"Kimin nə düşünməsindən asılı olmayaraq, son qərarı Ali Dini Lider verəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu baş verən hadisədən sonra 50 gün ərzində İranda keçirilməsi gözlənilən prezident seçkisindən gözləntiləri şərh edərkən deyib.
Təhlilçi bildirib ki, İranın daxilində bir sıra problemlər var:
"Yaranmış vəziyyətdə qanuna görə, İranda 50 gün ərzində yeni prezident seçkiləri keçirilməlidir. Namizədlər də təbii ki, bəllidir. Məsələyə iki aspektdən yanaşmaq olar. İran daxilində bir sıra siyasi qüvvələr arasında ciddi anlaşılmazlıqlar var. İran nə qədər sabit görünsə də, ölkədə mühafizəkarlar daxilindəki bəlli klanlar arasında ciddi problemlər mövcuddur. Digər tərəfdən, islahatçılar kimi görünənlər daxilində də ciddi problemlər yaşanır. Rəisi özü belə Xameneini Ali Dini Lider postunda əvəz edə bilərdi. Digər tərəfdən, Ayətullah Əli Xameneinin oğlu da bu posta mümkün namizəddir".
İranda gözlənilən prezident seçkilərinə gəlincə, həmsöhbətimizə görə, burada müxtəlif varinatlar mümkündür:
"Lakin bu məsələdə son söz Xameneinindir. İstər islahatçı, istər mühafizəkar, istərsə də SEPAH cəbhəsində kimin nə düşünməsindən asılı olmayaraq, son qərar təbii ki, dini liderin olacaq. Hətta namizədlərin təyin olunması məsələsində onun sözü həlledicidir. İran heç də düşünüldüyü kimi, bəsit, bir neçə saata təhlil verilməsi mümkün olan ölkə deyil. Ölkədə çox ciddi anlamda heç nə baş verməyəcək. Amma onu da qeyd etmək lazımdır ki, İran müxalifəti bunu rejimdən qurtulmağın son fürsəti kimi fəyərləndirir".
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Abdullahianın olduqları helikopterin qəzaya uğraması və onların ölümü fonunda bu ölkədə qarşıdakı 50 gün ərzində yeni prezident seçkisi keçirilməlidir. Bu fonda müxtlif versiyalara görə, ölkənin yeni prezidenti keçmiş prezident Mahmud Əhmədinecat, hazırkı vitse-prezident Məhəmməd Möhbər və parlament sədri Məhəmməd Bəkir Qalibafdan biri ola bilər.
Rüfət Sultan
Şərhlər