Xəbər lenti

“İdman TV”yə lazım olmayan “Qarabağ”
Səbuhi Həsənov
İdman 10:37 25.08.2023

“İdman TV”yə lazım olmayan “Qarabağ”

Müasir dünyanı texnologiyasız təsəvvür etmək çətindir. İndi hər kəsin cibində bir smartfon var, istənilən zaman internet dünyasına daxil olub özləri üçün lazımi videolara, telekanallara baxmaq şansına malikdirlər. Əlbəttə, bu başqa sahələrdə olduğu kimi, idmanda da belədir. İndi azarkeşlər sevimli komandalarının oyunlarını internet vasitəsilə izləmək imkanlarına da malikdir.
 
Ancaq bəzi oyunlar var ki, onları daha böyük, geniş ekran vasitəsilə, heç bir kəsintisiz, internet problemi olmadan izləmək zövq verir. Əlbəttə, bu zövqü də məhz telekanallar tamaşaçılara yaşatmaq iqtidarındadır. Lakin təəssüf ki, Azərbaycanda bərbad vəziyyətdə olan idman telekanalları, xüsusən də adını "İdman TV” qoyan kanal ötən gün azarkeşləri belə bir şansdan məhrum etdi. Nəticədə haqlı tənqidlərə məruz qaldı. Əslində, buna "məhrum etdi” demək, çox yumşaq səslənir. Telekanal futbolsevərlərlə məzələndi, onları barmağına, "texniki səbəblər”inə doladı desək, daha dolğun olar.

Ölkənin avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ” ötən gün Sloveniyada meydana çıxdı. Avroliqanın pley-off mərhələsində səfərdə "Olimpiya”nın qonağı olan ağdamlıları izləmək üçün şübhəsiz, minlərlə azarkeş ekran qarşısına yığışıb saat 22.00-da startı veriləcək qarşılaşmanı böyük səbirsizliklə gözləyirdi. Axı oyundan əvvəl "İdman TV” "Qarabağ”ın Sloveniya klubu ilə matçını yayımlayacağını açıqlamışdı (Aşağıdakı anonsun fotosudur, hansı ki, yayım alınmadıqdan sonra telekanalın səhifəsindən silindi - M.). An yetişəndə isə ekran qarşısına yığışan futbol həvəskarları nə görsə yaxşıdı? "Ralli” yarışı, yəni, "İdman TV” rəhbərliyinin özündən başqa heç kimə lazım olmayan "avtoş”ların şousu. Bir çoxları bunu oyunun gec başlamasının mümkünlüyü ilə əlaqələndirsə də, "Qarabağ”ın bəyanatından sonra məhz "İdman TV”nin məsuliyyətsizliyə yol verdiyi müəyyənləşdi. Telekanal isə problemin "texniki səbəblər”dən qaynaqlandığını vurğulayaraq özünü müdafiə etməyə çalışdı. Əlbəttə, kim inanacaq belə yalanlara? Texnologiyanın bu qədər inkişaf etdiyi bir dönəmdə, nə "texniki səbəb”? Yəni istəsələr, qısa zaman kəsiyində problemi yoluna qoyub, azarkeşlərə "Qarabağ”ın 2:0 hesablı gözəl səfər qələbəsini və çıxışını göstərə bilərdilər. Təəssüf ki, problem həllini tapmadı, bu biabırçılığı isə "texniki səbəb” kimi qələmə verdilər. Hərçənd şəxsən başqa bir düşüncəm var. Bəlkə də telekanal yayımın alınmayacağını əvvəlcədən bilirdi. Bu səbəbdən anons verib, belə demək mümkünsə, izi azdırmağa çalışdı. Ki, guya matçı yayımlamaq istəyiblər, ancaq sonradan "texniki səbəb" yarandığı üçün alınmayıb. Bu da bir düşüncədir...

Həra halda nəticə eynidir - Azərbaycanda minlərlə azarkeş "Qarabağ"ın matçına "İdman TV" vasitəsilə baxa bilmədi. Maraqlıdır, ölkənin Avrokuboklardakı yeganə təmsilçisinin oyununu da göstərməyəcəksə, o zaman bu telekanal nəyə, kimə lazımdır? Dövlətin büdcəsindən hər il ayrılan milyonları mənasız, lazımsız verilişlərə xərcləyib, dağıtmağa? Matçdan əvvəl mətbuatda yazılan xəbərlərdə telekanalın oyunun yayımlanması üçün Sloveniya tərəfinin tələb etdiyi məbləği ödəmək istəmədiyi bildirilirdi. Yəni, öz aramızdı, başqa variant da ağıla gəlmir axı. "Qarabağ” "İdman TV” üçün əhəmiyyətsiz, lazımsız ad ola və telekanal onun təbliğini vacib saymaya bilər. Ancaq minlərlə futbol azarkeşinin tələbini nəzərə almaq, nəyin bahasına olursa-olsun, oyunu yayımlamaq lazım idi. Daha insanlar gedib "Google”da internet üzərindən canlı yayım linki axtarmalı deyildi. Burada bir sual da ortaya çıxır - sərhədlərinizi aşırdısa, niyə o boyda məsuliyyətin altına girməklə camaatı ümidləndirib, daha sonra özünüzü biabır etdiniz? Alınmırdısa, başqa, daha yaxşı və təcrübəli telekanallara imkan yaradardınız. Əslində, çətin bir iş də deyildi. Məsələn, yayım, hətta Peşəkar Futbol Liqasına həvalə olunsaydı belə, bu işi "İdman TV”dən daha yaxşı bacarardılar…

Hə, yəqin ki, telekanal "Qarabağ”ın Bakıda keçirəcəyi oyunu yayımlamaqla "günahını yumağa” çalışacaq. Çifayda, böyük əksəriyyət stadionda olacaq zatən.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->