə də bu söhbətləri eşidirdim. O vaxtdan bu məsələyə münasibətim qəti şəkildə pisdir. Bu nə danışıqdır, "Gəncədə ancaq gəncəli işləməlidir?” O zaman mən, yaxud Mahmud Qurbanov niyə Bakıda işləyirdik? Qətiyyən belə söhbətin əlehinəyəm. Məşqçi istəyir yerli, istəyir legioner gəlsin, "Kəpəz”ə xeyir verəcəksə, azarkeşləri sevindirəcəksə, hər şey yaxşı olacaqsa, niyə işləməsin?   

- Əhmədov komandanı, demək olar, sonuncu yerdən götürüb 8-ci pilləyə daşıdı və elitada saxladı. Maliyyə durumunu nəzərə alsaq, siz komandanı hara qədər yüksəldə bilərsiniz? Növbəti mövsüm üçün hədəflər nədir?

- Maliyyə dayaqları keçənilki kimidir. Təəssüflər olsun, sponsorumuz yoxdur. Bir az yardım olsaydı, komandada dəyişikliklər edərdik. Həm yer, həm də transferlər olaraq daha artığını fikirləşərdik. Tərlan, Yaşar müəllim hansı şəkildə işləyibsə, biz də eyni büdcə ilə davam edəcəyik. Sağlıq olsun, sponsor olsa, daha yaxşıdır. Çalışacağıq yaxşı, mübariz və mehriban kollektiv yaradaq. Büdcəmiz az olsa da, Gəncənin futbolu bilən azarkeşləri var. "Kəpəz”ə dəstək göstərəcəklər. Gəncədə oynamağımız bizim üçün təkan olacaq. Yüksək pillələrdə qərarlaşmaq üçün oynayacağıq.

- Yəqin ki, büdcə artmayacaq. Bu vəziyyətdə nə qədər yaxşı işlər görmək mümkündür?

- Əlbəttə, yaxşı işlər görmək üçün büdcə azdır. Bunun müqabilində ən yaxşısını etməyə çalışacağıq.

- Komandada, heytdə hansı dəyişikliklərə ehtiyac var?

- Məşqçilər korpusunu dəyişdirmişəm. Köməkçilərim yenidir. Elə futbolçularımız var ki, böyük pullar istəyir. Bu da təbii haldır, onlar daha yaxşı şərtlərlə oynamaq istəyərlər. Maliyyə gücümüzün çatdığı futbolçuları saxlamağa çalışırıq. Kimin qəlbi "Kəpəz”də deyil və qalmaq istəmirsə, heç onu saxlamaq haqda da düşünmürük. Komandanın, demək olar, yarıdan çoxu gedib. Yenidən heyət formalaşdırmağa, büdcəmizə uyğun, normal futbolçular gətirməyə çalışacağıq. Menecerlər müxtəlif oyunçular təklif edir, baxırıq və seçimimizdə yanılmamağa çalışırıq. Hətta bir futbolçunu seçməkdə yanılsaq, bunun büdcəmizə böyük təsiri olacaq. Ona görə də öz fəlsəfəmə uyğun futbolçuları dəvət etməyə çalışacağam.

- Təlim-məşq toplanışı ilə bağlı planlar necədir?

- Toplanışa başlamaq üçün, hələlik oturuşmuş komandamız yoxdur. Bir qədər tez, bu ayın 25-dən başlamaq istəyirik. Hazırlığın son mərhələsini, büdcəmiz imkan versə, xarici ölkədə keçirəcəyik. Buna qədər də heyətin 80-90 faizini komplektləşdirməyə çalışacağıq. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->